
Avropanın şimal-şərqində baş verən hadisələr diqqətləri yenidən Rusiyanın mümkün addımlarına yönəldib. Regionda gərginliyin hansı həddə çata biləcəyinə dair irəli sürülən ssenari NATO-nun ən mühüm sınaqlarından birini gündəmə gətirib. Finlandiyanın keçmiş generalının diqqət çəkdiyi mümkün hadisələr arasında isə qüvvələr balansını dəyişə biləcək təhlükə ön plana çıxır.
Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, Estoniya ilə Rusiya arasında gərginlik müdafiə sənayesinə qarşı təxribat cəhdindən sonra yeni mərhələyə qədəm qoyub. Estoniya hökuməti ölkənin müdafiə sənayesində fəaliyyət göstərən pilotsuz uçuş aparatları istehsalçısı “Threod Systems” şirkətinə qarşı hücum cəhdini əsas gətirərək Rusiya ilə bütün quru sərhəd-keçid məntəqələrini bağlamaq qərarı verib. Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna qərarın dekabrın 1-dən qüvvəyə minəcəyini açıqlayıb.
Estoniya Daxili Təhlükəsizlik Xidməti KAPO-nun yaydığı açıqlamada “Threod Systems” şirkətinə qarşı həyata keçirildiyi bildirilən təxribat cəhdi ilə əlaqədar 8 nəfərin saxlanıldığı qeyd olunub. Uzunmənzilli hücum və kəşfiyyat məqsədilə pilotsuz uçuş aparatları istehsal edən şirkətin obyektlərinə hücumun binada partlayış və yanğın törətməyi hədəflədiyi bildirilib.
Təxribat Rusiya hərbi kəşfiyyat xidməti tərəfindən həyata keçirilib?
Estoniya rəsmiləri təxribat cəhdinin Rusiyanın hərbi kəşfiyyat xidməti QRU-nun göstərişi ilə həyata keçirildiyini iddia edirlər. Estoniyanın baş naziri Kristen Mixal da hücumun təsadüfi hadisə olmadığını, Rusiyanın Avropaya qarşı daha genişmiqyaslı hibrid müharibə strategiyasının bir hissəsini təşkil etdiyini bildirib.
Estoniyanın Rusiya ilə Narva, Koidula və Luhamaa olmaqla üç əsas quru sərhəd-keçid məntəqəsi var. Dekabrın 1-də qüvvəyə minməsi planlaşdırılan qərar çərçivəsində bu keçid məntəqələrinin bağlanması nəzərdə tutulur. Lakin məhdudiyyətlərin nə qədər davam edəcəyinə dair hələlik rəsmi təqvim açıqlanmayıb.
"Rusiya bizi qorxutmağa çalışır"
Estoniyanın baş naziri Kristen Mixal hücum cəhdinin ölkəsinin Ukraynaya göstərdiyi dəstəklə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya bu cür addımlarla Estoniyanı qorxutmağa, ölkənin təhlükəsizlik siyasətində tərəddüd yaratmağa və Ukraynaya göstərilən dəstəyi zəiflətməyə çalışır.
Mixal hökumətin təhlükəsizlik tədbirlərini gücləndirəcəyini və Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb. Sərhədlərin bağlanması qərarının əsas məqsədinin Estoniya xalqının və ölkənin milli təhlükəsizliyinin qorunması olduğunu bildirən baş nazir Rusiyanın təzyiq və təhdid siyasətinə baxmayaraq geri çəkilməyəcəklərini qeyd edib.

Finlandiyanın keçmiş generalından "Narva ssenarisi" xəbərdarlığı
Estoniyanın sərhəd-keçid məntəqələrini bağlamaq qərarı regionda Rusiyanın mümkün hərbi addımları ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib. Finlandiyanın keçmiş generalı və Avropa Parlamentinin üzvü Pekka Toveri “The Sun” nəşrinə açıqlamasında Moskvanın Narva üzərindən NATO-nun qətiyyətini sınağa çəkə biləcək ssenarini işə sala biləcəyi barədə xəbərdarlıq edib.
Toverinin fikrincə, Rusiya Estoniyanın sərhədləri bağlamaq qərarından təbliğat məqsədilə istifadə edərək regionda yaşayan rusdilli əhalinin hüquqlarının pozulduğu iddiasını gündəmə gətirə bilər. Beləliklə, Moskva mümkün müdaxiləni legitimləşdirmək üçün siyasi və psixoloji zəmin yaratmağa çalışa bilər.
