Xəbər lenti

Le Pen prezident seçilərsə, Fransa Ukraynaya yardımı davam etdirəcək
Dünya12:50 17.11.2026

Le Pen prezident seçilərsə, Fransa Ukraynaya yardımı davam etdirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransanın ultrasağçı "Milli Birlik" partiyasının lideri Marin Le Pen prezident seçiləcəyi təqdirdə ölkəsinin Ukraynaya maliyyə və humanitar yardımını davam etdirəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" Le Penin noyabrın 16-da Fransadakı Ukrayna səfiri Vadim Omelçenko ilə görüşünün nəticələrinə istinadən məlumat yayıb.

Le Pen Fransanın büdcə imkanlarının Ukraynaya maliyyə yardımını artırmaq üçün kifayət etmədiyini bildirib. Bununla belə, o, artıq götürülmüş öhdəliklərin yerinə yetiriləcəyini, o cümlədən Avropa İttifaqının Ukrayna üçün nəzərdə tutduğu 90 milyard avroluq birgə kreditlə bağlı öhdəliklərin icra olunacağını vəd edib.

Fransalı siyasətçi Ukrayna Prezidenti Volodimir Zelenski ilə Parisdə və ya Brüsseldə görüşməyə hazır olduğunu da açıqlayıb. Ukraynanın Fransadakı səfiri isə onu Ukraynaya səfərə dəvət edib.

Omelçenkonun sözlərinə görə, görüşdə Zelenskinin Avropanın, xüsusilə Fransanın Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqlarında iştirak etməsinə dair mövqeyi də müzakirə olunub.

Tərəflər həmçinin Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlük perspektivlərini, rəqəmsal texnologiyalar, nüvə enerjisi və müdafiə sahələrində əməkdaşlığı nəzərdən keçiriblər.

Qeyd edək ki, Le Pen əvvəllər də Fransanın Ukraynaya hərbi yardım üçün böyük maliyyə vəsaiti ayıra bilməyəcəyini bildirmişdi. O, Fransanın Ukraynaya yardımının ildə 6 milyard avroya çatdığını iddia etmişdi.

Ukraynaya maliyyə və hərbi dəstək məsələsi Fransada gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində əsas müzakirə mövzularından birinə çevrilib.

Aydın