XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nəhəng hava aparatı 30 min kilometr məsafə qət etdi
Dünya20:58 15.09.2026

Nəhəng hava aparatı 30 min kilometr məsafə qət etdi

Amerikanın “Sceye” şirkətinə məxsus nəhəng dirijabl (hava aparatı) rekord sayılan sınaq uçuşunu uğurla başa vurub.

Qaynarifno “Gizmodo”ya istinadən xəbər verir ki, aparat 18 641 mil, yəni təxminən 30 min kilometr məsafə qət edib.

“Sceye” avqustun 9-da “Service Test 1” (ST1) missiyasına başlayıb. Dirijabl Nyu-Meksiko ştatından Yaponiyaya, oradan isə yenidən ABŞ-a uçaraq Sakit okeanı keçib. Missiya zamanı aparat, bir qayda olaraq, təxminən 16,5 kilometr yüksəklikdə hərəkət edib.

Dirijabl bir həftə ərzində Yaponiyanın üzərində qalıb. Bu müddətdə onun fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı stratosferdən yüksək sürətli rabitə təmin etmək imkanları sınaqdan keçirilib.

Dirijalın göyərtəsində stratosferdə fəaliyyət göstərmək üçün hazırlanmış “SceyeCELL” telekommunikasiya sistemi yerləşdirilib. Bu sistem smartfonlarda hər hansı dəyişiklik etmədən adi mobil cihazların birbaşa şəbəkəyə qoşulmasına imkan verir.

Uçuş zamanı dirijabl mobil genişzolaqlı rabitə imkanlarını nümayiş etdirib. Buraya mətn mesajlarının göndərilməsi, səsli zənglər, internetə çıxış və videoların yayımlanması daxildir. Həmçinin genişmiqyaslı fəlakətlər üçün nəzərdə tutulan fövqəladə bildiriş sistemi vasitəsilə təcili zənglər də sınaqdan keçirilib.

“Sceye” şirkətinin təsisçisi və baş direktoru Mikkel Vestergor Frandsen bildirib ki, missiya təkcə texnologiyaların, aparat sistemlərinin, faydalı yükün və əməliyyat infrastrukturunun rabitə xidmətləri göstərməyə hazır olduğunu deyil, həm də stratosferin gələcək kosmosdankənar infrastrukturun əsasını təşkil edəcəyini sübut edib.

O əlavə edib ki, stratosfer gələcəkdə 6G dövrü də daxil olmaqla, fasiləsiz rabitənin inkişafını təmin edəcək.

“Sceye”nin rəsmi olaraq “High Altitude Platform Systems” (HAPS) adlandırılan eksperimental aparatları mobil rabitə qüllələri prinsipi ilə fəaliyyət göstərmək üçün nəzərdə tutulub. Bu qurğular yanacaq sərf etmədən aylarla, hətta illərlə stratosferdə qala bilər.

Stratosfer dirijablının uzunluğu təxminən 65 metrdir. Korpusun üst hissəsində yerləşən günəş panelləri rabitə avadanlıqlarını enerji ilə təmin edir və stratosfer küləklərinə baxmayaraq aparatın müəyyən edilmiş mövqedə qalmasına kömək edir.

“Sceye”nin məlumatına görə, sistem tam miqyasda istifadəyə verildikdən sonra bir dirijabl təxminən 500 yerüstü rabitə qülləsinə bərabər ərazini əhatə edə biləcək. Bu texnologiya ənənəvi infrastrukturun qurulmasının coğrafi, iqtisadi və ya texniki məhdudiyyətlərlə üzləşdiyi bölgələrdə xüsusilə tələbatlı ola bilər.

Müasir aerostatlardan hərbi sahədə, elmi tədqiqatlarda, telekommunikasiyada və turizmdə fəal istifadə olunur. Daha əvvəl Rusiyada mobil rabitənin təmin edilməsi üçün aerostat hazırlandığı barədə məlumat yayılmışdı.

Bu aparat rabitə əhatəsinin zəif olduğu ərazilərin əlaqə ilə təmin edilməsi üçün nəzərdə tutulub. Mobil baza stansiyalarından fərqli olaraq, qurğu radio modulunu havaya qaldırır. Bunun sayəsində relyef xüsusiyyətləri siqnalın keyfiyyətinə daha az təsir göstərir. Rusiya tərəfinin məlumatına görə, ilk aerostat rabitə şəbəkələrində sınaq istismarından keçib.

Bundan başqa, NATO-nun hidrogen yanacağı ilə işləyən avtonom dirijablı sınaqdan keçirdiyi də bildirilib. Gələcəkdə bu aparat dəniz akvatoriyalarının patrul edilməsi üçün yeni platforma kimi istifadə oluna bilər.

Qeyd: Dirijabl içərisi havadan yüngül qazla doldurulmuş korpusu olan, xüsusi mühərrikli idarə olunan uçuş aparatı, yəni idarə olunan aerostatdır.

Aydın