
Qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub
Trend-in xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə çox olacaq:
“Cari ilin 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticələrinə görə, qeyri-neft-qaz mal ixracımızın həcmi 4,2 milyard ABŞ dollarını üstələyəcək”.
Sahibkarlar üçün yeni dəstək paketi tətbiq edilir
Mikayıl Cabbarov vurğulayıb ki, ixracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb:
“Bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb. Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir. 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək”.
İxracatçıların nəqliyyat xərcləri kompensasiya olunur
Nazir qeyd edib ki, ixracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərinin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur.
Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsullarla bağlı yeni qayda
“Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb”, - deyə Mikayıl Cabbarov əlavə edib.