XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şimali Koreyanın qaranlıq üzü: Milyardların arxasındakı dəhşətli sistem
Dünya10:32 17.09.2026

Şimali Koreyanın qaranlıq üzü: Milyardların arxasındakı dəhşətli sistem

Kim Çen In administrasiyası Rusiya və Çinlə güclənən əlaqələri sayəsində milyardlarla dollarlıq yeni gəlir mənbələrinə çıxış əldə edib. Bu iqtisadi sistemin arxasında məcburi əməyə cəlb olunan işçilər, ağır şəraitdə çalışan mədənçilər və Ukrayna müharibəsinə göndərilən Şimali Koreya əsgərlərinin olduğu bildirilir.

Qaynarinfo xəbər verir ki, “The New York Times”da yayımlanan material ölkənin artan iqtisadi və hərbi imkanlarının arxasındakı ağır bədəli ortaya qoyub.

Şimali Koreya lideri Kim Çen In Rusiya və Çinlə əlaqələrini gücləndirməklə ölkəsinin iqtisadi və hərbi imkanlarını artırıb. Lakin bu yüksəlişin arxasında ağır əmək şəraiti, məcburi əməyə cəlb olunan işçilər, mədənlərdə həyatını itirən əməkçilər və Ukrayna müharibəsində cəbhəyə göndərilən əsgərlərdən ibarət qaranlıq mənzərənin olduğu qeyd edilir.

“The New York Times”ın materialına istinadən yayılan məlumatlara görə, Pxenyan administrasiyası Rusiyaya əsgər və sursat göndərərək bunun müqabilində iqtisadi resurslar və qabaqcıl hərbi texnologiya əldə edib. Ölkənin həmçinin xaricə göndərdiyi işçilər, təbii ehtiyatlar və kiber fəaliyyətlər vasitəsilə milyardlarla dollar gəlir əldə etdiyi bildirilir.

Şimali Koreyanın iqtisadiyyatı yenidən böyüyüb

Şimali Koreya iqtisadiyyatı koronavirus pandemiyası dövründəki daralmadan sonra son üç ildə hər il 3 faizdən çox böyüyüb. Kim Çen In administrasiyası bu müddətdə Rusiya və Çinlə əlaqələrini daha da inkişaf etdirib.

Lakin bildirilir ki, iqtisadi artımın mühüm hissəsi əhali üzərindəki ağır əmək şəraitindən və ölkənin xarici mənbələrə əsaslanan gəlir modelindən qaynaqlanıb.

Şimali Koreya Ukrayna müharibəsi zamanı Rusiyaya minlərlə əsgər və böyük həcmdə sursat göndərib. Bunun müqabilində Moskvanın Pxenyana un, donuz əti və neft kimi əsas məhsullarla yanaşı, qabaqcıl hərbi texnologiya verdiyi qeyd olunur.

Rusiyaya göndərilən Şimali Koreyalı əsgərlərin əhəmiyyətli hissəsinin öldüyü və ya yaralandığı bildirilir. Minlərlə insanın isə cəbhə arxasında pilotsuz uçuş aparatları istehsal edən fabriklərdə, müharibə nəticəsində zərər görmüş şəhərlərin bərpasında və yaşayış layihələrində çalışdırıldığı qeyd edilir.

“Biz sadəcə yük heyvanı idik”

Şimali Koreyanın işçi qüvvəsi ixracının da rejimin mühüm gəlir mənbələrindən birinə çevrildiyi bildirilir.

Rusiyaya göndərilən bəzi Şimali Koreyalıların tələbə vizası aldığı, lakin təhsil müəssisələrinə heç vaxt getmədiyi üzə çıxıb. İşçilərin konteynerlərdə və ya tamamlanmamış binalarda yaşadığı, gündə təxminən 14 saat işlədildiyi və son dərəcə məhdud məzuniyyət imkanlarından istifadə etdiyi bildirilib.

Rusiyadakı bəzi iş elanlarında Şimali Koreyalı işçilər üçün uzun iş saatlarının açıq şəkildə göstərildiyi qeyd olunur. Elanların birində “İntizamı təmin edirik: İşçilər qəti şəkildə qrafikə uyğun işləyir, siqaret fasiləsi vermir və işə gəlməməzlik etmir” ifadələrinin yer aldığı bildirilir.

Bəzi işçilərin ildə cəmi iki gün məzuniyyət etdiyi qeyd olunur.

