
Bakıda fəaliyyət göstərən “Back & Bond” geyim mağazasının satıcısı kassadan 2413 manat götürərək mənimsəyib.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, mağazada satıcı işləyən şəxsə kassanın açarı və pul vəsaitlərinə nəzarət etmək tapşırılıb. Əmək müqaviləsinə əsasən, o, həmçinin işəgötürənə məxsus əmlakın qorunmasına cavabdeh olub.
Lakin satıcı mağazanı bağladıqdan sonra kassadakı pulları sayaraq 2413 manatı götürüb. O, həmin vəsaiti şəxsi ehtiyacları üçün istifadə etmək məqsədilə mənimsəyib.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, ifadəsində bildirib ki, övladının xəstəliyi ilə əlaqədar xəstəxana xərclərini ödəmək üçün rəhbərliyindən pul istəyib. Müdirinin razılıq verməsinə baxmayaraq, ehtiyacı olduğu vaxtda vəsaiti ala bilmədiyindən kassadakı pulu götürmək qərarına gəlib.
Mağazanın təhlükəsizlik kameralarının görüntüləri də iş materiallarına əlavə edilib. Görüntülərə əsasən, satıcı hadisə günü saat 21:35 radələrində kassadan pul götürüb, saat 21:46-da isə mağazanı tərk edib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, götürdüyü 2413 manatı tam şəkildə geri qaytardığını və zərərçəkmiş şirkətlə barışdığını bildirib. Şirkətin nümayəndəsi də məhkəməyə təqdim etdiyi ərizədə dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və mülki iddia tələbindən imtina etdiklərini qeyd edib.
Məhkəmə müəyyən edib ki, şəxsin əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi (öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və ya israf etmə) ilə tövsif olunmalıdır.
Bununla belə, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladının olması və barəsində amnistiya tətbiqinə mane olan halların müəyyən edilməməsi nəzərə alınıb.
Səbail Rayon Məhkəməsinin hakimi Afət Quliyevanın sədrliyi ilə keçirilən prosesdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı tətbiq olunub. Nəticədə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Məhkəmə həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edib.
Seyid