
Almaniya kansleri Fridrix Merz pilotluq lisenziyasının qüvvədə olma müddəti başa çatdığı üçün artıq müstəqil şəkildə təyyarə idarə edə bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Merzin pilotluq lisenziyası dayandırılıb, şəxsi təyyarəsi isə satılıb.
Merz 2009-cu ildə iki mühərrikli təyyarələri idarə etmək üçün lisenziya alıb. Daha sonra o, “Diamond DA62” modelini əldə edib. “Die Tageszeitung” nəşrinin məlumatına əsasən, həmin təyyarənin dəyəri təxminən 1 milyon avro olub.
Kansler 2022-ci ildə həyat yoldaşı ilə birlikdə Almaniyanın keçmiş maliyyə naziri Kristian Lindnerin toyuna şəxsi təyyarəsi ilə getməsi ilə də gündəmə gəlmişdi. Həmin vaxt onun şəxsi uçuşları iqlimin qorunması ilə bağlı çağırışları fonunda müzakirələrə səbəb olmuşdu. Məlumata görə, Merz 2022-ci ildən 2025-ci ilin fevralına qədər 50 min kilometrdən çox uçuş həyata keçirib və atmosferə 23 tondan artıq karbon qazı buraxıb.
Merz daha əvvəl təyyarə idarə etməyin çoxdankı arzusu olduğunu etiraf etmişdi. Lakin lisenziyanı uzatmaq üçün tələb olunan şərtləri yerinə yetirməyə vaxt tapa bilməyib.
Belə ki, pilotluq hüququnun qüvvədə saxlanılması üçün iki il ərzində azı 12 saat uçuş keçirmək, 12 dəfə havaya qalxma və eniş etmək, həmçinin təlimatçı ilə ən azı bir saatlıq uçuş həyata keçirmək tələb olunur. Kanslerin sıx iş qrafiki bu tələbləri yerinə yetirməsinə mane olub.
Aydın