Xəbər lenti

Həkim İnstitutda sümük sıxlığını ölçən cihazın olmadığını deyir, nazirlik təkzib edir
Ölkə14:30 17.11.2026

Həkim İnstitutda sümük sıxlığını ölçən cihazın olmadığını deyir, nazirlik təkzib edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük densitometriyası (osteodensitometriya) cihazının olmadığı iddia edilir.

Qaynarinfo xəbər verir ki, bu barədə radioloq Aydın Əliyev məlumat verib.

Onun sözlərinə görə, sözügedən cihaz sümük sıxlığını ölçmək, osteoporoz və osteopeniya kimi xəstəlikləri müəyyənləşdirmək üçün nəzərdə tutulub. Radioloq məsələni tənqid edərək bildirib:

"Biabırçılığın zirvəsi! Hər gün onlarla sümük-oynaq əməliyyatının aparıldığı, yüzlərlə pasiyentin sümük xəstəlikləri ilə bağlı müraciət etdiyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda sümük sıxlığını ölçmək, osteoporoz və osteopeniyanı müəyyənləşdirmək üçün sümük densitometriyası (osteodensitometriya) cihazı yoxdur, yaxud da var, amma işləmir! Bu, bilirsiniz nəyə bənzəyir? Elə bil dərzidir, amma iynəsi yoxdur, bərbərdir, amma qayçısı yoxdur və s.".

Həkim Elsəvər Kərimov isə texniki təminatı və təchizatı olmayan tibb müəssisələrinin bağlanmasını təklif edib:

"Dövlət tibb müəssisələri bağlansaydı, camaatın canı qurtarardı. Əşi, nə qədər yarımçıq, təminatsız, təchizatsız xidmət göstərmək olar? Düzdür, bəzi xidmətlər həkimlərin insafı, bacarığı və insanlığı sayəsində həyata keçirilir. Amma camaata başa salmaq olmur ki, normal diaqnoz qoymaq üçün lazımi aparat və innovativ vasitələr yoxdur, yaxud xarabdır, işləmir.

Qadın pasiyentlərdən biri deyir ki, sovet vaxtında həkim söhbət əsnasında xəstəyə diaqnoz qoyur, sadə dərmanlarla müalicə edirdi. Bilmirsən neyləyəsən ki, xəstəyə normal diaqnoz qoyasan, bunu özünə də sübut edib başa salasən və düzgün müalicə aparasan. Təminatı və təchizatı olmayan müəssisələr bağlanmalıdır. Təchizatlı, təminatlı, real sığorta təminatı əsasında tibbi xidmət qurulmalı və inkişaf etdirilməlidir”.

Qaynarinfo məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu müasir kompüter tomoqrafiyası (KT) və rəqəmsal rentgen avadanlıqları ilə təchiz olunub:

"Bu avadanlıqlar vasitəsilə sümük toxumasının vəziyyətini, struktur xüsusiyyətlərini, sümükdə baş verən dəyişiklikləri və müxtəlif patoloji əlamətləri qiymətləndirmək mümkündür. Müvafiq klinik göstərişlər olduqda KT və rentgen müayinələri sümük toxumasının vəziyyəti barədə mühüm diaqnostik məlumatların əldə edilməsinə şərait yaradır".

Nazirlik həmçinin qeyd edib ki, osteoporoz və osteopeniya kimi xəstəliklərin diaqnostikasında müxtəlif instrumental müayinə üsullarından istifadə olunur:

"Densitometriya sümük mineral sıxlığının kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bununla belə, travmatologiya və ortopediya sahəsində bu müayinə əsas diaqnostik üsul deyil, zəruri hallarda tətbiq olunan əlavə müayinə vasitələrindən biridir. İnstitutda travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası və müalicəsi mövcud tibbi-texniki imkanlar, klinik göstərişlər və müasir tibbi yanaşmalar əsasında həyata keçirilir. Hər bir pasiyentin fərdi klinik vəziyyəti nəzərə alınaraq müvafiq müayinə üsulu müəyyən edilir".

Bahar Rüstəmli