Xəbər lenti

Ekspert Ceffri Epşteynin ölümündə qətl ehtimalını istisna etmir
Dünya12:30 17.11.2026

Ekspert Ceffri Epşteynin ölümündə qətl ehtimalını istisna etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsxanada ölümü ilə bağlı yeni iddia irəli sürülüb. Məhkəmə-tibb eksperti Maykl Friman onun intihar etmədiyini, öldürülmüş ola biləcəyini düşünür.

Qaynarinfo xəbər verir ki, Friman BBC Newsnight proqramına müsahibəsində Epşteynin meyitinin yarılma fotolarını və iş materiallarını təhlil etdikdən sonra bu qənaətə gəldiyini bildirib.

Ekspert materiallarla mərhumun qardaşı Mark Epşteynin ona təqdim etdiyi sənədlər əsasında tanış olub. Friman meyiti şəxsən müayinə etməyib, apardığı araşdırma isə elmi ekspertizadan keçirilməyib.

Onun fikrincə, Epşteynin bədənində hücuma məruz qalmasını ehtimal etdirən xəsarətlər olub. Bunlara sol çiyin nahiyəsindəki dərin qanaxma və üz nahiyəsinə zərbə nəticəsində yarana biləcək xəsarətlər daxildir.

Friman hesab edir ki, Epşteyn arxadan boğucu ilgəklə boğulmuş, daha sonra isə həmin vasitədən istifadə edilərək meyiti ikimərtəbəli çarpayıya asılmış ola bilər. Ekspert boynundakı ilgək izinin üzərində dırnaq cızıqlarının olmasına da diqqət çəkib.

“Bu, xüsusilə arxadan boğulma əlamətlərinə uyğundur. Həmçinin qurbanın boynundakı boğucu vasitəni çıxarmağa çalışdığını göstərir”, – deyə Friman bildirib.

Onun sözlərinə görə, meyitdəki xəsarətlər və onun aşkarlandığı şərait bir-biri ilə uyğun gəlmir. Buna görə də ekspert ölümün intihar deyil, qətl nəticəsində baş verdiyini düşünür.

Lakin Epşteynin ölümünü araşdıran və meyitinin yarılmasını həyata keçirən Nyu-York məhkəmə-tibb eksperti 2019-cu ildə ölümün intihar olduğu qənaətinə gəlib. Həmin araşdırmanı aparan doktor Barbara Sampson sonradan da bu nəticənin arxasında dayandığını bəyan edib.

ABŞ Ədliyyə Nazirliyinin araşdırma materiallarında da Epşteynin xəsarətlərinin boğulma yolu ilə qətldən daha çox, özünü asma nəticəsində baş verən ölümə uyğun olduğu qeyd edilib. Ekspert rəyinə əsasən, hücuma məruz qalan şəxslərdə gözlənilən müdafiə xəsarətləri də aşkarlanmayıb.

Friman isə bildirib ki, asılma nəticəsində ölüm hallarında meyit aşağı endirilməzdən əvvəl çəkilmiş fotoşəkillərin olmasını gözləyərdi.

ABŞ Ədliyyə Nazirliyinin hesabatına görə, Epşteyni kamerada aşkar edən mühafizəçi digər əməkdaşını çağırıb. Daha sonra onlar meyiti yerə endirərək reanimasiya tədbirlərinə başlayıblar.

Qeyd edək ki, Friman əvvəllər ABŞ baş prokurorları üçün polis nəzarətində saxlanılan şəxslərin ölümü ilə bağlı ekspert kimi çalışıb. O, xüsusilə Corc Floydun ölümü ilə bağlı işə də cəlb olunub.

Ekspert Epşteynin ölümü ilə bağlı araşdırmasının nəticələrini bazar ertəsi axşam Londonda təqdim edib. O, tədqiqatının müstəqil olduğunu və bu işə görə Mark Epşteyndən ödəniş almadığını vurğulayıb. Bununla belə, Friman maliyyəçinin öldürülmüş ola biləcəyi ehtimalından çıxış edərək, bunu kimin edə biləcəyi ilə bağlı fikir bildirməyib.

“Bu barədə heç bir fikrim yoxdur. Bu, apardığım hər hansı araşdırmanın bir hissəsi deyil”, – deyə o bildirib.

Friman nəticələrinin sui-qəsd nəzəriyyələrinə əsaslandığı barədə ittihamları da rədd edərək, digər mütəxəssisləri onun təhlilini yoxlamağa çağırıb.

Xatırladaq ki, Ceffri Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkdakı Metropolitan İslah Mərkəzindəki kamerasında ölü tapılıb. Həmin vaxt o, yetkinlik yaşına çatmayan qızların cinsi istismarı məqsədilə şəbəkə təşkil etməkdə ittiham olunaraq məhkəməni gözləyirdi.

Ölümündən təxminən bir ay əvvəl mümkün intihar riski səbəbindən qısa müddətə xüsusi müşahidə altında saxlanılmışdı.

Epşteyn 2008-ci ildə yetkinlik yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmə ittihamı ilə məhkum edilmiş və cinsi cinayətkar kimi qeydiyyata alınmışdı. O zaman təqsirini etiraf etməsi ilə bağlı razılaşma nəticəsində daha ağır həbs cəzasından yayınmışdı.

Bu ilin mayında isə ABŞ məhkəməsi maliyyəçinin ölümündən qısa müddət əvvəl yazdığı ehtimal edilən qeydi açıqlayıb. Sənəd uzun müddət məxfi saxlanılmışdı.

Günay