
2027-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov yeni dəstək mexanizmlərini açıqlayıb.
Təklif olunan tədbirlər paketi çərçivəsində diqqət çəkən məqamlardan biri kredit zəmanətləri limitinin 20 faizdən 50 faizə yüksəldilməsidir.
Bəs zəmanət limitinin artırılması real sektora, xüsusilə kiçik və orta sahibkarlığa necə təsir göstərəcək? Bu qərar kredit əlçatanlığını artırmaqla yanaşı, bankların yüksək faizləri və girov tələbləri problemini də aradan qaldıra biləcəkmi?
Qaynarinfo-ya açıqlamasında Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kredit zəmanətləri limitinin artırılması sahibkarlığın maliyyələşməsinə dövlət dəstəyinin gücləndirilməsi və bank kreditlərinə çıxış imkanlarının genişləndirilməsi deməkdir.
Ekspertin sözlərinə görə, bu mexanizmin əsas mahiyyəti sahibkarın kifayət qədər girov təminatı olmadığı halda dövlət zəmanətinin əlavə maliyyə təminatına çevrilməsidir:
"Kredit zəmanətləri limitinin 20%-dən 50%-ə qaldırılması əslində iqtisadi baxımdan sahibkarlığın maliyyələşməsinə dövlət dəstəyinin gücləndirilməsi və eyni zamanda bank kreditlərinə çıxış imkanlarının genişləndirilməsi deməkdir.
Bu mexanizmin əsas mahiyyəti ondan ibarətdir ki, sahibkar kredit götürmək istədikdə, lakin kifayət qədər girov təminatı bu kredit üçün təqdim edə bilmədikdə, dövlət zəmanəti onun üçün əlavə maliyyə təminatına çevrilir. Zəmanət səviyyəsinin artırılması bankların üzərinə düşən kredit riskinin bir hissəsini təbii ki, azaldacaq və maliyyə institutlarını biznes layihələrini kreditləşdirməyə daha çox təşviq edəcək. Bu, sadəcə kreditlərin artırılması demək deyil, eyni zamanda iqtisadiyyatda investisiya fəallığının stimullaşdırılmasıdır".

Vüqar Oruc hesab edir ki, yeni mexanizm xüsusilə kiçik və orta sahibkarlığın maliyyə resurslarına çıxışını asanlaşdıra bilər. Onun fikrincə, bu qərar istehsal, kənd təsərrüfatı, emal sənayesi və xidmət sektorunda fəaliyyət göstərən, girov imkanları məhdud olan sahibkarlar üçün əlavə imkanlar yaradacaq:
"Kiçik və orta sahibkarlığın maliyyə resurslarına bu qərardan sonra çıxışı daha da asanlaşacaq. Həm istehsal, kənd təsərrüfatı, emal sənayesi və xidmət sektorunda fəaliyyət göstərən, lakin girov imkanları məhdud olan sahibkarlar üçün kredit əldə etmək imkanları daha əlçatan olacaq və qərarın regionlara da təsiri mümkündür. Çünki regionlarda da girov predmeti olaraq əmlakların təqdim edilməsində həmişə problem yaşanır və bu yeni qərar regionlarda da iqtisadi fəallığın artmasına, kreditləşmənin yüksək səviyyəyə gəlib çatmasına şərait yaradacaq".
Ekspert bank sektoru baxımından da qərarı müsbət qiymətləndirib. O bildirib ki, dövlət zəmanəti kredit risklərinin bölüşdürülməsinə və bankların mümkün zərərlərinin müəyyən hissəsinin qarşılanmasına imkan verəcək:
"Bank sektoru üçün də uğurlu bir qərardır. Çünki kredit risklərinin bölüşdürülməsi baxımından bu qərar yeni bir situasiya yaradır və dövlət zəmanəti gələcəkdə ehtimal olunan bankın zərərinin müəyyən hissəsinin bu qərarla qarşılanmasını öhdəsinə götürür".
Vüqar Oruc vurğulayıb ki, qərarın effektiv olması üçün kredit zəmanətlərinin artırılması ilə yanaşı, biznes kreditlərinin faiz dərəcələrinə, sənədləşmə prosesinə və kreditlərin verilmə sürətinə də diqqət yetirilməlidir:
"Sözügedən qərar əsasən iqtisadi aktivliyin artırılmasına hesablanmış bir qərardır. Təbii ki, bu qərarla bərabər eyni zamanda kredit əlçatanlığının təmin olunması üçün biznes kreditləri üçün faizlərə yenidən baxılması, eyni zamanda kreditlərin alınması üçün, əldə edilməsi üçün operativliyin təmin olunması, sənədləşmə və bürokratiya işlərinin daha da sadələşməsi vacib elementlərdəndir. Paralel olaraq təbii ki, bu mexanizmdə də dəyişiklik baş verərsə, sözügedən qərarın effektivliyi daha da yüksələr".
Cəmiyyət sədrinin fikrincə, qərarın qəbul edilməsi qədər onun icrası üçün lazımi şəraitin yaradılması da vacibdir. Bu prosesdə bankların üzərinə böyük məsuliyyət düşür:
"Əsas qərarın qəbul edilməsi təbii ki... daha doğrusu, qərarın qəbul edilməsi işin bir hissəsidirsə, onun icrası üçün şərait yaradılması onun ikinci hissəsidir. Yeni yanaşma kiçik və orta sahibkarlığın maliyyələşməsini genişləndirə və qeyri-neft sektorunun investisiya fəallığını artıra bilər və ölkədə 2027-ci ildə iqtisadi aktivliyin yaranması və artması ilə nəticələnə bilər. Bu qərarın icrasında bankların üzərinə çox böyük öhdəlik düşür və sahibkarların kreditə çıxışının təmin olunması üçün müvafiq şərtlərin yaradılması bu qərarın icra olunmasından çox asılı olacaq".
Günay İlqarqızı