“ByteDance” şirkətinin qurucusu Çjan İmin hindistanlı milyarder Qautam Adanini geridə qoyaraq Asiyanın ən varlı insanına çevrilib. Onun sərvəti süni intellekt bumunun yeni sərvət dalğası yaratması fonunda 105 milyard dolları ötüb.
Qaynarinfo xəbər ki, nu barədə çərşənbə günü “Bloomberg” məlumat yayıb.
43 yaşlı Çjanın sərvəti “Bloomberg”in 2019-cu ilin martında qeydə aldığı 13 milyard dollarla müqayisədə səkkiz dəfədən çox artıb. Onun sərvəti bu ay “BlackRock”, “Fidelity Investments” və “T. Rowe Price” da daxil olmaqla investisiya şirkətləri tərəfindən açıqlanan yenilənmiş qiymətləndirmələrin təhlilindən sonra 12 milyard dollardan çox yüksəlib.

Qautam Adani
Son reytinqdə Çjan “Bloomberg Billionaires Index”də Adanini geridə qoyub. “Bloomberg”in məlumatına görə, Adaninin sərvəti iyun ayında 120 milyard dollara qədər yüksəlsə də, son aylarda “MSCI” indeksində səhmlərin yenidən balanslaşdırılması, eləcə də neft qiymətlərinin və istiqraz gəlirliliyinin artması ilə əlaqəli daha genişmiqyaslı satışlar fonunda azalıb.
Çjanın sərvəti necə artıb?
Çjan sərvətini “TikTok”un ana şirkəti olan “ByteDance” vasitəsilə qazanıb. Şirkət dünyanın ən böyük sosial media platformalarından birinə çevrilib. “ByteDance” həmçinin süni intellekt sahəsinə böyük sərmayələr yatıraraq “Doubao” çatbotu və “Seedance” video yaratma aləti də daxil olmaqla məhsullar hazırlayıb.

“Bloomberg” qeyd edir ki, Çjanın yüksəlişi süni intellekt bumunun daha ənənəvi sahələr, o cümlədən Adaninin enerji və pərakəndə ticarət imperiyası və Mukeş Ambaninin konqlomeratı üzərində qurulan sərvətləri geridə qoymağa başlayan yeni var-dövlətlər yaratdığını göstərir.
Tədqiqat şirkəti “Omdia”nın baş analitiki Lian Cye Su nəşrə açıqlamasında Çjanın “doğru addımlar atdığını” bildirib və onun şirkətin süni intellektə yatırımlarına diqqətini qoruduğunu qeyd edib.
Çjan “TikTok”un ABŞ-də ciddi təzyiqlərlə üzləşdiyi dövrdə belə süni intellektə sərmayə qoymaqda davam edib. Lian Cye Sunun sözlərinə görə, “ByteDance” süni intellekt modellərinin hazırlanmasında sosial media platformasının topladığı böyük həcmdə məlumatlardan potensial olaraq istifadə edə bilər.
Sunun bildirdiyinə görə, süni intellektlə əlaqəli məhsul və xidmətlər hazırda “ByteDance”in video platformasından kənarda ən böyük imkanını təşkil edir. Bununla belə, Çinin süni intellekt bazarında rəqabətin güclü olması əsas risk olaraq qalır.
"TikTok"dan süni intellektə

Çjanın sərvətinin artması “TikTok” ətrafında, xüsusilə ABŞ-də illərdir davam edən tənzimləyici və geosiyasi qeyri-müəyyənlikdən sonra baş verib.
Məlumata görə, “ByteDance” bu ilin əvvəlində “TikTok”un ABŞ-dəki fəaliyyətinin bir hissəsini amerikalı investorlara ötürüb. Bu addım şirkətə tətbiqin ölkədəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik dövründən çıxmağa kömək edib.
“Bloomberg Billionaires Index” “ByteDance” özəl şirkət olduğu üçün onun qiymətləndirilməsinə 10 faizlik risk endirimi tətbiq edir.
Çjan artıq Çinin ən varlı insanı idi. Onun sərvətinin artmasında “TikTok”un qlobal əhatə dairəsi və “ByteDance”in böyüyən süni intellekt biznesi əsas amillərdən olub. Onun son yüksəlişi süni intellektlə əlaqəli bizneslərin yeni sərvətlər yaratması fonunda Asiyada milyarderlərin reytinqində baş verən daha geniş dəyişimi əks etdirir.
Çin həmçinin qabaqcıl texnologiyalar sahəsində ABŞ ilə rəqabət apararkən süni intellektə investisiyaları artırmaq siyasətini davam etdirir.

Çjan İmin
Qeyd edək ki, "ByteDance" şirkətinin sahibi ilk dəfə Asiyanın ən varlı adamına çevirilib.
ARAYIŞ: Çjan İmin 1983-cü ildə Çinin Futszyan əyalətində dövlət qulluqçuları ailəsində anadan olub. 2001-ci ildə Tyançzindəki Nankay Universitetinə daxil olan Çjan əvvəlcə mikroelektronika üzrə təhsil almağa başlayıb, daha sonra proqram mühəndisliyinə keçib və 2005-ci ildə bakalavr dərəcəsi alıb.
O, karyerasına Kuxun turizm startapında başlayıb. Burada qısa müddətdə mühəndisdən texniki direktora qədər yüksəlib. Daha sonra "Microsoft" şirkətində qısa müddət çalışıb. Çjan bu işini "maraqlı, lakin faydasız" kimi qiymətləndirib.
2012-ci ildə Çjan Pekindəki kiçik bir mənzildə "ByteDance" şirkətini təsis edib. Onun əsas ideyası məzmunun tövsiyə edilməsi üçün süni intellektdən istifadə etmək olub. Şirkətin ilk məhsulu "Toutiao" xəbər aqreqatoru olub. 2016-cı ildə isə "ByteDance" beynəlxalq bazarda TikTok kimi tanınan "Douyin" tətbiqini təqdim edib.
2021-ci ildə Çjan "ByteDance"in baş direktoru və idarə heyətinin sədri vəzifələrindən istefa verib. O, qərarını "ideal menecer" üçün tələb olunan keyfiyyətlərə malik olmaması ilə izah edib. "Bloomberg"in məlumatına görə, Çjan şirkətdə səsvermə hüquqlarının 50 faizindən çoxunu özündə saxlayır.
Aydın
Şərhlər