Xəbər lenti

"Kəpəz"dən azarkeş rekordu, "Marafon"dan tarixi uğur - Azərbaycan kubokunda 3 rekord
İdman11:45 30.10.2026

"Kəpəz"dən azarkeş rekordu, "Marafon"dan tarixi uğur - Azərbaycan kubokunda 3 rekord

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan kubokunun 2026/27 mövsümündə təsnifat mərhələləri bir sıra rekordlarla yadda qalıb. “Kəpəz” azarkeş sayına görə turnirin son dörd mövsümündə qeydə alınan göstəricini yeniləyib, qolların sayında isə yeni məhsuldarlıq rekordu müəyyənləşib. Bundan başqa, II Liqa təmsilçisi “Marafon” klub tarixində ilk dəfə 1/8 finala yüksələrək turnirin tarixinə düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Gəncədə keçirilən “Kəpəz” – “Baku Sportinq” qarşılaşmasını 5000 tamaşaçı izləyib. 3:1 hesabı ilə başa çatan görüş Azərbaycan kubokunun indiki formatda təşkil olunduğu son dörd mövsümün təsnifat mərhələləri üzrə azarkeş sayında yeni rekordla nəticələnib. Əvvəlki rekord 1500 tamaşaçı olub. Bu göstərici 2023/24 mövsümündə “Turan Tovuz” – “Göygöl”, 2024/25 mövsümündə isə “Şəki” – “Şəmkir” matçlarında qeydə alınıb.

Ümumilikdə II təsnifat mərhələsinin 12 qarşılaşmasını 6830 tamaşaçı tribunadan izləyib. Bu da son dörd mövsümün eyni mərhələləri üçün ən yüksək göstəricidir. I təsnifat mərhələsindəki 780 tamaşaçını da nəzərə alsaq, kubokun ilk iki raundunda stadionlara ümumilikdə 7610 azarkeş gəlib.

Kubokda qol rekordu

Cari mövsüm məhsuldarlıq baxımından da fərqlənib. II təsnifat mərhələsinin 12 oyununda komandalar ümumilikdə 71 qol vurublar. Bu, turnirin indiki formatında həmin mərhələ üçün rekord göstəricidir. Əvvəlki mövsümlərdə bu rəqəm 41, 55 və 49 olub.

I təsnifat mərhələsində vurulan 36 qolu da əlavə etdikdə, 2026/27 mövsümündə kubokun ilk iki mərhələsində qeydə alınan qolların sayı 107-yə çatıb. Beləliklə, 18 qarşılaşmada orta məhsuldarlıq 5,77 qol təşkil edib. Bu nəticə də son dörd mövsümün rekordudur.

“Marafon” tarix yazdı

Mövsümün digər diqqətçəkən hadisəsi isə “Marafon”un uğuru olub. Sabirabad təmsilçisi Azərbaycan kubokunda ilk iki təsnifat mərhələsini adlayaraq 1/8 finala yüksələn ilk II Liqa klubu kimi tarixə düşüb.

Turnirin debütantı əvvəlcə “Dinamo”nu 3:0, daha sonra I Liqa təmsilçisi “Zaqatala”nı 1:0 hesabı ilə məğlub edib. Bununla da son dörd mövsümdə indiki formatda keçirilən turnirdə II Liqa komandalarının iştirakı ilə baş tutan 26 dueldən yalnız birində aşağı liqa təmsilçisi növbəti mərhələyə yüksələ bilib.

Qeyd edək ki, “Marafon” dekabrın 1-2-də keçiriləcək 1/8 final mərhələsində “Araz-Naxçıvan”la qarşılaşacaq.