
Çində qızıl, nikel və digər strateji əhəmiyyətli faydalı qazıntıların ehtiyatları yenidən qiymətləndirmə nəticəsində əhəmiyyətli dərəcədə artıb. Araşdırmalar ölkənin əvvəllər məlum olmayan və istifadəsi çətin olan yataqlarında böyük həcmdə mineral resursların mövcudluğunu üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” Çinin Təbii Sərvətlər Nazirliyinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, yenidən qiymətləndirmədən sonra renium ehtiyatları 200 faizdən çox artıb. Qızıl ehtiyatlarına əlavə olunan həcmin 50, nikel ehtiyatlarına əlavə olunan həcmin isə 30 böyük yatağın potensialına bərabər olduğu bildirilir.
Bununla yanaşı, qallium, indium, tantal və vanadium ehtiyatlarında da ciddi artım qeydə alınıb. Bu metalların hər biri üzrə müəyyən edilən əlavə resursların həcmi təxminən 10 böyük yatağa bərabərdir.
Layihə çərçivəsində 27 əyalətdə yerləşən 1800-dən çox fəaliyyətdə olan mədən araşdırılıb. İşlərə 100-dən artıq elmi və tədqiqat müəssisəsi, eləcə də 2 minə yaxın geoloq cəlb olunub. Ümumilikdə 17 strateji mineralın ehtiyatları yenidən qiymətləndirilib.
Araşdırmalar zamanı Sincan-Uyğur Muxtar Rayonunda yeni sirkon yatağı da aşkarlanıb. Bu kəşf Çin üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, ölkə uzun müddət sirkon idxalından asılı olub. Sirkon isə nüvə reaktorlarında yanacaq elementlərinin örtüklərinin hazırlanmasında, həmçinin aerokosmik sənayedə istifadə edilən sirkoniumun əsas mənbələrindən biridir.
Digər strateji metal olan renium isə reaktiv mühərriklərin detallarının istehsalında istifadə olunan yüksək temperaturlu ərintilərin hazırlanması üçün vacib xammal sayılır.
Qeyd edək ki, Çin kömür, dəmir filizi, qızıl və nadir torpaq elementlərinin hasilatı və emalı üzrə dünyanın əsas ölkələrindən biridir. Bu resurslar elektronika, elektrik avtomobilləri, akkumulyatorlar, külək turbinləri və hərbi sənaye üçün mühüm əhəmiyyət daşıyır.
Aydın