Xəbər lenti

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə
Sağlamlıq13:11 16.11.2026

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir.

Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoji Universitetinin psixoloqları və onların həmkarları gəliblər. Tədqiqatın nəticələri “Behavioral Sciences” elmi jurnalında dərc olunub.

Araşdırmada orta yaşı 20 olan 37 könüllü iştirak edib. Onların 29-u qadın, 8-i kişi olub. İştirakçılar üç qrupa bölünüb. Birinci qrup laboratoriya şəraitində 90 dəqiqə yatıb, ikinci qrup eyni müddətdə sakit istirahət edib, üçüncü qrup isə oyaq qalaraq gündəlik fəaliyyətini davam etdirib.

Təcrübədən əvvəl iştirakçılardan söz cütlərini yadda saxlamaq və qeyri-dominant əllə beşrəqəmli ardıcıllığı sürətlə yazmaq tələb olunub. Bununla alimlər həm fakt və hadisələri yadda saxlamaq qabiliyyətini, həm də öyrənilmiş hərəkət bacarıqlarını qiymətləndiriblər.

Daha sonra könüllülərə əvvəl öyrəndiklərinə bənzər yeni məlumatlar təqdim edilib. Məqsəd yeni biliklərin əvvəlki məlumatların yaddaşda saxlanmasına necə təsir etdiyini müəyyənləşdirmək olub.

Nəticələrin müqayisəsi göstərib ki, günorta yuxusu yaddaşın qorunmasında sakit istirahətdən və oyaq qalmaqdan statistik baxımdan üstün olmayıb. Başqa sözlə, iştirakçıların öyrəndiklərini xatırlamaq qabiliyyətində qruplar arasında əhəmiyyətli fərq aşkarlanmayıb.

Bununla belə, beyin fəaliyyətinin təhlili zamanı müəyyən xüsusiyyətlər üzə çıxıb. Belə ki, yuxu zamanı müşahidə edilən bəzi beyin aktivliyi göstəriciləri ertəsi gün sözlərin daha dəqiq xatırlanması ilə əlaqələndirilib.

Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr yaddaşın möhkəmlənməsi üçün mütləq yatmağın vacib olmadığı fikrini dəstəkləyir. Əgər günorta yatmaq mümkün deyilsə, sakit istirahət də yaddaşın qorunması baxımından alternativ ola bilər.

Bununla belə, araşdırmanın cəmi 37 nəfəri əhatə etdiyini nəzərə alsaq, nəticələri bütün yaş qruplarına və insanlara şamil etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Aydın