
Dünyanın ən hündür zirvəsi olan Everest belə plastik çirklənmədən kənarda qalmayıb. Alimlər müəyyən ediblər ki, mikroplastik və nanoplastik hissəciklər atmosfer vasitəsilə dağa daşınır, yağış, qar və dumanla birlikdə yer səthinə çökür.
Qaynarinfo xəbər verir ki, bu barədə “Communications Earth & Environment” elmi jurnalında dərc olunan araşdırmada bildirilir. Tədqiqatın nəticələrini “The Independent” nəşri dərc edib.
Mikroplastik ölçüsü 5 millimetrdən kiçik olan plastik hissəciklərdir. Onlara dünyanın ən ucqar ərazilərində, o cümlədən yüksək dağ zirvələrində və okeanların dərinliklərində rast gəlinir. Əvvəlki araşdırmalarda Everest ətrafında qar və dağ çaylarının suyunda da belə hissəciklər aşkarlanmışdı. Lakin çirklənmənin miqyası indiyədək tam müəyyən edilməmişdi.
Çinli tədqiqatçılar bir neçə ay ərzində dağın şimal yamacında müşahidələr apararaq atmosferin plastik tullantıların Tibet yaylasına daşınmasında mühüm rol oynadığını üzə çıxarıblar. Alimlər bu ərazini bəzən “Üçüncü qütb” adlandırırlar.
Araşdırmaya əsasən, Tibetdəki Çomolunqma yüksək dağ stansiyasında hər gün bir kvadratmetr sahəyə orta hesabla 64 mikroplastik hissəcik çökür. Everestin baza düşərgəsində isə bu göstərici 23 hissəcik təşkil edir.
Ərazidə ən çox yayılmış plastik növləri arasında poliamid, polietilentereftalat (PET) və polietilen müəyyən edilib. Çomolunqma stansiyasında nanoplastiklərin konsentrasiyası da baza düşərgəsi ilə müqayisədə daha yüksək olub. Burada polietilen, PET, polivinilxlorid və polipropilen hissəcikləri aşkarlanıb.
Tədqiqat müəlliflərinin hesablamalarına görə, dəniz səviyyəsindən 4000 metrdən yüksək ərazilərdə yerləşən Tibet yaylasında hər il 56 tondan çox mikroplastik hissəcik toplana bilər.
Mikroplastik dağa necə çatır?
Alimlər müəyyən ediblər ki, plastik hissəciklər atmosferdə asılı vəziyyətdə qalaraq hava axınları ilə uzaq məsafələrə daşınır. Xüsusilə musson mövsümündə onların yer səthinə çökməsi artır. Buna səbəb yağış, qar və duman vasitəsilə baş verən rütubətli çöküntü prosesidir.
Buludlar yaranarkən plastik hissəciklər su damcıları və ya buz kristalları tərəfindən tutulur. Daha sonra yağıntılarla birlikdə dağların səthinə düşürlər. Beləliklə, Everestin çirklənməsi yalnız alpinistlərin və turistlərin fəaliyyəti ilə bağlı deyil, atmosfer dövranı da bu prosesdə mühüm rol oynayır.
Alimlər mikroplastikin ətraf mühit və insan sağlamlığı üçün potensial risklər yaratdığını bildirirlər. Bəzi tədqiqatlarda bu hissəciklərin iltihab, DNT zədələnməsi və hormonal pozuntularla əlaqəsi araşdırılıb. Bununla belə, onların insan sağlamlığına uzunmüddətli təsirlərinin tam müəyyənləşdirilməsi üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Tədqiqat müəllifləri atmosferin plastik çirklənməni dünyanın ən ucqar və yüksək dağlıq bölgələrinə qədər daşıyan effektiv kanal olduğunu vurğulayırlar.
Aydın