Xəbər lenti

Tramp "Nvidia" səhmlərini satıb, 190 mindən çox insan Huanın qayıdışını tələb edir
Dünya16:46 17.11.2026

Tramp "Nvidia" səhmlərini satıb, 190 mindən çox insan Huanın qayıdışını tələb edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Donald Tramp “Nvidia” korporasiyasına məxsus 500 min dollardan 1 milyon dollaradək dəyərində səhmlərini may ayında satıb. Əməliyyat onun Çinə dövlət səfərindən Vaşinqtona qayıtmasından sonra həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə CNBC Ağ Evin maliyyə hesabatlarına istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Tramp səhmlərin bir hissəsini mayın 18-də, Çinə səfərindən qayıtdıqdan sonra satıb. Bu əməliyyat “The New York Times” qəzetinin iddiasına əsasən, dövlət katibi Marko Rubionun “Nvidia” rəhbəri Censen Huanın casusluqda şübhəli bilinən şəxslə əlaqələri barədə prezidentə məlumat verməsindən beş gün sonraya təsadüf edib.

Tramp isə həmin qadının casusluq fəaliyyəti barədə ona Rubionun məlumat verdiyini təkzib edib və onun Çin kəşfiyyatı üçün işləyib-işləmədiyini araşdıracağını bildirib.

Məlumata görə, bu, Trampın “Nvidia” səhmləri ilə bağlı yeganə əməliyyatı deyil. O, ikinci prezidentlik müddətinin əvvəlindən cari ilin avqust ayınadək şirkətin səhmlərinin alqı-satqısı üzrə ümumilikdə 103-ə yaxın əməliyyat həyata keçirib. Bu sövdələşmələrin ümumi dəyəri 27 milyon dollardan 97,5 milyon dollaradək qiymətləndirilir.

Qeyd edək ki, noyabrın 16-da “Nvidia” səhmləri ilkin ticarət zamanı təxminən 2 faiz ucuzlaşaraq 159,67 dollara düşüb. Bu, bir həftədən bir qədər artıq əvvəlki göstərici ilə müqayisədə təxminən 14 faizlik azalma deməkdir. Qiymət enişi şirkətin rəhbəri Censen Huanın baş icraçı direktor vəzifəsinə qayıda biləcəyi barədə yayılan şayiələr fonunda baş verib.

190 mindən çox insan “Nvidia” rəhbərinin vəzifəsinə qaytarılmasını tələb edir

Bu arada, “​​Nvidia” şirkətinin keçmiş baş icraçı direktoru Censen Huanın vəzifəsinə qaytarılması ilə bağlı petisiyanı 190 mindən çox insan imzalayıb. Lakin şirkətin Direktorlar Şurası ictimai dəstəyə baxmayaraq, onun yenidən rəhbər təyin edilməsini nəzərdən keçirmir. Bu barədə “The Independent” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, petisiyaya qoşulanlardan 8,8 mindən çoxu özünü “Nvidia” əməkdaşı, 84 min nəfəri isə şirkətin səhmdarı kimi təqdim edib.

Bununla belə, məsələ ilə tanış olan mənbə Direktorlar Şurasının Huanın geri qayıtması ehtimalını müzakirə etmədiyini bildirib.

"Nvidia" milli təhlükəsizlik və ixrac nəzarəti üzrə komitə yaratdı

Eyni zamanda, “Nvidia” milli təhlükəsizlik və ixrac nəzarəti məsələlərinə nəzarət edəcək yeni komitə yaradıb. Komitəyə şirkətin Direktorlar Şurasının üzvü Syuzan Nora Conson rəhbərlik edəcək.

Yeni komitə qabaqcıl texnologiyaların və süni intellektin milli təhlükəsizlik baxımından yaratdığı riskləri, eləcə də beynəlxalq ixrac qaydalarına əməl olunmasını diqqətdə saxlayacaq.

“Nvidia” Direktorlar Şurasının sədri Harvi Cons bildirib ki, qabaqcıl yarımkeçirici texnologiyalar, süni intellekt və superintellekt milli təhlükəsizlik sahəsində görünməmiş çağırışlar yaradır. Onun sözlərinə görə, bu sahədə aparıcı şirkətlərdən biri kimi “Nvidia” problemlərin həllində həm məsuliyyət daşıyır, həm də sənayeyə rəhbərlik etmək imkanına malikdir.

Məlumata görə, komitənin iclasları ən azı rübdə bir dəfə keçiriləcək. Qurum hüquq, milli təhlükəsizlik və beynəlxalq ticarət qaydalarına riayət olunması sahəsində müstəqil ekspertlərlə də əməkdaşlıq edəcək.

Şirkət yeni strukturun yaradılmasını Direktorlar Şurasının dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək və korporativ idarəetmə standartlarını gücləndirmək istiqamətində atdığı addım kimi qiymətləndirib.

Qeyd edək ki, Censen Huan ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatı ilə əlaqədə şübhələndiyi qadınla romantik münasibətdə olmaqda ittiham edilib. KİV-in məlumatına görə, həmin qadın Çinə süni intellekt çiplərinin ixracına qoyulan ABŞ məhdudiyyətlərini aşmaq və casusluq fəaliyyəti üçün cəlb olunub. Huan əməkdaşlarına həyat yoldaşına xəyanət etdiyini etiraf edib. Sonradan söhbətin Sinqapurun “Megaspeed” şirkətinin keçmiş rəhbəri Elis Huandan getdiyi məlum olub. ABŞ xüsusi xidmət orqanları həmin qadının Çin kəşfiyyatı ilə əməkdaşlıq etdiyindən şübhələnirlər. Huan baş verənlərdən sonra şirkətin əməkdaşlarından və ailəsindən üzr istəyərək xəyanət etdiyini etiraf edib. Daha sonra onun “Nvidia”nın vitse-prezidenti Kimberli Pauelllə də münasibətdə olduğu barədə məlumatlar yayılıb. Nəticədə noyabrın 12-də Huan şirkətin rəhbəri vəzifəsindən ayrılıb.

Aydın