Toveri Rusiyanın bu hadisəni ruslara qarşı düşmənçilik və sərhədin hər iki tərəfində yaşayan ailələrin bir-biri ilə görüşməsinə maneə yaradılması kimi təqdim edə biləcəyini bildirib. Onun sözlərinə görə, Estoniyanın qərarı Kremlin təbliğat fəaliyyətinə yeni material verə bilər.
Keçmiş generalın diqqət çəkdiyi əsas ehtimal isə Rusiyanın birbaşa genişmiqyaslı müharibəyə başlamaq əvəzinə, məhdud hərbi əməliyyat vasitəsilə NATO-nun kollektiv müdafiə mexanizmini çətin vəziyyətə salmağa çalışmasıdır.
Toveri Rusiyanın NATO-ya birbaşa və genişmiqyaslı hərbi çağırış edəcək gücə malik olmaya biləcəyini, lakin alyansın 5-ci maddə üzrə öhdəliklərini sınağa çəkəcək miqyasda məhdud ərazi ələ keçirməyə cəhd göstərə biləcəyini düşünür.
Pekka Toverinin qiymətləndirməsinə görə, mümkün Narva ssenarisi bir-biri ilə əlaqəli hibrid və hərbi addımlardan ibarət ola bilər. Bu çərçivədə Rusiyanın ilk növbədə sərhəd xəttində qeyri-müəyyənlik yaradacaq təxribatlara əl ata, hücumun əsl təşkilatçısını gizlətmək məqsədilə saxta sərhəd insidentləri təşkil edə biləcəyi ehtimal olunur.
Narvanın strateji əhəmiyyəti diqqəti çəkir
Estoniyanın üçüncü böyük şəhəri olan Narva ölkənin Rusiya sərhədində yerləşən ən mühüm yaşayış məntəqələrindən biridir. Narva çayının iki ölkə arasında təbii sərhəd yaratdığı ərazidə yerləşən şəhər Narva körfəzinə yaxın strateji mövqeyi ilə də seçilir.
Təxminən 60 min nəfərin yaşadığı şəhər əhalisinin 97 faizindən çoxunun rus dilində danışdığı bildirilir. Bu demoqrafik xüsusiyyət Narvanı Rusiyanın siyasi və təbliğat fəaliyyəti baxımından həssas bölgəyə çevirir.
Narvanın meri Yaan Toots daha əvvəl “The Sun” nəşrinə açıqlamasında Rusiyanın şəhərə mümkün hərbi müdaxiləsinin NATO üzvlüyünə görə çox ciddi nəticələr doğuracağını bildirib. Toots regionda hər zaman təhlükənin mövcud olduğunu, lakin Estoniyanın NATO üzvü olmasının mühüm təhlükəsizlik təminatı yaratdığını vurğulayıb.

Hadisələri hibrid müharibə cəhdi çərçivəsində dəyərləndirmək lazımdır
Estoniyanın Rusiya ilə quru sərhədindəki keçid məntəqələrini bağlamaq planının Baltik regionunda təhlükəsizlik balansını, eləcə də NATO ilə Rusiya arasındakı gərginliyi yenidən gündəmə gətirdiyini bildirən İstanbul Aydın Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müəllimi, Rusiya xarici siyasəti üzrə araşdırmalar aparan dosent Murat Ceyn hadisələrin hibrid müharibə və mümkün məhdud müdaxilə ssenariləri çərçivəsində qiymətləndirilməli olduğunu deyib.
Ceyn Estoniya rəhbərliyinin sərhədləri bağlamaq qərarını müdafiə sənayesi şirkəti “Traut System”ə qarşı təxribat cəhdindən sonra açıqladığına diqqət çəkib. O, Tallin rəhbərliyinin hadisənin arxasında Rusiya kəşfiyyatının dayandığını bildirdiyini xatırladıb.
