XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Pensiya artır, bəs alıcılıq qabiliyyəti: Aşağı təqaüd alanlar niyə daha çox itirir?
Ekonomiks11:00 17.09.2026

Pensiya artır, bəs alıcılıq qabiliyyəti: Aşağı təqaüd alanlar niyə daha çox itirir?

Azərbaycanda pensiyaların artırılması məsələsi yenidən sosial və iqtisadi gündəmin əsas mövzularından birinə çevrilib. Pensiya ödənişlərinin artırılması bir tərəfdən vətəndaşların nominal gəlirlərinə birbaşa təsir edir, digər tərəfdən isə qiymət artımlarının davam etdiyi şəraitdə bu artımın real gəlirlərə nə dərəcədə təsir göstərdiyi sualını gündəmə gətirir.

Məsələ yalnız pensiyaların neçə faiz artırılması ilə məhdudlaşmır. Əsas sual budur ki, pensiyadakı artım ərzaq, dərman, kommunal xidmətlər və digər zəruri xərclərin bahalaşmasını nə dərəcədə kompensasiya edir?

Eyni zamanda, müxtəlif pensiyaçı qruplarının istehlak səbətinin fərqli olması artımın onların real rifahına təsirini də dəyişir.

Pensiya artımının pensiyaçıların real gəlirlərinə təsirini necə qiymətləndirmək olar? İnflyasiya bu artımın alıcılıq qabiliyyətini azalda bilərmi?

İqtisadçı Elçin Rəşidov Qaynarinfo-ya açıqlamasında bildirib ki, pensiyanın nominal artımı inflyasiyanı üstələyirsə, pensiyaçıların real gəlirləri müəyyən qədər artır:

“Deyək ki, pensiya 10 faiz artır, inflyasiya isə 7 faizdir. Bu halda pensiyada real artım təxminən 3 faiz təşkil edir. Amma burada mühüm bir məqam var: pensiyaçıların xərcləri əhalinin digər qruplarının xərclərindən fərqlənir. Onların istehlak səbəti də eyni deyil. Ona görə pensiya artımını ümumi inflyasiya ilə müqayisə etməkdənsə, pensiyaçıların istehlak səbəti ilə onların gəlirlərindəki artımı müqayisə etmək daha doğru olar. Çünki pensiyaçıların xərclərində dərmanların payı adətən daha yüksək olur. Kommunal ödənişlərin də onların büdcəsində daha böyük paya malik olması mümkündür”.

Elçin Rəşidov bildirib ki, bu səbəbdən pensiyaçılar üçün ayrıca inflyasiya göstəricisi hesablansa, onların istehlakında daha böyük paya malik məhsul və xidmətlərə daha yüksək çəki verilməlidir:

”Həmin məhsul və xidmətlərdəki qiymət artımları pensiyaçıların real gəlirlərinin qiymətləndirilməsində daha çox nəzərə alınmalıdır. Deməli, pensiya artımını qiymətləndirərkən yalnız ümumi inflyasiyaya baxmaq kifayət deyil. Əvvəlcə pensiyaçıların əsas xərclərinin nədən ibarət olduğunu müəyyənləşdirmək lazımdır. Ərzaq, dərman və kommunal xidmətlər əsas xərc istiqamətləridirsə, məhz həmin məhsul və xidmətlərin qiymət dəyişiklikləri nəzərə alınmalıdır. Pensiyaçıların xərclərində daha az paya malik məhsullara isə uyğun olaraq daha aşağı çəki verilməlidir”.

İqtisadçının sözlərinə görə, pensiya artımı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da birbaşa inflyasiya göstəricisinə bağlanmır. Pensiyaların indeksləşdirilməsində əvvəlki dövrdə orta aylıq əməkhaqqının artım tempi kimi göstəricilər nəzərə alınır. Əvvəlki, yəni ötən ilin orta aylıq əməkhaqqının artım tempinə əsasən müəyyən qərarlar qəbul edilir. Əməkhaqqında artım varsa, təbii olaraq pensiya fonduna daxilolmalar da artır və bu, pensiyaların yüksəldilməsi üçün maliyyə imkanlarının formalaşmasına təsir göstərir. Məsələn, əgər 2026-cı ildə rəsmi rəqəmlər ilin ilk altı ayında orta aylıq əməkhaqqında təxminən 7 faizlik artım olduğunu göstərirsə, gələn il pensiyaların artırılması məsələsinə baxılarkən bu göstərici də nəzərə alına bilər. Əməkhaqqında müəyyən artım olduğu əsas götürülərək pensiyaların da uyğun şəkildə artırılması mümkün hesab edilə bilər”.

