Xəbər lenti

Bayden Putinə müharibədən əvvəl nə dediyini açıqladı: "Müəmmalı davranırdı"
Dünya12:19 17.11.2026

Bayden Putinə müharibədən əvvəl nə dediyini açıqladı: "Müəmmalı davranırdı"

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın sabiq prezidenti Co Bayden 2021-ci ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb. O bildirib ki, həmin söhbət zamanı Kreml rəhbərini Ukraynaya hücum edəcəyi təqdirdə sərt sanksiyalarla üzləşəcəyi və Vaşinqtonun Kiyevə müdafiə yardımı göstərəcəyi barədə xəbərdar edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Baydenin “Newsweek” nəşrində dərc olunan “Promise Me, America” adlı yeni memuarından yayımlanan hissədə bəhs edilir.

Baydenin sözlərinə görə, 2021-ci ilin payızında ABŞ kəşfiyyatı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığını göstərən məlumatlar əldə etmişdi. Kəşfiyyatın qiymətləndirməsinə əsasən, Moskvanın məqsədi təkcə Donbasla məhdudlaşmır, Ukraynanı bütövlükdə ələ keçirmək və Prezident Volodimir Zelenskini hakimiyyətdən uzaqlaşdırmaq idi.

Sabiq prezident 7 dekabr 2021-ci ildə Putinlə telefon danışığında Rusiya qoşunlarının sərhəddə cəmləşdirilməsi məsələsini qaldırdığını yazıb. Lakin Kreml rəhbəri hücum niyyətinin olduğunu inkar edib.

“O, həmişəki kimi müəmmalı davranırdı. Mən isə belə deyildim”, deyə Bayden xatirələrində qeyd edib.

Onun sözlərinə görə, Putinə mümkün işğalın ağır iqtisadi nəticələr doğuracağını, ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini və Ukraynaya özünü müdafiə etmək üçün lazımi dəstəyi verəcəyini açıq şəkildə bildirib. Baydenin təsvirinə əsasən, Putin sadəcə çiyinlərini çəkib və inandırıcı görünməyən şəkildə özünü günahsız göstərməyə çalışıb.

Sabiq prezident memuarında Rusiyanın Ukraynaya müdaxilə planları barədə məlumatları Avropa ölkələrinə və Kiyevə qəbul etdirməyin asan olmadığını da yazıb.

“Bir neçə ay ərzində Putinin Ukraynaya tam miqyaslı hücuma başlayacağına əmin idim. Əvvəlcə heç kimi inandıra bilmirdim. Nə avropalıları, nə NATO ölkələrini, nə də Ukraynanı”, deyə o bildirib.

Bayden bu tərəddüdün səbəbləri arasında Almaniyanın Rusiya enerji resurslarından asılılığını, bəzi Avropa hökumətlərinin Vaşinqtonla münasibətlərdə məsafə saxlamaq istəyini və Ukrayna rəsmilərinin müharibə təhlükəsinin açıq şəkildə gündəmə gətirilməsinin ölkə iqtisadiyyatına zərər vura biləcəyi ilə bağlı narahatlığını göstərib.

Nəticədə ABŞ prezidenti Moskvanın planlarına dair kəşfiyyat məlumatlarının bir hissəsini ictimaiyyətə açıqlamaq qərarına gəlib. O, bu addımı 2003-cü ildə İraq müharibəsi ərəfəsində yol verilən kəşfiyyat səhvləri ilə müqayisə edərək, məqsədin müharibəyə başlamaq deyil, onun qarşısını almaq olduğunu vurğulayıb.

Baydenin fikrincə, Putin Ukraynanın Moskvanın nəzarətindən kənarda uğurlu demokratiyaya və inkişaf etmiş iqtisadiyyata çevrilməsini öz hakimiyyəti üçün təhlükə hesab edirdi.

O yazıb ki, Ukraynanın demokratik və iqtisadi uğuru Rusiya cəmiyyətinə öz ölkələrindəki yoxsulluğu və imkanların məhdudluğunu daha aydın göstərə bilərdi.

Memuarlarda Bayden Putinlə şəxsi görüşlərini də xatırlayıb. O, Rusiya liderini qəsdən hörmətsiz davranan və görüşlərə gecikməyi sevən siyasətçi kimi təsvir edib.

Sabiq prezidentin yazdığına görə, Putin bir dəfə Rusiyanın səkkiz saat qurşağı boyunca uzandığını fəxrlə qeyd edib. Bayden isə buna iqlim dəyişikliyinə eyham vuran zarafatla cavab verib: “Bəli, onların hamısı əriyir”.

Bayden vitse-prezident olduğu dövrdə Putinlə görüşlərindən birini də xatırladıb. Həmin vaxt onun Rusiya liderinin çiyinlərindən tutaraq gözlərinin içinə baxdığı və “Mən orada heç bir ruh görmürəm” dediyi bildirilir. Putinin cavabı isə belə olub: “Deməli, biz bir-birimizi çox yaxşı başa düşürük”.

Aydın