Baş verənlərin daha əvvəl də müşahidə olunan hibrid təhdidlərlə oxşarlıq təşkil etdiyini söyləyən Ceyn belə danışıb:
“Estoniyanın xüsusilə Rusiya ilə quru sərhəd-keçid məntəqələrini, yəni avtomobil və digər quru nəqliyyatı keçidlərini dekabrın 1-dən bağlamaq planı Baltik təhlükəsizliyini, eləcə də Baltik regionunda NATO ilə Rusiya arasındakı gərginliyi yenidən görünən edib. Daha əvvəl də apardığımız müzakirələrdə Rusiyanın müxtəlif siyasət və pozuntular vasitəsilə NATO-nun sərhədlərini sınağa çəkdiyini, alyansın imkanlarını yoxlamağa çalışdığını bildirmişdik. Burada da oxşar vəziyyətlə qarşılaşırıq. Estoniya rəhbərliyi müdafiə sənayesi şirkəti “Traut System”ə qarşı təxribat cəhdindən sonra bu qərarı açıqlayıb və hadisənin arxasında Rusiya kəşfiyyatının dayandığını bildirib. Buna görə də baş verənləri hibrid müharibə cəhdi çərçivəsində qiymətləndirmək lazımdır”.
Sərhədlərin bağlanması qərarının əhatə dairəsi barədə də məlumat verən Ceyn bildirib ki, tənzimləmə ilkin mərhələdə avtomobil və piyada keçidlərini əhatə edir. Narvadakı dəmir yolu ilə yük daşımalarının isə tamamilə dayandırılması nəzərdə tutulmur.
Onun sözlərinə görə, dəmir yolu keçidinin uzun müddətə bağlanması üçün hökumət və ya parlament səviyyəsində əlavə qərar qəbul edilməlidir. Ceyn Rusiyanın bu hadisədən Narva üzərindən siyasi və hərbi müdaxilə ritorikasını gücləndirmək üçün istifadə edə biləcəyini də qeyd edib.

Narva üzərindən müdaxilə, yoxsa rus azlığı vasitəsilə yeni addım?
Rusiyanın mümkün müdaxilə ehtimalını qiymətləndirərkən bəyanatlar və faktiki hərbi addımlar arasında fərq qoyulmasının vacibliyini vurğulayan Murat Ceyn Moskvanın nüvə təhdidi ritorikasından da oxşar şəkildə istifadə etdiyini bildirib:
“Rusiya Narva üzərindən mümkün müdaxilə məsələsini, əlbəttə, bəyanatlar səviyyəsində gündəmə gətirə bilər. Nitekim Ukrayna müharibəsi boyunca nüvə silahından istifadə məsələsi də Rusiyanın tez-tez dilə gətirdiyi mövzulardan biri olub. Lakin bu cür bəyanat və təhdidlərin həyata keçirilməsinin çox ağır nəticələri ola biləcəyi üçün Moskva, adətən, qarşı tərəfin reaksiyasını ölçməyə yönəlmiş siyasət yürüdür. Buna görə də Narva üzərindən mümkün müdaxilənin birbaşa hərbi qərar səviyyəsinə çatdırılacağını söyləmək düzgün olmaz. Bununla belə, Rusiya regiondakı hadisələrdən öz xarici siyasət ritorikasında istifadə edə bilər”.
Ceyn Estoniyanın təhlükəsizlik narahatlıqlarından birinin də ölkədəki rus azlığının əhali arasındakı payı olduğunu bildirib. Onun sözlərinə görə, Estoniya əhalisinin təxminən 25 faizini rus azlığı təşkil edir. Oxşar demoqrafik vəziyyət digər Baltikyanı ölkələrdə də müşahidə olunur.
Rusiya bu icmaların hüquqlarının pozulduğu və ya onların cəzalandırıldığı barədə iddialardan siyasi vasitə kimi istifadə edə bilər. Ceyn sərhədlərin bağlanması qərarının da rusdilli əhalinin ailə əlaqələrinin kəsilməsi kimi təqdim edilərək təbliğat materialına çevrilə biləcəyini söyləyib.
Moskvanın hesablanmış gərginlik strategiyası
Finlandiyalı general Pekka Toverinin Estoniya və Narva üzərindən mümkün təhlükələrlə bağlı qiymətləndirməsinin diqqətə alınmalı olduğunu bildirən Murat Ceyn Rusiyanın hibrid əməliyyatlar, məhdud hərbi addımlar və onların ardınca nüvə təhdidi ritorikası kimi üsullara əl ata biləcəyi ehtimalının nəzərdən qaçırılmamalı olduğunu deyib.
