
Bakıda çay evində qumar oynayan şəxs 2250 manat məbləğində cərimələnib, masanın üzərindəki 31 manat isə müsadirə olunub.
Qaynarinfo-nun məlumatına görə, hadisə Qaradağ rayonu, Müşfiq qəsəbəsində yerləşən çay evində baş verib.
1969-cu il təvəllüdlü, Bakı şəhəri Xətai rayonunda yaşayan şəxs digər üç nəfərlə birlikdə çay evində “Okey” oyunu oynayarkən saxlanılıb. Polis əməkdaşlarının apardığı araşdırma zamanı masanın üzərində iki ədəd 10 manatlıq, bir ədəd 50 manatlıq və altı ədəd 1 manatlıq əskinas aşkarlanıb.
Məhkəmə iclasında həmin şəxs oyunu pul qarşılığında deyil, çayın puluna oynadıqlarını iddia edib. O, masanın üzərindəki pulların da çay sifarişinə aid olduğunu bildirib. Törətdiyi əməldən peşman olduğunu deyərək yüngül cəza istəyib.
Lakin məhkəmədə nümayiş etdirilən videogörüntülərdə onun digər şəxslərlə birlikdə masaüstü oyun oynadığı və masanın üzərində pul olduğu təsdiqlənib. Həmin şəxs videoda pulla oyun oynayanlardan birinin özü olduğunu da etiraf edib.
Qaradağ Rayon Məhkəməsinin hakimi Rüstəm Qasımoğlunun qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 525.1-ci maddəsi ilə təqsirli bilinib. Ona 3000 manat cərimə təyin edilsə də, inzibati qaydada tutulması nəzərə alınaraq cərimənin məbləği 2250 manata endirilib. Qumara qoyulduğu müəyyən edilən 31 manat da müsadirə olunub.
Aydın