Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər.
Qaynarinfo “The Independent”ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub.
Narıncı balqabaqlar ənənəvi olaraq payız bayramının əsas simvollarından biridir. Onlardan qorxunc üzlər və müxtəlif fiqurlar hazırlanır. Lakin fermerlər xəbərdarlıq edirlər ki, bu il meyvələr adi ölçüsündən demək olar ki, iki dəfə kiçik ola bilər. Bundan əlavə, balqabaqların qabığı qalınlaşıb və bu da onların kəsilməsini çətinləşdirəcək.
Problemlər yüksək temperatur səbəbindən yaranıb. Havanın temperaturu 30°C-yə çatdıqda balqabaqlar daha yavaş böyüyür. Böyük Britaniyada maydan sentyabr ayına qədər ardıcıl beş istilik dalğası qeydə alınıb və temperatur 40 gün ərzində 30°C-ni ötüb. Məhz bu dövr balqabaqların ən sürətli böyüdüyü mərhələyə təsadüf edib.
Vəziyyəti İngiltərə və Uelsin ərazisinin böyük hissəsində elan edilən quraqlıq da ağırlaşdırıb. Su çatışmazlığı səbəbindən bitkilər adi ölçülərinə çata bilməyib.
Saffolk qraflığındakı “Home Farm Pumpkins” təsərrüfatının fermeri Devid Koulter “The Telegraph”a bildirib ki, isti hava şəraitində balqabaqlar torpaqda kifayət qədər rütubət olduğu halda belə daha əvvəl böyüməyi dayandırıb.
“Su çatışmazlığı ilə yüksək temperaturun birləşməsi ikiqat zərbə oldu”, deyə fermer bildirib.
Bəzi istehsalçılar artıq ailələrə bu il balqabaqları kəsmək əvəzinə onların üzərinə şəkil çəkməyi və ya Hellouin üçün rəngləməyi məsləhət görürlər.
Digərləri isə vəziyyəti uşaqlarla hava şəraitinin kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə necə təsir etdiyini müzakirə etmək üçün yaxşı fürsət hesab edirlər.
“Country Land and Business Group” təşkilatının prezidenti Gevin Leyn bildirib ki, hazırkı vəziyyət valideynlər üçün uşaqlara hava şəraitindəki dəyişikliklərin məhsula necə təsir etdiyini və gələcəkdə tərəvəz yetişdirməyin niyə getdikcə çətinləşə biləcəyini izah etmək üçün fürsət yarada bilər.
“Bu, valideynlərin uşaqlarla havanın kənd təsərrüfatı bitkilərinin yetişdirilməsinə təsiri və gələcəkdə tərəvəz yetişdirilməsində yarana biləcək çətinliklər barədə danışması üçün əlverişli məqamdır”, deyə Leyn bildirib.
Balqabaqlar bu il quraqlıq və istidən zərər çəkən yeganə məhsul deyil.
Kartof məhsulu da zəif olub. Yumrular o qədər kiçik böyüyüb ki, iri kartof qızartması istehsalçısı “McCain” müəssisələrinin fəaliyyətini davam etdirmək üçün ötən ildən qalan ehtiyatları almağa başlayıb.
Almalar da kiçilib, yetişmiş meyvələr isə daha tez tökülməyə başlayıb. Sidr istehsalçıları xəbərdarlıq edirlər ki, isti hava armud və almalarda şəkərin miqdarının artmasına səbəb olub. Nəticədə builki məhsuldan hazırlanacaq sidrin alkoqol tərkibi daha yüksək ola bilər.
Aydın
Şərhlər