Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.
Məlumata görə, bu ilin ilk yeddi ayında 22 130 nikah və 11 678 boşanma halı qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı azalaraq 4,6-dan 3,7-yə enib. Boşanmaların sayı isə dəyişməyərək 2,0 səviyyəsində qalıb.
Sosioloq Sadiq Rüstəmli Qaynarinfo-ya açıqlamasında insanların ailə qurmamasını yalnız bir neçə səbəblə əlaqələndirməyin düzgün olmadığını bildirib. Onun sözlərinə görə, məsələyə kompleks və çoxşaxəli yanaşmaq lazımdır:

“Hazırda Azərbaycanda ailə institutunun vəziyyəti hər kəsə bəllidir. Bununla bağlı uzun illərdir dövlət tərəfindən atılmalı olan addımların gecikdiyini görürük. Səbəbləri həm psixoloji, həm də iqtisadi aspektdən izah etmək lazımdır. Evliliyin eyni zamanda maliyyə planlaması olduğunu da dilə gətirmək lazımdır. Əvvəllər evlilik daha sadə və təntənəli şəkildə həyata keçirilirdi. Bu gün isə gənclərin evlənməməsinin başlıca səbəblərindən biri iqtisadi və maliyyə problemləridir.
İkincisi isə toy mərasimlərinin müəyyən sektorlarla əlaqələndirilməsidir. Ailə quran şəxs bu təntənəni həyata keçirmək istəyirsə, müxtəlif xidmət sahələrinə müraciət etməli olur. Ənənəvi ailə modelini nəzərə alaraq keçmiş dövrü araşdırdıqda görürük ki, əvvəllər evlilik çox sadə şəkildə başa gəlirdi. Ağsaqqalların və ailə icmasının iştirakı ilə iki gəncin birləşməsi təmin olunurdu. Bu gün isə proses xeyli mürəkkəbləşib”.
Sosioloqun sözlərinə görə, hazırda ailə qurmaq üçün gənclərin qarşısında ciddi maliyyə tələbləri formalaşıb:
“İlk növbədə 20-25 min manat civarında vəsait olmalıdır. Bu pulun böyük hissəsi şadlıq saraylarına xərclənir. Bu da artıq ciddi problemdir. Ənənələr də dəyişib. Hər şey paket və proqram şəklində təqdim olunur və heç kim bundan geri qalmaq istəmir. Gəlinlik geyinmək arzusunda olan xanım təntənəli toyunun olmasını istəyir. Bəy isə bunun altında əzilərək illərlə qazanıb-yığdığı pulu bir gün ərzində xərcləyir. Ailələr minimalist yanaşmanı qəbul etmək istəmir. Daha geniş və təmtəraqlı toy arzuladıqları üçün bunu böyük xərclər hesabına həyata keçirirlər. Ortada bir və ya iki uşaq olduqdan sonra isə ailədə müəyyən anlaşılmazlıqlar yaranır”.

Sadiq Rüstəmli hesab edir ki, sürətlə inkişaf edən informasiya kanallarının, xüsusilə sosial şəbəkələrin də bu prosesdə müəyyən təsiri var:
“Hər gün sosial şəbəkələrin nümayiş etdirdiyi bu saxta dünyaya baxan insanlar həmin həyat tərzinə və arzulara qapılırlar. Nəticədə onların evlilikdən gözləntiləri də tərs mütənasib şəkildə artır. Bu isə istər-istəməz ailədə tərəflərin bir-birindən gözləntilərini artırır, anlaşılmazlıqlara səbəb olur. Nəticədə boşanmaya gedib çıxılır. Problemləri saymaqla bitmir. Hansını necə dilə gətirək, hansını önə çəkək desək belə, məsələnin çoxsaylı səbəbləri var”.
Sosioloq bildirib ki, Azərbaycanda nikah və boşanma statistikası uzun müddətdir ciddi narahatlıq doğuran tendensiyalar nümayiş etdirir:
“2005-ci ildən 2009-cu ilə qədər Azərbaycanda 27 min civarında ümumi nikah qeydə alınıb. Bunun 19 minə yaxını boşanma ilə nəticələnib. Baxın, statistika nə vəziyyətdədir. Bu, ciddi siqnaldır. Vəziyyət çox kritikdir və aidiyyəti qurumlar bunu nəzərə almalıdır”.
Bahar Rüstəmli
Şərhlər