
Nikaraquada yerləşən Masaya vulkanının altında alimlər bir-birinə zidd proseslər nümayiş etdirən iki yeraltı maqma kamerası aşkar ediblər. Onlardan biri tədricən ərimiş süxurlarla dolduğu halda, digərində təzyiq azalmağa davam edir. Bu kəşf vulkanik sistemin daha mürəkkəb quruluşa malik olduğunu və gələcək püskürmələrin proqnozlaşdırılmasını çətinləşdirə biləcəyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Debrief” nəşri yazıb.
Pensilvaniya Ştat Universitetinin alimləri tərəfindən aparılan araşdırma 2018-ci ilin yanvarından 2024-cü ilin fevralınadək toplanmış peyk məlumatlarının təhlilinə əsaslanır. Söhbət paytaxt Manaqua şəhərindən təxminən 19 kilometr məsafədə yerləşən vulkandan gedir. Vulkanın 19 kilometr radiusunda təxminən iki milyon insan yaşayır. Bu isə mümkün püskürməni potensial olaraq fəlakətli hadisəyə çevirir.
Tədqiqatçılar “Sentinel-1” peyklərinin radar müşahidələrindən istifadə edərək müəyyən ediblər ki, 2022-ci ilin ortalarınadək vulkan kalderasının mərkəzi hissəsi tədricən aşağı enib. Bu, təxminən 3,2 kilometr dərinlikdə yerləşən maqma rezervuarında təzyiqin azalmasına işarə edib.
Lakin sonradan vəziyyət dəyişib: yer səthi yenidən qalxmağa başlayıb. Bu proses yeraltı rezervuara yeni maqmanın daxil olması ilə əlaqəli ola bilər.
Eyni zamanda, aktiv San-Tyaqo kraterinin birbaşa altında, cəmi 200 metr dərinlikdə ikinci rezervuar yerləşir. Müşahidə dövrü ərzində onun həcmi azalmağa davam edib. Tədqiqatçıların fikrincə, bu, əvvəllər kraterdə vaxtaşırı müşahidə olunan lava gölünün aktivliyinin azalmasını izah edə bilər.
2024-cü ildən 2026-cı ilin aprelinədək olan məlumatları təhlil edən alimlər daha dərin maqma rezervuarının həcminin əlavə olaraq təxminən 1,6 milyon kubmetr artdığını hesablayıblar. Ümumilikdə, 2022-ci ildən bəri artım təxminən 2 milyon kubmetr təşkil edib.
Bununla belə, tədqiqatçılar bu dəyişikliklərin vulkanın qaçılmaz püskürəcəyini göstərmədiyini vurğulayırlar. Lava gölünün yenidən aktivləşməsi üçün əvvəllər maqma sisteminin həcmində daha böyük dəyişikliklər qeydə alınıb.
Araşdırmanın həmmüəllifi, doktor Yon Çxol Kim bildirib: “Davamlı monitorinq bizə normal aktivlik səviyyəsini anlamağa və hər hansı dəyişikliklərin baş verib-vermədiyini müəyyənləşdirməyə imkan verir”.
Onun sözlərinə görə, bu müşahidələr potensial təhlükə barədə əhalinin vaxtında xəbərdar edilməsinə də şərait yaradır.
Aydın