
Neftçala Rayon İcra Hakimiyyəti rayonda daxili yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Hadi İnşaat” MMC seçilib. Neftçala Rayon İcra Hakimiyyəti şirkətlə daha bir satınalma müqaviləsi imzalayıb.
Bu tender üzrə şirkətin təqdim etdiyi qiymət təklifi 511 020,32 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı cəmi 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, ev 33, mənzil 176-dır. Şirkətin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır.
Açıq mənbələrdə şirkətin fəaliyyəti və qanuni təmsilçisi barədə ətraflı məlumat yoxdur. Buna baxmayaraq, MMC dövlət satınalmalarında fəallığı ilə seçilir.
“Hadi İnşaat” MMC cari ilin ilk ayında da Neftçala Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. Həmin satınalma müsabiqəsi Neftçala rayonunda daxili yolların və mənzil fondunun əsaslı təmiri ilə bağlı keçirilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 897 379,79 manat təşkil edib.
Beləliklə, Neftçala Rayon İcra Hakimiyyəti bir il ərzində eyni şirkətə iki dəfə sifariş verib. Hər iki müqavilənin ümumi dəyəri 1 milyon 408 min 400,11 manat təşkil edir.

Diqqətçəkən məqam odur ki, nizamnamə kapitalı cəmi 20 manat olan, fəaliyyəti barədə açıq mənbələrdə geniş məlumat tapılmayan şirkət qısa müddətdə milyonluq dövlət sifarişləri əldə edir. Eyni icra hakimiyyətinin bir il ərzində təmir işlərini iki dəfə məhz bu şirkətə həvalə etməsi isə müəyyən suallar doğurur. Satınalma prosesində şirkətin hansı meyarlar əsasında seçildiyi, bu həcmdə işləri yerinə yetirmək üçün texniki və maddi imkanlarının necə qiymətləndirildiyi maraq doğurur.
Digər tərəfdən, ayrılan vəsaitin müqabilində görülən işlərin keyfiyyəti və müqavilə öhdəliklərinin tam icra olunub-olunmaması da diqqət tələb edən məsələlərdəndir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.

Seyid