Şimali Koreyalı işçilərin ən böyük şikayətlərindən birinin isə ailələri ilə əlaqə saxlaya bilməmələri olduğu bildirilir. Xüsusilə Özbəkistan, Qırğızıstan və Ermənistandan gələn işçilərin ailələri ilə sərbəst şəkildə telefonla danışa bilməsi Şimali Koreyalılar üçün ciddi bərabərsizlik yaradıb.

İşçilərdən biri yaşadıqlarını “Biz sadəcə yük heyvanı idik” sözləri ilə ifadə edib.

Kömür və mədənlərdə məcburi əmək

Şimali Koreyanın gəlir mənbələrindən birinin də təbii ehtiyatlar olduğu bildirilir.

BMT sanksiyalarına baxmayaraq, Şimali Koreya kömürünün Çinə göndərilməsinin davam etdiyi qeyd olunur. Peyk görüntülərinin Çinin Şimali Koreyadan kömür idxalını davam etdirdiyini göstərdiyi bildirilir.

Kömürün əhəmiyyətli hissəsinin ölkənin şimal və mərkəzi bölgələrindəki mədənlərdə məcburi əməyə cəlb olunan işçilər tərəfindən çıxarıldığı qeyd edilir.

Dəmir filizi mədənlərində də oxşar şəraitin yaşandığı bildirilir. İşçilərin uzun müddət yerin altında çalışdığı, istehsal kvotalarının artırıldığı və bəzi mədənlərdə partlayışların baş verdiyi qeyd olunur.

Şimali Koreyalılardan biri ölkədən çıxarılan mədən məhsullarının ağır əmək şəraitinə görə “qanla ləkələndiyini” deyib.

Parik və süni kirpiklərin arxasındakı əmək şəraiti

Şimali Koreyanın əsas rəsmi ixrac məhsullarından biri olan parik və süni kirpiklərin də məcburi əməyə cəlb olunan işçilərin əməyinə əsaslandığı iddia edilir.

Çinə göndərilən xammalın Şimali Koreyadakı əmək düşərgələrinə çatdırıldığı, burada istehsal olunan məhsulların isə yenidən Çinə göndərildiyi bildirilir.

Düşərgələrdə qadın məhbusların gündəlik istehsal kvotalarını yerinə yetirməyə məcbur edildiyi qeyd olunur. Kvotanı doldura bilməyənlərin döyüldüyü və yeməklərinin azaldıldığı bildirilir.

Şimali Koreyanın keçmiş məhbuslarından Baek Hye-ok Çonqori əmək düşərgəsindəki şəraitdən danışıb.

“Bütün həyatınız kvotanızı doldurmağınızdan asılı idi. Uğursuz olsanız, döyülər və yemək payınız kəsilərdi”, - deyə o bildirib.

Baek qaldığı kameralarda yüzlərlə qadının son dərəcə ağır şəraitdə yaşadığını, bəzi məhbusların aclıq səbəbindən həşərat yeməyə qədər çarəsiz vəziyyətə düşdüyünü söyləyib.

Digər keçmiş məhbus Li Yonq-cun isə düşərgəni “əsl cəhənnəm” kimi təsvir edib.

Əhalinin bütün təbəqələri kvotaya bağlanıb

Şimali Koreyada istehsal kvotalarının yalnız fabriklərlə məhdudlaşmadığı bildirilir.

Kəndlilərin Çinə göndərilmək üçün meyvə topladığı, tələbələrin isə əsgərlərin əlcəklərində istifadə olunmaq üçün dovşan dərisi topladığı qeyd edilir.

Traktor fabriklərinin eyni zamanda tank istehsalında istifadə edildiyi, ordunun isə ölkə üzrə tikinti layihələrində ödənişsiz işçi qüvvəsi kimi çalışdırıldığı bildirilir.

Diplomatların da rejimin gəlir mənbələrinə töhfə verdiyi qeyd olunur. Bəzi diplomatların diplomatik çantalarda siqar və kərgədan buynuzu kimi məhsullar daşıdığı, əldə edilən gəlirlərin Kim Çen In administrasiyasının ehtiyacları üçün istifadə edildiyi bildirilir.

Kibercinayətlərlə milyardlarla dollar

Şimali Koreya administrasiyasının gəlir əldə etdiyi sahələrdən biri də kiber fəaliyyətlərdir.

Ölkənin riyaziyyat və təbiət elmləri sahəsində istedadlı uşaqları seçərək onları proqram mühəndisi və haker kimi yetişdirdiyi, daha sonra bu şəxsləri Çin, Rusiya və Yaxın Şərq ölkələrinə göndərdiyi bildirilir.

