
Azərbaycan İşgüzar Qadınlar təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın mədəni irsi, qadınların inkişaf imkanları və gələcəyin formalaşdırılmasında onların rolu diqqət mərkəzində olub.
Azercell-in tərəfdaşlığı ilə Azərbaycan İşgüzar Qadınlar (Azerbaijan Business Women, ABW) təşkilatının təsis etdiyi SHE platforması çərçivəsində “Fabric of the Future” (“Gələcəyin toxuması”) adlı xüsusi tədbir keçirilib. Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramadan ilhamlanan konsepsiya keçmişdən miras aldığımız dəyərlərlə gələcək üçün yaratdığımız yeni imkanlar arasında əlaqəni əks etdirib. Proqramda ənənəvi sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.
Tədbirdə qurama sənətinin dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən toplanmış minlərlə qalstukdan yaradılan əsərlər qurama ənənəsini müasir bədii ifadə ilə birləşdirərək, fərqli parçalardan yeni bir bütövün yaranması ideyasını əks etdirib.
Tədbirin açılışında çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli biznesin rolundan danışıb:
“Texnologiya mədəni irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır”.
Şirin Əliyeva, həmçinin Azercell-in qızların və qadınların təhsilinə, fərdi inkişafına və sosial rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.
Tədbirdə Azercell-in təşkilatçılığı ilə “Gələcəyimizi formalaşdırmaq” mövzusunda panel müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, rəqəmsal təhsil, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir mübadiləsi aparılıb.
Paneldə iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” və “Oflayn Qadınlar” rəqəmsal platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona Abbasova Azercell abunəçilərinin “Qadın Dəstək Xətti”nə ödənişsiz zəng edə, “Oflayn Qadınlar” platformasından isə internet paketi olmadan yararlana bildiklərini qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə çıxışını asanlaşdırdığını vurğulayıb.
Azərbaycan İşgüzar Qadınlar təşkilatının sədri və SHE platformasının təsisçisi Tatyana Mikayılova tədbirin ideyası və əhəmiyyəti haqqında danışıb:
“Bəzən böyük ideyalar gözlənilməz bir görüşdən, bir söhbətdən, hətta bir kitabdan yaranır. Əminə Məlikovanın qurama sənətinə həsr etdiyi kitabdan ‘Fabric of the Future’ ideyası doğuldu. Daha sonra bu ideya Əminə xanımı yeni kolleksiya yaratmağa ruhlandırdı. Dünyanın müxtəlif ölkələrindən toplanmış minlərlə qalstukdan yaradılan bu əsərlər onun istedadı və milli irsimizə müasir baxışı sayəsində keçmişlə gələcək arasında özünəməxsus bir dialoqa çevrildi.
Amma bizim məqsədimiz yalnız incəsənəti təqdim etmək deyildi. Azərbaycan İşgüzar Qadınlar təşkilatının və SHE platformasının fəaliyyətinin əsasında üç əsas prinsip dayanır: təhsil, iqtisadi müstəqillik və qadınların öz həyatlarına dair müstəqil qərarlar vermək imkanı. Tədbirdəki müzakirələr bu prinsiplərin nə qədər aktual olduğunu bir daha göstərdi. Azercell-in tərəfdaşlığını xüsusilə dəyərli edən şirkətin bu dəyərləri bölüşməsi və belə təşəbbüslərin uzunmüddətli təsirini anlamasıdır. Bizim üçün tədbirin keçirilməsi deyil, ondan sonra nə baş verdiyi daha vacibdir. Aldığımız rəylər göstərir ki, həmin axşam başlayan söhbətlər hələ də davam edir, insanları düşünməyə və hərəkətə keçməyə sövq edir. Əslində, gələcəyin toxuması da belə yaranır: fərqli ideyalar, insanlar və imkanlar bir araya gələrək yeni bir bütöv yaradır”.
Proqram aktyor və teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib. Söhbət zamanı qurama sənətinin tarixi, onun müasir yaradıcılıqda yeni ifadə imkanları və kolleksiyanın yaranması ideyası diqqət mərkəzində olub.
Əminə Məlikova kolleksiyanın əsas ideyasını belə izah edib:
“QURAMA: Qalstuklardan toxunan hekayələr” Azərbaycanın ənənəvi qurama sənətindən ilhamlanan layihədir. Burada müasir geyimin ən tanınmış elementlərindən biri olan qalstuk yeni bədii məna qazanaraq yaddaşın, kimliyin və şəxsi hekayələrin bir parçasına çevrilir. Layihə çərçivəsində vaxtilə müxtəlif insanlara məxsus olmuş qalstuklardan 11 tekstil kompozisiyası yaradılıb. Bu əsərlər bir araya gələrək insan talelərinin və xatirələrinin qeyri-adi arxivini formalaşdırır”.
Azercell bu tərəfdaşlıqla qadınların bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq edir.