
Qara dənizdə Somali bayrağı altında üzən yük gəmisi batıb. Hadisə nəticəsində gəmidə olan 8 Türkiyə və 4 Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 12 nəfərlik heyətin hamısı xilas edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, “BETUL 8” adlı yük gəmisi Rumıniyanın Tulça limanından Misirə təxminən 3 min ton buğda daşıyırmış. Noyabrın 16-da səhər saat 09:15-də gəminin batmaq təhlükəsi ilə üzləşdiyi barədə yardım siqnalı göndərilib.
Hadisə Bolqarıstanın müstəsna iqtisadi zonasında, Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə baş verib. Siqnalın Varna Dəniz Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə çatmasından sonra ərazidə əməliyyata başlanılıb.
Xilasetmə tədbirləri Bolqarıstanın koordinasiyası ilə həyata keçirilib. Əməliyyata Bolqarıstan, Rumıniya və Türkiyənin ümumilikdə dörd minatəmizləmə gəmisi, həmçinin Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter və bir təyyarə cəlb olunub.
İlkin məlumatlarda 1988-ci ildə inşa edilmiş gəminin partlayışdan sonra batdığı bildirilir. Partlayışın dəniz minasından və ya pilotsuz uçuş aparatının hücumundan qaynaqlana biləcəyi ehtimalları araşdırılır. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.
Marşall adalarında yerləşən “Optimus Marine” şirkətinə məxsus olduğu bildirilən gəminin batması ilə bağlı araşdırmalar davam edir.
Aydın