XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sələfini ölkəyə 12 milyon dollar zərər vurmaqda günahlandırdı, polisə şikayət etdi
Dünya18:18 15.09.2026

Sələfini ölkəyə 12 milyon dollar zərər vurmaqda günahlandırdı, polisə şikayət etdi

Anita Orban Peter Siyyartonu büdcədən 12 milyon dolların qanunsuz xərclənməsində ittiham edib

Macarıstanın xarici işlər naziri Anita Orban özündən əvvəl bu vəzifəni tutmuş Peter Siyartonu ölkə büdcəsinə 4 milyard forint (12,6 milyon dollar) məbləğində zərər vurmaqda ittiham edib və polisə ərizə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə xarici işlər naziri video müraciətində bildirib.

Orban qeyd edib ki, əvvəllər diplomatlar xarici səfərlərə adi müntəzəm reyslərlə gedirdilər. Lakin 2022-ci ildən Peter Siyarto və onun nümayəndə heyəti xaricə səfərlər üçün özəl təyyarə və ya silahlı qüvvələrə məxsus xüsusi bort icarəyə götürməyə başlayıb.

Nazirin sözlərinə görə, səfərlərin sayı, eləcə də diplomatik tədbirlərin və proqramların xarakteri əhəmiyyətli dərəcədə dəyişməyib. Keçmiş nazirliyin rəhbərliyi hətta Bratislava, Vyana və ya Belqrada səfərlər zamanı da özəl təyyarələrdən istifadə edib. Halbuki bu şəhərlərə avtomobil və ya qatarla bir neçə saata çatmaq mümkündür.

Orbanın sözlərinə görə, 2022-2026-cı illər arasında bu səfərlər Macarıstan büdcəsinə ümumilikdə 12,6 milyon dollara başa gələ bilər. Bu məbləğ diplomatların biznes-klass biletləri alması ilə müqayisədə təxminən beş dəfə çoxdur.

Nazir əlavə edib ki, hesablamalara silahlı qüvvələrin təyyarələrindən istifadəyə çəkilən xərclər daxil edilmədiyindən real məbləğ daha yüksək ola bilər.

Orban həmçinin bu praktikanın Xarici İşlər Nazirliyinin daxili qaydalarını pozduğunu vurğulayıb. Onun sözlərinə görə, həmin qaydalar bu cür səfər imkanlarını nəzərdə tutmur və dövlət vəsaitinə qənaət edilməsini tələb edir.

Keçmiş hakim “Fides” partiyasının nümayəndələri isə xarici işlər nazirinin uçuşlarının hökumət qərarına tam uyğun həyata keçirildiyini bildiriblər.

Partiyada qeyd ediblər ki, onların hakimiyyəti dövründə xarici siyasət “siyasi turizm” olmayıb. Onların fikrincə, hazırkı hökumət dövründə nazirlər bir neçə saatlıq rəsmi tədbirlər üçün günlərini xaricdə keçirirlər.

Aydın