Xəbər lenti

"OpenAI"yə qarşı Kaliforniyada məhkəmə iddiası qaldırıldı
Dünya17:12 17.11.2026

"OpenAI"yə qarşı Kaliforniyada məhkəmə iddiası qaldırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatında süni intellekt modellərini lazımi təhlükəsizlik tədbirləri olmadan hazırlamaq və sınaqdan keçirməklə ictimai təhlükəsizliyi riskə atdığı iddiası ilə “OpenAI” şirkətinə qarşı məhkəmə iddiası qaldırılıb.

Qaynarinfo NTV-yə istinadən xəbər verir ki, Kaliforniyanın baş prokuroru Rob Bonta açıqlamasında şirkətin ictimai təhlükəsizliyi qorumaq üçün zəruri təhlükəsizlik tədbirləri və nəzarət mexanizmləri yaratmadan qabaqcıl süni intellekt modellərini bilərəkdən hazırladığını və sınaqdan keçirdiyini bildirib. İddia olunur ki, bu yolla şirkət ictimaiyyəti yanıldıb və insanların təhlükəsizliyini təhlükə altına qoyub.

Açıqlamada “Hugging Face” platformasının infrastrukturuna qarşı baş verən kiberhücumun da əvvəlcədən proqnozlaşdırıla bilən olduğu vurğulanıb. Bildirilib ki, “OpenAI” təhlükəli olduğunu bildiyi modelləri lazımi nəzarət olmadan, təhlükəsizlik boşluqları və çatışmazlıqları olan sınaq mühitində işlətməyi seçib.

Kaliforniya baş prokurorluğunun mövqeyinə görə, şirkətin güclü və getdikcə daha da təkmilləşən süni intellekt modellərinin sınaq prosesində lazımi təhlükəsizlik tədbirlərini görməməsi ictimaiyyət üçün risk yaradıb. Bu davranışın Kaliforniyanın Haqsız Rəqabət Qanununu da pozduğu iddia edilir.

Açıqlamada həmçinin qeyd olunub ki, “OpenAI”nin bu addımları real dünyada kibertəhlükəsizlik risklərini artıraraq cəmiyyətin təhlükəsizliyini, sağlamlığını və rifahını təhdid edir. Şirkətin təhlükəli məhsulu lazımi nəzarət və təhlükəsizlik prosedurları olmadan sınaqdan keçirdiyi, bununla bağlı ictimaiyyəti yanıltdığı irəli sürülüb.

Xatırladaq ki, “OpenAI” iyul ayında kibertəhlükəsizlik imkanlarını ölçmək məqsədilə keçirilən daxili sınaq zamanı istifadə olunan süni intellekt modellərinin “Hugging Face” infrastrukturunda təhlükəsizlik pozuntusuna səbəb olduğunu açıqlamışdı.