Xəbər lenti

Putin, Tramp və Si eyni masa arxasında - Dünyanın gələcəyi müzakirə olunacaq
Dünya14:39 18.11.2026

Putin, Tramp və Si eyni masa arxasında - Dünyanın gələcəyi müzakirə olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çində dünya siyasətinin gələcəyinə təsir edə biləcək mühüm diplomatik təmaslar keçirilir. Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Szinpin artıq görüşüblər. ABŞ Prezidenti Donald Trampın da Çinə səfəri fonunda üç ölkə liderinin iştirakı ilə üçtərəfli sammitin keçirilməsi gözlənilir.

Qaynarinfo xəbər verir ki, noyabrın 18-də Şençjen şəhərində Putin və Si Szinpin arasında ikitərəfli danışıqlar baş tutub. Görüşdə Moskva ilə Pekin arasında iqtisadi əlaqələr, enerji, maliyyə, yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub.

Putin iki ölkənin daha ədalətli və çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində ortaq mövqeyə malik olduğunu bildirib. Si Szinpin isə Rusiya ilə Çin arasındakı münasibətləri sarsılmaz adlandırıb.

Rusiya liderinin sözlərinə görə, iki ölkə arasında vizasız rejimin tətbiqindən sonra qarşılıqlı turist səfərlərinin sayı 43 faiz artıb.

Bu görüş ABŞ Prezidenti Donald Trampın Çin səfəri ilə eyni vaxta təsadüf etməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Tramp noyabrın 18-də Çinə səfərə başlayıb. Onun Si Szinpinlə ikitərəfli danışıqları noyabrın 19-a planlaşdırılıb.

Vaşinqtonla Pekin arasında ticarət münasibətləri, gömrük tarifləri, nadir torpaq elementlərinin tədarükü və qabaqcıl texnologiyalara tətbiq olunan məhdudiyyətlərin görüşün əsas mövzuları olacağı gözlənilir.

Bununla belə, səfərin ən diqqətçəkən məqamı Putin, Tramp və Si Szinpinin eyni masa arxasında görüşmək ehtimalıdır. Noyabrın 19-a nəzərdə tutulan üçtərəfli sammitdə beynəlxalq təhlükəsizlik, nüvə silahlarının məhdudlaşdırılması, İran ətrafında vəziyyət və Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.

Belə bir görüşün baş tutması ABŞ, Rusiya və Çin liderlərinin münasibətlərində yeni diplomatik mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Xüsusilə Ukrayna məsələsinin müzakirəyə çıxarılması ehtimalı diqqət çəkir. Çünki Kiyevin iştirakı olmadan müharibənin gələcəyi ilə bağlı aparılacaq müzakirələr Ukrayna və Avropa ölkələrində narahatlıq yarada bilər.

Bəzi müşahidəçilər üç böyük dövlətin liderlərinin bir araya gəlməsini 1945-ci ildə keçirilən Yalta konfransı ilə müqayisə edirlər. Həmin görüşdə ABŞ, SSRİ və Böyük Britaniya rəhbərləri İkinci Dünya müharibəsindən sonrakı dünya nizamını müzakirə etmişdilər.

Hazırkı diplomatik təmasların hansı nəticələr verəcəyi isə hələlik bəlli deyil. Bununla belə, Putin və Si Szinpinin Trampın gəlişindən əvvəl görüşməsi, ardınca ABŞ-Çin danışıqlarının və mümkün üçtərəfli sammitin gündəmə gəlməsi beynəlxalq münasibətlərdə diqqətlə izlənilən hadisələrdəndir.

Aydın