Finlandiyanın Turku Universitetinin beynəlxalq genetik və arxeoloq qrupu həmkarları ilə birlikdə orta əsrlərdə isveçlilərin kütləvi köçünün Finlandiyanın cənub-qərb sahillərində yaşayan əhalinin genofondunu köklü şəkildə dəyişdirdiyini müəyyən edib. Tədqiqatçılar 1050–1250-ci illərdə yaşamış 34 qədim insanın DNT-sini araşdıraraq İsveçdən gələn güclü miqrasiya dalğasının sahilyanı fin icmalarının əvvəlki genetik profilini faktiki olaraq aradan qaldırdığını sübut ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Springer Nature" nəşrində dərc olunub.
Məlum olub ki, qonşu iki Finlandiya regionunun taleyi kəskin şəkildə fərqlənib. Finlandiyanın dənizdən sıx meşələrlə ayrılan daxili rayonlarının sakinləri təxminən min il ərzində sabit genofondu qoruyublar. Eyni zamanda, sahilyanı icmalar transformasiyaya məruz qalıb: qədim insan genomlarının müasir finlərin DNT-si ilə müqayisəsi göstərib ki, hazırda sahilboyu ərazilərdə yaşayan insanların genofondunda Skandinaviya mənşəli komponentin payı 25% artıb. Bununla yanaşı, onların genofondunda erkən orta əsrlər üçün xarakterik olan Baltik mənşəli komponentin payı kəskin azalıb. Alimlər bu dəyişiklikləri XIII əsrdə şərq ərazilərini fəal şəkildə mənimsəməyə başlayan İsveç Krallığının siyasi ekspansiyası ilə izah edirlər.
Skandinaviyadan gələn köçkünlər əsasən inzibati mərkəzlərin və dəniz ticarət yollarının yaxınlığında məskunlaşır, Finlandiyanın daxili meşəlik ərazilərinə isə demək olar ki, nüfuz etmirdilər. Yeni əkinçilik texnologiyaları və əlverişli iqlim sayəsində regionun əhalisi sürətlə artıb: 800-cü ildə yerli sakinlərin sayının 2,5 min nəfər olduğu təxmin edilirdisə, 1250-ci ildə bu rəqəm 13 min nəfərə çatıb. Qohumluq əlaqələrinin təhlili göstərib ki, orta əsr finləri xəz ticarətində fəal iştirak etdikləri üçün Latviya və Qədim Rus əhalisi ilə də sıx əlaqələrə malik olublar.
Uzun müddət tarixçilər Finlandiyanın Esterland kimi tanınan İsveçin tərkibinə inteqrasiyasının yalnız inzibati idarəçilik və kilsənin təsiri hesabına baş verdiyini güman ediblər. Lakin araşdırma göstərir ki, siyasi tabeçilik genişmiqyaslı insan köçü ilə müşayiət olunub. İsveç hakimiyyətinin qurulması yalnız qalaların tikilməsi ilə məhdudlaşmayıb, həm də sahilyanı ərazilərdə demoqrafik dəyişikliklərə gətirib çıxarıb. Sahilyanı isveçdilli icmalarla Finlandiyanın daxili rayonları arasında genetik baryer regionda bu günədək qorunub saxlanılır.
Aydın
Şərhlər