Xəbər lenti

Əvvəlcə qorxutdu, daha sonra 12 min manatını aldı - Sumqayıtda dələduzluq
Ölkə16:46 16.11.2026

Əvvəlcə qorxutdu, daha sonra 12 min manatını aldı - Sumqayıtda dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edən şəxs hərbi qulluqçunun etibarından sui-istifadə edərək onun xidmət yerini dəyişdirməyə kömək edəcəyini vəd edib. Bu yolla zərərçəkmişdən ümumilikdə 12 min 365 manat aldığı bildirilir.

Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən V.İ. hərbçilərdən biri ilə əlaqə saxlayaraq özünü xüsusi xidmət orqanlarının əməkdaşı kimi təqdim edib və onu xidmət etdiyi hərbi hissədə baş verən hadisələrə görə məsuliyyətə cəlb olunacağı ilə qorxudub. Daha sonra isə hərbçiyə kömək təklif edib. Hətta onun xidməti fəaliyyətini araşdırdığını, ciddi nöqsan aşkar etmədiyini, lakin tabeliyindəki hərbi qulluqçuların qanunsuz əməllərə yol verdiyini bildirib.

Bununla hərbçinin etibarını qazanan şəxs onun xidmət yerinin dəyişdirilməsini təşkil edə biləcəyini vəd edib. Zərərçəkmiş isə aviasiya üzrə texniki heyət vəzifələrindən birinə təyin olunmaq istədiyini bildirib.

V.İ. bu işin müəyyən məbləğ müqabilində həll ediləcəyini, ən geci iki ay ərzində müvafiq əmrin veriləcəyini söyləyib. İlk olaraq 2 300 manat tələb edən şəxs pulun həyat yoldaşının adına olan bank kartına köçürülməsini istəyib.

Bundan sonra hərbçidən müxtəlif tarixlərdə əlavə vəsaitlər də alınıb. Pulun bir hissəsi ödəniş terminalları, digər hissəsi isə “Birbank” tətbiqi vasitəsilə köçürülüb. Köçürmələr 2024-cü ilin noyabrından 2025-ci ilin fevralınadək davam edib.

Nəticədə zərərçəkmiş ümumilikdə 12 min 365 manat pul göndərib. Təqsirləndirilən şəxs isə aldığı vəsaiti şəxsi ehtiyaclarına xərclədiyini, hərbçinin xidmət yerinin dəyişdirilməsi üçün əslində heç bir imkanının və vəzifəli tanışlarının olmadığını etiraf edib.

V.İ. məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində xüsusi xidmət orqanlarında heç vaxt işləmədiyini, zərərçəkmişi aldatdığını və vəd etdiyi işi yerinə yetirmədiyini təsdiqləyib.

Bununla yanaşı, təqsirləndirilən şəxs 12 min 365 manatın hamısını geri qaytardığını və zərərçəkmişlə barışdığını bildirib. Zərərçəkmişin də ona qarşı şikayət və tələbinin olmadığı qeyd edilib.

V.İ. himayəsində iki azyaşlı uşağının olduğunu əsas gətirərək barəsində amnistiya qərarının tətbiq edilməsini istəyib.

Məhkəmə “Konstitusiya və Suverenlik İli münasibətilə Amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərini rəhbər tutaraq onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verib və V.İ.-ni cinayət məsuliyyətindən azad edib.

Bundan başqa, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv olunub.

Seyid