Bununla belə, Ceyn bu ssenarilərin mütləq reallaşacağını iddia etməyin düzgün olmadığını vurğulayıb. O, hərbi ekspertin xəbərdarlıqlarının ciddi şəkildə nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
Ceynin sözlərinə görə, Rusiya mümkün məhdud müdaxilə ilə NATO ordularını genişmiqyaslı müharibəyə cəlb etməkdən daha çox, alyansın nə qədər sürətli və koordinasiyalı qərar qəbul edə bildiyini sınağa çəkməyi hədəfləyə bilər. Belə cəhdlərdə hücumların məsuliyyətinin üzərinə götürülməməsi də strategiyanın bir hissəsi ola bilər.
Ekspert Rusiyanın NATO ərazisini birbaşa hərbi güc tətbiq etməklə ələ keçirməsinin daha ağır nəticələr doğuracağını bildirib və məhdud müdaxilə anlayışını belə izah edib:
“Burada məhdud müdaxilə dedikdə, xüsusilə NATO üzvü olan ölkənin ərazisinin Rusiya hərbi qüvvələri tərəfindən ələ keçirilməsini nəzərdə tutmuram. Belə bir addımın nəticələri çox ağır olar. NATO ərazisinə birbaşa hücum Rusiya üçün asan nəticələr verə biləcək təşəbbüs deyil. Hücum edən tərəf öz addımını kiçik və ya məhdud hesab etsə belə, qarşı tərəfin verəcəyi reaksiya münaqişənin müddətini və miqyasını dəyişə bilər. Buna görə də Rusiyanın birbaşa belə bir hərbi addım atacağını söyləmək düzgün olmaz. Lakin daha kiçikmiqyaslı, mahiyyəti qeyri-müəyyən saxlanılan və məsuliyyəti üzərinə götürülməyən hibrid hücumlar vasitəsilə NATO-nun qərar qəbuletmə mexanizmini sınağa çəkməyə çalışması mümkündür”.

NATO-nun 5-ci maddəsi avtomatik olaraq işə düşmür
Murat Ceyn NATO Müqaviləsinin 5-ci maddəsi ilə bağlı müzakirələrə də toxunaraq kollektiv müdafiə prinsipinin əhəmiyyətinə baxmayaraq, hər təxribatın və ya sərhəd pozuntusunun avtomatik olaraq bu maddəni qüvvəyə mindirmədiyini bildirib.
Onun sözlərinə görə, NATO ilk növbədə hadisənin xarakterini və məsul tərəfi müəyyənləşdirir. Belə vəziyyətdə 5-ci maddədən əvvəl 4-cü maddə çərçivəsində müttəfiqlər arasında məsləhətləşmə mexanizmi işə salına bilər.
Ceyn NATO-nun 5-ci maddəsinin tarixdə yalnız 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror hücumlarından sonra tətbiq edildiyini xatırladıb. O, maddənin işə salınmasının bütün müttəfiqlərin eyni vaxtda müharibə elan etməsi anlamına gəlmədiyini vurğulayıb.
Kollektiv müdafiə öhdəliyinin hücuma məruz qalan müttəfiqə yardım göstərilməsini nəzərdə tutduğunu bildirən Ceyn bu yardımın formasının müttəfiqlər tərəfindən müəyyənləşdirildiyini qeyd edib və fikirlərini belə tamamlayıb:
“Hər təxribat və ya sərhəd gərginliyi avtomatik olaraq NATO-nun 5-ci maddəsini gündəmə gətirmir. Alyans ilk növbədə hadisənin xarakterini və məsuliyyəti daşıyan tərəfi qiymətləndirir. Təhdid olduğu halda 5-ci maddədən əvvəl 4-cü maddə çərçivəsində müttəfiqlərin bir araya gələrək məsləhətləşmələr aparması da mümkündür.
İkincisi, 5-ci maddə işə salındıqda bütün müttəfiqlərin eyni vaxtda müharibə elan edəcəyi düşüncəsi doğru deyil. NATO Müqaviləsi hücuma məruz qalan müttəfiqə yardım göstərmək öhdəliyi yaradır, lakin bu yardımın necə həyata keçiriləcəyi və hərbi qüvvədən hansı formada istifadə olunacağı ayrıca müəyyənləşdirilir. Buradakı çeviklik və qeyri-müəyyənlik NATO-nun heç bir reaksiya verməyəcəyi anlamına da gəlmir”.
Aydın