Elçin Rəşidovun fikrincə, həmin artımın pensiyaçının rifahına real təsirini artıq inflyasiya müəyyən edir:

”Yəni qərarın qəbul edilməsində əvvəlki dövrdə orta aylıq əməkhaqqının artımı əsas götürülsə də, pensiyaçının real gəlirinin nə qədər dəyişdiyini müəyyənləşdirən əsas amillərdən biri inflyasiya ilə həmin artımın müqayisəsidir”.

Ekspert hesab edir ki, diqqət yetirilməli əsas məsələlərdən biri də pensiyaçıların vahid sosial qrup kimi qəbul edilməsinin düzgün olmamasıdır:

”Çünki Azərbaycanda həm yüksək, həm də aşağı məbləğdə pensiya alanlar var və onların istehlak strukturu ciddi şəkildə fərqlənir. Azərbaycanda pensiya məbləğləri arasında kifayət qədər böyük fərqlər var. Aşağı və yüksək pensiya alanların xərc və istehlak strukturu eyni deyil. Məsələn, aşağı pensiya alanların xərclərində ərzağın payı faiz etibarilə daha yüksəkdir. Yüksək pensiya alanlarda isə ərzağın payı nisbətən azalır, digər xərclərin, o cümlədən istirahət, avtomobil və xaricdə istirahət kimi xərclərin payı arta bilir”.

Elçin Rəşidov hesab edir ki, pensiyaçılar arasında da ciddi fərqlər var. Ona görə onları vahid qrup kimi qiymətləndirmək düzgün olmaz:

”Əhalini ümumi qrup kimi götürmək əvəzinə müxtəlif gəlir qruplarına bölürük, pensiyaçıları da aşağı, orta və yüksək pensiya alanlar kimi ayrıca təhlil etsək, mənzərə daha dəqiq və aydın görünər”.

İqtisadçı hesab edir ki, burada əsas suallardan biri qiymət artımlarının müxtəlif pensiyaçı qruplarına necə təsir etməsidir:

“Bu zaman belə bir sual yaranır: hansı məhsulların qiymətinin artması hansı qrupa daha çox təsir edir? Məsələn, Azərbaycanda son illərdə ərzaq məhsullarının qiymətləri bir sıra digər məhsul və xidmətlərlə müqayisədə daha sürətlə artıb. Bu isə aşağı gəlirli əhali, o cümlədən aşağı pensiya alanlar üçün daha böyük xərc yükü yaradır. Çünki onların istehlak səbətində ərzağın payı daha yüksəkdir. Tutaq ki, rəsmi inflyasiya 6 faiz göstərilir, lakin əhalinin müəyyən qruplarının üzləşdiyi faktiki qiymət artımı bundan daha yüksəkdir. Aşağı gəlirli əhali üçün bu fərq daha ciddi hiss oluna bilər. Çünki onların istehlak səbətinə uyğun hesablanan fərdi inflyasiya göstəricisi ümumi inflyasiyadan əhəmiyyətli dərəcədə yüksək ola bilər. Məsələn, əvvəlki dövrlərdən birində rəsmi inflyasiya təxminən 10 faiz olduğu halda, ərzaq inflyasiyası 22 faizə çatmışdı. Göründüyü kimi, ümumi inflyasiya ilə ayrı-ayrı məhsul qruplarındakı qiymət artımları arasında ciddi fərq yarana bilər”.

Ekspert onu da əlavə edib ki, pensiya artımının real effektini yalnız elan olunan faizlə ölçmək mümkün deyil:

”Pensiyanın neçə faiz artırılmasından daha vacib sual həmin artımın pensiyaçının gündəlik xərclərinə necə təsir etməsidir. Xüsusilə aşağı pensiya alanların büdcəsində ərzaq, dərman və kommunal xərclərin payı yüksək olduğundan, bu sahələrdəki qiymət artımları onların real gəlirlərini daha ciddi şəkildə azalda bilər”.

Şəbnəm İbrahimxəlilova