Lüks sənayesinə kənardan baxanda yüzlərlə müstəqil marka görünür. Lakin əslində bu markaların əhəmiyyətli hissəsi nisbətən az sayda böyük korporativ qrupun tərkibində fəaliyyət göstərir.
Moda, saat, zərgərlik, gözəllik, ətir və şampan kimi müxtəlif sahələrdə fəaliyyət göstərən markalar istehlakçıya ayrı-ayrı bizneslər kimi görünsə də, onların bir çoxunun arxasında eyni ana şirkət dayanır.
Bu baxımdan LVMH, "Kering", "Richemont", "Prada Group", "Puig, L’Oréal Luxe" və "Estée Lauder Companies" lüks və prestij seqmentində ən böyük portfellərə sahib şirkətlər sırasındadır.
LVMH
LVMH ən geniş lüks portfellərindən birinə sahib qruplardan biridir. Şirkət 75-dən çox "Maison"u altı əsas istiqamətdə birləşdirir. Bunlara şərab və spirtli içkilər, moda və dəri məmulatları, ətir və kosmetika, saat və zərgərlik, seçmə pərakəndə satış və digər fəaliyyətlər daxildir.
Qrupun portfelində “Louis Vuitton”, “Christian Dior”, “Fendi”, “Celine”, “Givenchy”, “Loewe”, “Loro Piana”, “Marc Jacobs”, “Bulgari”, “Tiffany & Co.”, “TAG Heuer”, “Hublot”, “Guerlain”, “Parfums Christian Dior” və “Maison Francis Kurkdjian” kimi markalar yer alır.
Beləliklə, istehlakçı üçün bir-birindən tamamilə fərqli görünən “Tiffany & Co.” və “Louis Vuitton” eyni korporativ qrupun tərkibindədir.
Kering
Kering xüsusilə moda və zərgərlik sahəsində böyük portfelə malikdir.
Şirkətin əsas markaları arasında “Gucci”, “Saint Laurent”, “Bottega Veneta”, “Balenciaga”, “McQueen”, “Brioni”, “Boucheron”, “Pomellato”, “DoDo”, “Qeelin” və “Ginori 1735” yer alır. Qrup həmçinin Kering Eyewear vasitəsilə eynək biznesində fəaliyyət göstərir.
Bu o deməkdir ki, “Gucci” və “Saint Laurent” bazarda iki ayrı moda evi və bir-birindən müstəqil brend kimi görünə bilər. Lakin korporativ səviyyədə hər ikisi Kering-in portfelindədir.
Kering-in digər maraqlı addımlarından biri “Gucci”nin gözəllik biznesi ilə bağlıdır. 2026-cı ilin iyulunda Kering “Gucci” ilə L’Oréal arasında 50 illik eksklüziv gözəllik lisenziyası müqaviləsinin imzalandığını açıqlayıb. Bu nümunə göstərir ki, brendin sahibi ilə onun müəyyən məhsul kateqoriyasını idarə edən şirkət həmişə eyni olmur.
Richemont
Saat və zərgərlik seqmentində Richemont əsas qruplardan biridir.
Şirkətin zərgərlik portfelinə “Cartier”, “Van Cleef & Arpels”, “Buccellati” və “Vhernier” daxildir.
Saat istiqamətində isə “IWC Schaffhausen”, “Jaeger-LeCoultre”, “Panerai”, “Piaget”, “Vacheron Constantin”, “A. Lange & Söhne”, “Baume & Mercier” və “Roger Dubuis” kimi markalar "Richemont"un tərkibindədir.
Qrupun portfelində “Montblanc”, “Chloé”, “Alaïa”, “dunhill” və “Delvaux” kimi digər lüks markalar da yer alır.
"Richemont"un 2026-cı maliyyə ilində satışları 22,4 milyard avro olub. “Cartier”, “Van Cleef & Arpels”, “Buccellati” və “Vhernier”dən ibarət zərgərlik" Maison"larının birlikdə satışları isə 16,5 milyard avroya çatıb.
Prada Group
Prada Group uzun müddət əsasən “Prada” və “Miu Miu” markaları ilə tanınsa da, şirkətin portfeli son illərdə genişlənib. 2025-ci ilin dekabrından “Versace” də Prada Group-un tərkibinə daxil edilib.
