Xəbər lenti

Azərbaycanda qadın sürücülərin sayı rekord həddə çatıb - Ekspertlər səbəblərini açıqlayır
Ölkə19:36 30.10.2026

Azərbaycanda qadın sürücülərin sayı rekord həddə çatıb - Ekspertlər səbəblərini açıqlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda sürücülük vəsiqəsi alan qadınların sayı rekord həddə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ölkədə ümumilikdə 350 min 175 nəfər sürücülük vəsiqəsi alıb. Onlardan 65 min 696 nəfəri qadın, 284 min 479 nəfəri isə kişi olub. Beləliklə, ötən il sürücülük vəsiqəsi alanların 18,8 faizini qadınlar təşkil edib.

Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, qadınların avtomobil idarə etməsi və şəxsi nəqliyyat vasitəsinə sahib olması onların hüququdur. Bununla belə, ekspert sürücülük mədəniyyətinin və peşəkar hazırlığın vacibliyinə diqqət çəkib.

Onun sözlərinə görə, əsas məsələ qadınların sükan arxasına keçməsi deyil, onların yol hərəkəti qaydalarını bilməsi və avtomobili təhlükəsiz idarə etmək bacarığına yiyələnməsidir:

“Hər bir qadın istəyir ki, özü üçün yaxşı şərait yaratsın, rahat və komfortlu yaşasın. Bu da onun haqqıdır. Heç kim deyə bilməz ki, niyə avtomobil almısan, niyə sürürsən? Sadəcə, bizi narahat edən məsələ qadınların sükan arxasına keçməzdən əvvəl peşəkar təlim keçməsi, yol hərəkəti qaydalarını öyrənməsidir. İndi bir çoxları avtomobili rahatlıq üçün idarə edir, amma qaydaları lazımi səviyyədə mənimsəmir. Bəzən küçədə elə qadın sürücülərlə qarşılaşıram ki, gördüklərim məni ciddi şəkildə narahat edir. Düşünürəm ki, görəsən, bu insanı sükan arxasına buraxan atası, sevgilisi, həyat yoldaşı və ya qardaşı heç maraqlanmırmı ki, o, avtomobili idarə etməyi həqiqətən bacarırmı? Məsələn, yolda hərəkət edərkən görürsən ki, sürücü sol zolağı zəbt edib və arxasında yaranan sıxlığı nəzərə almır. Halbuki normal hərəkət sürətini təmin etmək, zərurət yarandıqda zolağı dəyişərək digər nəqliyyat vasitələrinə yol vermək lazımdır. Ola bilər ki, sürücüyə bu qaydalar lazımi səviyyədə izah edilməyib. Əgər öyrədilsəydi, ən azı bu barədə məlumatı olardı”.

Elməddin Muradlı sürücülük vəsiqəsi almaqla peşəkar sürücü olmağın fərqli anlayışlar olduğunu vurğulayıb:

“Qaydaları bilmədən, öyrənməyə çalışmadan yola çıxan sürücülər məni narahat edir. Qadınların avtomobil idarə etməsinə əsla mənfi yanaşmıram. Əksinə, onların da peşəkar sürücü olmasının tərəfdarıyam. Qadın və ya kişi olmasından asılı olmayaraq, hər bir sürücünün hazırlıq səviyyəsi yüksək olmalıdır. Sadəcə sürücülük vəsiqəsi almaq və ya avtomobil sahibi olmaq kifayət deyil. Elə qadınlar var ki, avtomobili idarə etmək bacarıqları yetərli deyil. Soruşursan ki, avtomobilin varsa, bəs niyə sürməyi öyrənməmisən? Cavab verir ki, köhnə maşındır, almışam ki, vura-vura öyrənim. Belə düşüncə tərzi tamamilə yanlışdır. Vura-vura öyrənmək nə deməkdir? Bu zaman təkcə öz avtomobilinə zərər vurmursan, başqasının əmlakına, hətta insan həyatına təhlükə yaradırsan. Bəlkə, gedib kiminsə övladını vuracaqsan, bir insanın həyatına son qoyacaqsan? Sürücülüyə belə yanaşmaq olmaz”.

Sosioloq Sadiq Rüstəmli isə hesab edir ki, qadınların sürücülük vəsiqəsi almasının artan göstəricilərinə yalnız statistik rəqəm kimi yanaşmaq düzgün deyil.

Onun fikrincə, bu tendensiya Azərbaycan qadınının cəmiyyətdəki sosial rolunun və həyat tərzinin dəyişməsini əks etdirir.

Sosioloq artımın bir neçə əsas səbəbini qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə, qadınların iqtisadi müstəqilliyinin artması avtomobilə tələbatı yüksəldib:

”Bu gün daha çox qadın əmək bazarında iştirak edir, şəxsi biznes qurur və gündəlik həyatında müxtəlif ünvanlara getmək zərurəti ilə üzləşir. İşə vaxtında çatmaq, uşaqları məktəbə və bağçaya aparmaq, şəxsi işləri həll etmək baxımından avtomobil onlar üçün mühüm nəqliyyat vasitəsinə çevrilir”.

Sadiq Rüstəmlinin fikrincə, ikinci mühüm amil cəmiyyətdə qadınların avtomobil idarə etməsinə münasibətin dəyişməsidir:

”Əvvəllər qadın sürücülərə qarşı mövcud olan stereotiplər tədricən zəifləyib. Qadınların sükan arxasında daha çox görünməsi bu halın cəmiyyətdə adi qarşılanmasına səbəb olub. Sosial şəbəkələr də həmin prosesə təsir göstərib”.

Sosioloq üçüncü səbəb kimi təhlükəsizlik amilini göstərib. Onun sözlərinə görə, xüsusilə axşam saatlarında və uşaqlarla birlikdə hərəkət edərkən şəxsi avtomobil bir çox qadın üçün daha rahat və təhlükəsiz seçim hesab olunur:

”Ailə modelində baş verən dəyişikliklər də bu prosesə təsirsiz ötüşmür. Əvvəllər bir çox ailədə yalnız bir avtomobil olurdu və əsasən kişi tərəfindən idarə edilirdi. İndi isə ailələrin gündəlik ehtiyacları və həyat ritmi dəyişib. Kişinin işdə olduğu vaxtlarda qadın uşaqları məktəbə, bağçaya və ya həkimə aparmaq üçün müstəqil nəqliyyat imkanına ehtiyac duyur”.

Sosioloq hesab edir ki, qadınların sürücülük vəsiqəsi alanlar arasında 18,8 faizlik payı gələcəkdə arta bilər. O, növbəti 2-3 ildə bu göstəricinin 25 faizi keçəcəyini proqnozlaşdırır.

Sadiq Rüstəmli əlavə edib ki, qadınların sükan arxasına keçməsi ilə paralel olaraq yol infrastrukturu və sürücülük təhsili də inkişaf etdirilməlidir:

”Bu baxımdan qadın təlimçilərin sayının artırılması, yollarda aqressiv sürücülük davranışlarının azaldılması və qadın sürücülərə qarşı stereotiplərin aradan qaldırılması vacibdir. Qadınların avtomobil idarə etməsi artıq müvəqqəti tendensiya deyil, cəmiyyətdə baş verən sosial dəyişikliklərin göstəricisidir”.

Bahar Rüstəmli