
Britaniya kral ailəsində uzun müddətdir davam edən qardaş münaqişəsi hələ də həllini tapmayıb. Şahzadə Harri münasibətləri düzəltmək üçün qardaşı Uilyama barışıq əli uzatsa da, gələcək kralın bu təklifi qəbul etməyə hazır olmadığı bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Hürriyet” nəşri saray ətrafındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Harri həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə Böyük Britaniyaya qayıtdıqdan sonra ailə münasibətlərinin bərpasına ümid yaranıb. Lakin Kral III Çarlzın gələcək varisi olan Uilyam kiçik qardaşını bağışlamaq niyyətində deyil. Hətta onun Harrini sanki həyatında heç vaxt belə bir qardaşı olmayıbmış kimi görməzdən gəldiyi iddia olunur.
42 yaşlı Harri son müsahibəsində ailə daxilindəki münasibətlərin düzəlməsini istədiyini açıq şəkildə ifadə edib. O, bəzi insanların barışığa mane olduğunu düşündüyünü bildirərək, keçmişdə yaşananları geridə qoymağın vacibliyini vurğulayıb. Harri həmçinin qardaşı Uilyam və atası Kral Çarlzla münasibətlərinin pozulmasının ona ciddi emosional təsir göstərdiyini etiraf edib.
Qardaşlar arasındakı gərginlik Harrinin 2018-ci ildə Meqan Marklla evlənməsindən sonra dərinləşməyə başlayıb. Cütlüyün kral ailəsinin rəsmi vəzifələrindən imtina edərək ABŞ-yə köçməsi, 2021-ci ildə CBS telekanalına verdikləri müsahibədə monarxiyanı tənqid etmələri və daha sonra Netflix layihələrində ailədaxili problemləri açıqlamaları münasibətləri daha da korlayıb. Harrinin 2023-cü ildə nəşr olunan “Spare” adlı xatirə kitabı da narazılığı artıran amillərdən olub.
Nəşrin yazdığına görə, Uilyam qardaşı və onun həyat yoldaşının davranışlarından hələ də narazıdır. O, Harri və Meqanın kral ailəsinin məsuliyyətlərindən uzaqlaşdıqdan sonra ölkəyə qayıdaraq yenidən diqqət mərkəzində olmaq istəyini qəbul edə bilmir.
Hazırda Uilyamın diqqətini atası Kral Çarlzın sağlamlığına, həyat yoldaşı Keyt Middltonun vəziyyətinə və gələcəkdə taxta çıxması ilə bağlı hazırlıqlara yönəltdiyi bildirilir. Ailədə barışıq ehtimalı isə hələlik çox zəif görünür.
Aydın