Xəbər lenti

Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ)
Ölkə19:00 18.11.2026

Sifariş edilən hazır yeməklərin gizli təhlükəsi: İçində nə var? (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illərdə hazır yeməklərin satışı və qida çatdırılma xidmətlərinin genişlənməsi insanların gündəlik qidalanma vərdişlərinə də təsir göstərib. Xüsusilə iş qrafiki sıx olan şəxslər, o cümlədən işləyən qadınlar yemək hazırlamağa vaxt ayırmaq əvəzinə restoranlardan, fast-food məkanlarından və onlayn satış səhifələrindən hazır məhsullar sifariş etməyə üstünlük verirlər. Bu tendensiya bir tərəfdən vaxta qənaət etsə də, digər tərəfdən qidaların keyfiyyəti, tərkibi və saxlanma şəraiti ilə bağlı suallar yaradır.

Bəs müntəzəm hazır yemək sifariş etmək ailələrin, xüsusilə uşaqların sağlamlığına necə təsir edir? Evdə hazırlanan yeməklərlə müqayisədə hazır məhsulların uzunmüddətli istehlakı hansı risklər yaradır?

Qaynarinfo-ya açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hazır və yarımfabrikat məhsulları alarkən ilk növbədə onların mənşəyinə, tərkibinə və saxlanma şəraitinə diqqət yetirilməlidir.

Onun sözlərinə görə, xüsusilə ət məhsullarından hazırlanan yarımfabrikatların keyfiyyəti və təhlükəsizliyi ciddi əhəmiyyət daşıyır:

“Son illərdə vaxtın azlığından şikayət edən bir çox insanlar yarımfabrikat qidalara daha çox üz tutur və belə olan halda da bəzən vacib məqamları diqqətdən qaçırırlar. Belə məhsulların bir çox hallarda onlayn sifarişini və satışını həyata keçirən insanlar olur. Bu məqamda diqqət edəcəyiniz əsas məqam həmin məhsulun ət məhsulu olduğunu nəzərə almaqdır. Çünki ət zülal mənşəli qida olduğuna görə düzgün şəkildə saxlanılmadıqda, mənşəyi bəlli olmayan ətdən istifadə olunduqda bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər”.

Məhsəti Hüseynova qeyd edib ki, alıcılar hazır yeməyin hansı şəraitdə və hansı xammaldan hazırlandığını mütləq araşdırmalıdırlar. Xüsusilə ət məhsullarının keyfiyyəti burada əsas amillərdən biridir. Bəzi hallarda yarımfabrikatların hazırlanmasında keyfiyyətsiz və mənşəyi məlum olmayan ətlərdən istifadə edilə bilər:

“Diqqət edəcəkləri əsas məqam məhsulun hazırlanmasının mənşəyi bəlli olmalıdır və eyni zamanda həmin məhsulda, qidaların tərkibindəki ət həqiqətən də keyfiyyətli ətdən istifadə olunubmu? Çünki bir çox hallarda belə məhsullarda ənənəvi olmayan ətdən və eyni zamanda keyfiyyətsiz ətlərdən, yaxud da saxta ət qarışıqlarından istifadə edirlər. Burada az miqdarda ətdən, digər hissədə isə yeyilməyən hissələr olan qığırdaqlardan, bəzən dəridən istifadə edərək məhsul hazırlayırlar”.

Mütəxəssis bildirib ki, keyfiyyətsiz xammaldan hazırlanan məhsulların dadını və görünüşünü yaxşılaşdırmaq üçün süni dadlandırıcı və rəngləndiricilərdən də istifadə oluna bilər. Bu isə istehlakçı üçün əlavə sağlamlıq riskləri yaradır:

"Hazır yeməklərlə bağlı digər mühüm məsələ onların saxlanma şəraitidir. Xüsusilə ət və ət məhsulları temperatur rejiminə həssas olduğundan düzgün şəraitdə saxlanılmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühit yaranır. Nəticədə məhsulun keyfiyyəti aşağı düşə, onun istehlakı isə qida zəhərlənmələrinə səbəb ola bilər".

Məhsəti Hüseynova bu baxımdan temperatur rejiminə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Bu qidaların saxlanılma şəraiti çox vacibdir. Düzgün temperaturda saxlanılmayan məhsullar bakteriyaların çoxalması üçün əlverişli mühit yarada bilər ki, bu da məhsulun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Sağlam qidalanma mütəxəssisi hazır məhsulların qablaşdırılması və etiket məlumatlarının da alıcılar üçün əsas göstəricilərdən biri olduğunu deyib. Onun sözlərinə görə, məhsulun üzərində tərkibi, istehsalçı, istehsal tarixi və son istifadə müddəti barədə ətraflı məlumat olmalıdır. Qablaşdırma da məhsulun xüsusiyyətlərinə uyğun seçilməlidir.

“Ən önəmli məsələlərdən biri qablaşdırma və etiket məlumatlarının olmasıdır. Burada xüsusilə məhsulun tərkib hissəsi, istehsalçı haqqında ətraflı məlumat, istehsal tarixi, son istifadə müddəti və qablaşdırmanın həmin məhsulun fərdi xüsusiyyətlərinə uyğun olması vacibdir. Əgər detallı məlumatlar yoxdursa, yaxud istehsal tarixi və son istifadə müddəti ilə bağlı məlumatlar göstərilməyibsə, bu məhsul şübhəli məhsullar qismində hesab oluna bilər”.

Mütəxəssis hazır yeməklərin hazırlanmasında iştirak edən şəxslərin sağlamlıq vəziyyətinin və sanitar-gigiyenik qaydalara əməl olunmasının da əhəmiyyətini qeyd edib. Çünki qida hazırlanan mühitdə gigiyena normalarının pozulması məhsulun mikroblarla çirklənməsinə səbəb ola bilər. Bu risk xüsusilə ev şəraitində, lakin müvafiq nəzarət və gigiyena tələbləri olmadan hazırlanan və onlayn satılan məhsullarda diqqətdən kənarda qalmamalıdır.

Məhsəti Hüseynova bildirib ki, eyni zamanda həmin məhsulu hazırlayan insanın sağlamlıq dərəcəsi də ən vacib məsələlərdən biridir:

"Çünki onların işlədiyi mühit, işləyərkən həmin insanın tibbi baxışdan keçib-keçmədiyi və məhsulu hazırlayarkən sanitar-gigiyenik qaydalara əməl olunması da ən önəmli şərtlərdəndir. Əgər bu qaydalara düzgün əməl olunmayıbsa, məhsulun həm çirklənməsinə, həm də hər hansı mikrob və bakteriyaların keçməsinə səbəb ola bilər. Belə məhsullardan istifadə edən insanlar da bir çox sağlamlıq problemləri ilə üzləşə bilərlər”.

Günay İlqarqızı