Hazırda qrupun əsas markaları arasında “Prada”, “Miu Miu”, “Versace”, “Church’s”, “Car Shoe”, “Marchesi 1824” və “Luna Rossa” yer alır.
Bu dəyişiklik xüsusilə diqqətçəkəndir. Çünki “Prada” və “Versace” istehlakçı qarşısında iki ayrı italyan moda evi kimi mövcud olsa da, artıq eyni korporativ qrupun tərkibindədir.
"Prada Group" 2025-ci ildə 5,7 milyard avro gəlir əldə edib və ilin sonunda 843 mağazaya sahib olub.
Puig
Puig daha çox ətir, gözəllik və premium moda seqmentində geniş portfeli ilə seçilir.
Şirkətin markaları arasında “Carolina Herrera”, “Jean Paul Gaultier”, “Rabanne”, “Charlotte Tilbury”, “Byredo”, “Dries Van Noten”, “Nina Ricci”, “Penhaligon’s”, “L’Artisan Parfumeur”, “Uriage”, “Apivita” və “Dr. Barbara Sturm” yer alır.
2025-ci ildə "Puig"in gəliri 5,042 milyard avroya çatıb.
Şirkətin məlumatına görə, “Rabanne”, “Carolina Herrera” və “Jean Paul Gaultier” markaları dünyanın ən böyük 10 ətir markası arasında yer alır. Beləliklə, istehlakçıların fərqli və müstəqil gördüyü bir neçə ətir markası əslində eyni korporativ qrupun portfelində birləşir.
L’Oréal Luxe
"L’Oréal Luxe" klassik lüks konqlomeratlarından bir qədər fərqli modelə malikdir. Bu struktur "L’Oréal Groupe"un lüks gözəllik bölməsidir.
"L’Oréal Luxe" öz məlumatına görə 30 brenddən ibarət portfelə sahibdir. Bölmə ətir, makiyaj və dəriyə qulluq kimi lüks gözəllik kateqoriyalarında fəaliyyət göstərir.
Burada mühüm məqam odur ki, hansısa moda evinin ətir və ya kosmetika biznesinin "L’Oréal" tərəfindən idarə olunması həmin moda evinin bütövlükdə "L’Oréal"a məxsus olması demək deyil.
Estée Lauder Companies
"Estée Lauder Companies" də prestij gözəllik bazarında böyük portfellərdən birinə sahibdir.
Şirkət 20-dən çox prestij brenddən ibarət portfelə malikdir. Bu markalar dəriyə qulluq, makiyaj, ətir və saç baxımı kimi müxtəlif kateqoriyaları əhatə edir.
Bu model lüks bazarında başqa bir tendensiyanı göstərir: brend istehlakçı qarşısında müstəqil kimliyini qoruyur, lakin onun arxasında daha böyük korporativ struktur dayana bilər.
Bazar niyə daha konsentrasiyalıdır?
Lüks sənayesində mağazaların, loqoların və brend adlarının çoxluğu bazarın daha parçalanmış olduğu təəssüratını yaradır. Lakin müxtəlif kateqoriyalardakı çoxsaylı markaların bir neçə böyük qrupun portfelində toplanması bazarın əslində daha konsentrasiyalı olduğunu göstərir.
Məsələn, “Louis Vuitton”, “Dior” və “Tiffany & Co.” LVMH-də, “Gucci”, “Saint Laurent” və “Balenciaga” Kering-də, “Cartier”, “Van Cleef & Arpels” və “IWC” Richemont-da, “Prada”, “Miu Miu” və “Versace” isə Prada Group-da birləşir.
Eyni zamanda, “Carolina Herrera”, “Rabanne” və “Byredo” Puig-in, çoxsaylı prestij gözəllik markaları isə "L’Oréal Luxe" və "Estée Lauder Companies" kimi böyük şirkətlərin portfellərində yer alır.
Bu səbəbdən lüks bazarında istehlakçının qarşısına çıxan yüzlərlə marka adı onların arxasında yüzlərlə ayrı şirkətin olduğu anlamına gəlmir.
Bununla belə, bütün lüks markaların bir neçə şirkətin nəzarətində olduğunu demək düzgün olmaz. Bazarda hələ də müstəqil və ailə nəzarətində olan lüks şirkətlər mövcuddur.
Şəbnəm İbrahimxəlilova
Şərhlər