
2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu isə gəlirlərlə xərclər arasında 3 milyard 146 milyon manatlıq fərq deməkdir.
Bəs bu məbləğdə büdcə kəsirini iqtisadi risk hesab etmək olarmı? Onun hansı hallarda təhlükəyə çevrilməsi mümkündür?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Rauf Qarayev hesab edir ki, 3 milyard 146 milyon manatlıq büdcə kəsiri özlüyündə makroiqtisadi risk hesab olunmur. Onun sözlərinə görə, burada əsas məsələ kəsirin mütləq məbləği deyil, ÜDM-dəki xüsusi çəkisi və hansı mənbələr hesabına maliyyələşdirilməsidir.
Rauf Qarayev qeyd edib ki, 2027-ci il üçün proqnozlaşdırılan 141 milyard manatlıq ÜDM fonunda büdcə kəsiri ümumi daxili məhsulun təxminən 2,23 faizinə bərabərdir:
“3,146 milyard manatlıq kəsir öz-özlüyündə makroiqtisadi risk hesab olunmur — bu rəqəm təxminən 2,2%-lik ÜDM nisbəti ilə beynəlxalq maliyyə təhlükəsizliyi standartlarının (3%-lik həddin) tam daxilindədir.
Bununla belə, kəsirin rəqəm olaraq normal görünməsi onun tərkibindəki struktur və xarici şok risklərini istisna etmir. Vəziyyəti iki tərəfdən qiymətləndirmək lazımdır”.

İqtisadçı əlavə edib ki, beynəlxalq praktikada, o cümlədən Maastrixt meyarlarına əsasən, büdcə kəsirinin ÜDM-in 3 faizinə qədər olması idarəolunan səviyyə hesab edilir:
“Azərbaycanın mövcud valyuta ehtiyatları və dövlət borcunun ÜDM-ə nisbətinin aşağı olması (təxminən 20% ətrafında) bu kəsirin daxili və xarici borclanma, eləcə də vahid xəzinə hesabının qalığı hesabına inflyasiya yaratmadan örtülməsinə imkan verir.
Kəsirin yaranmasının əsas səbəbi cari istehlak xərcləri deyil, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, eləcə də infrastruktur layihələrinə ayrılan iri həcmli əsaslı xərclərdir. İqtisadi nəzəriyyədə investisiya məqsədli kəsir gələcək iqtisadi artımı stimullaşdırdığı üçün məqbul sayılır”.
İqtisadçı hesab edir ki, büdcə kəsirinin idarəolunan səviyyədə qalması bir sıra iqtisadi amillərdən asılıdır. Bu baxımdan, xüsusilə neft qiymətlərində mümkün dəyişikliklər diqqət mərkəzində olmalıdır:
“2027-ci il büdcəsində neftin baza qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Qlobal bazarda neft qiymətlərinin bu həddən kəskin və uzunmüddətli aşağı düşməsi gəlirləri azaldaraq faktiki kəsirin proqnozlaşdırılandan daha çox böyüməsinə yol aça bilər.
Ümumi kəsir 2,2% olsa da, büdcə gəlirlərinin əhəmiyyətli hissəsi Dövlət Neft Fondundan (ARDNF) transfertlər hesabına formalaşır. Bu transfertləri çıxdıqda yaranan "qeyri-neft kəsiri" hələ də yüksəkdir və iqtisadiyyatın neft gəlirlərindən asılılığının tam aradan qalxmadığını göstərir”.
Rauf Qarayevin fikrincə, nəzərə alınmalı digər amil kəsirin maliyyələşdirilməsi zamanı inflyasiya təzyiqlərinin yaranmasıdır:
“Kəsirin örtülməsi üçün dövriyyəyə əlavə vəsaitlərin buraxılması 2027-ci il üçün proqnozlaşdırılan 5,3%-lik inflyasiya hədəfinə əlavə təzyiq yarada bilər”.
İqtisadçı son olaraq vurğulayıb ki, hazırkı göstəricilər fonunda 3 milyard 146 milyon manatlıq büdcə kəsiri Azərbaycanın maliyyə dayanıqlılığı üçün birbaşa təhdid yaratmır:
“Ümumilikdə, 3,146 milyard manatlıq kəsir Azərbaycanın maliyyə dayanıqlığı üçün təhdid deyil, əksinə, böyük tikinti və bərpa layihələrinin icrası fonunda planlaşdırılmış, idarəolunan bir göstəricidir”.
Günay İlqarqızı