Bu şəxslərin xüsusi xidmət orqanları tərəfindən yaxından izlənildiyi qeyd olunur.

TRM Labs məlumatlarına görə, Şimali Koreya ilə əlaqəli hakerlər ilin ilk dörd ayında dünya üzrə oğurlanan kriptovalyutaların 76 faizinə görə məsuliyyət daşıyıb.

Şimali Koreyalı diplomat və rəsmilərin xaricdə çalışan vətəndaşlardan əldə olunan gəlirlərin ölkəyə köçürülməsində də rol oynadığı bildirilir.

Kim Çen Inın həyat tərzinin qarşılığı

Ölkənin rəsmi təbliğatında pulsuz səhiyyə xidmətləri, təhsil və digər sosial xidmətlər ön plana çıxarılır. Lakin materialda təsvir olunan mənzərənin sistemin böyük ölçüdə əhalidən alınan məcburi ödənişlər və ucuz işçi qüvvəsi üzərində qurulduğunu göstərdiyi bildirilir.

Şimali Koreya administrasiyasının əldə etdiyi resursların Kim Çen Inın dəbdəbəli həyat tərzi və hərbi proqramları üçün istifadə edildiyi qeyd olunur. Dəbdəbəli avtomobillər, yaxtalar, bahalı yeməklər və istirahət obyektləri ilə yanaşı, nüvə silahı proqramının da bu resurslarla maliyyələşdirildiyi bildirilir.

Şimali Koreyanın Küveytdəki keçmiş səfirliyinin müvəqqəti işlər vəkili Ryu Hyon-u sistemi belə təsvir edib:

“Şimali Koreya hər şeyin pulsuz olduğu, vergisiz ölkə olduğunu iddia edir. Əslində isə sistem əhalisini istismar etməklə ayaqda qalır.”

Ukraynada minlərlə Şimali Koreyalı əsgər

Şimali Koreyanın Rusiya ilə qurduğu əməkdaşlığın ən ağır nəticələrindən birinin əsgərlərin Ukrayna müharibəsinə göndərilməsi olduğu bildirilir.

Ötən il Ukrayna qüvvələri Kursk vilayətində öldürülən Şimali Koreyalı zabitin üzərində bəzi sənədlər aşkar edib. Sənədlərin Rusiyaya göndərilən təxminən 16 min Şimali Koreyalı əsgərin üzləşdiyi şəraitlə bağlı məlumatları ehtiva etdiyi bildirilir.

Cənubi Koreya kəşfiyyatı döyüşlərdə təxminən 2 min Şimali Koreyalı əsgərin öldüyünü təxmin edib.

Sənədlərdə Şimali Koreya bölmələrinin intensiv artilleriya atəşi və pilotsuz uçuş aparatlarının hücumları ilə üzləşdiyi qeyd olunub. Yaralı əsgərlərin təxliyəsindəki gecikmələrin də ölümlərə səbəb olduğu bildirilir.

Sənədlərdən birində “Yaralıların vaxtında təxliyə edilə bilməməsi səbəbindən təxliyə zamanı döyüşçülər həyatını itirib” ifadələrinin yer aldığı bildirilir.

Şimali Koreya administrasiyasının isə həyatını itirən əsgərləri “şəhid” kimi təqdim etdiyi və müharibədə təslim olmaq əvəzinə qumbaralardan istifadə edərək özlərini öldürən əsgərləri qəhrəmanlaşdırdığı qeyd olunur.

“Kəpənək olacağam və səni tapacağam”

Ukraynanın xüsusi təyinatlı qüvvələrinin ələ keçirdiyi Şimali Koreyalı əsgərlərdən birinin gündəliyində cəbhədəki hərbçilərin yaşadığı qorxu və döyüşlərin təfərrüatları əks olunub.

Əsgər bir tərəfdən “vətən və partiya üçün ən böyük sevinc və məmnuniyyət” hissi ilə döyüşməli olduğunu düşünərkən, digər tərəfdən bu missiyanın əsgərlərin həyatına son qoya biləcəyindən qorxduğunu yazıb.

2024-cü ilin dekabrında həyatını itirən əsgər son mesajında geridə qoyduğu insana qayıdacağına söz verib.

Gündəliyindəki son ifadələrdən biri belə olub: “Kəpənək olacağam və səni tapacağam".

Aydın