
Bakıda yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Rusiya Federasiyasının fövqəladə hallar naziri general-polkovnik Aleksandr Kurenkov, Belarus Respublikasının fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski, Özbəkistan Respublikası fövqəladə hallar nazirinin birinci müavini polkovnik Sanjar Zuparov, Qırğız Respublikası fövqəladə hallar nazirinin müavini polkovnik Almazbek Asanov, Federasiyanın üzvü olan ölkələrin komandaları və nümayəndə heyətləri, yarışın hakimləri, digər yerli və xarici qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının əsas hakimlər kollegiyasının üzvləri və iştirakçı ölkələrin - Avstriya, Bolqarıstan, Belarus, Rumıniya, Çin, Çexiya, Almaniya, İran, Qazaxıstan, Qırğızıstan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Özbəkistan, Vyetnam və Azərbaycan komandalarının təntənəli keçidi olub.
Azərbaycan Respublikasının Dövlət Bayrağı və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının bayrağı meydana gətirildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni və Federasiyanın Himni səsləndirilib.
Mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkənin qlobal miqyasda nüfuzlu bir idman dövlətinə çevrildiyini bildirib.
Sonra Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian, Federasiyanın direktoru Andrey Kalinin və baş hakim Aleksandr Klitonçik çıxış edərək, Azərbaycanda dünya çempionatının yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildirib, yarışın keçirilməsi üçün yaradılmış şəraiti və görülmüş təşkilati işləri yüksək qiymətləndirdiklərini vurğulayıb, iştirakçılara uğurlar arzulayıblar.
Daha sonra yanğınsöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı açıq elan olunub.
Mərasimdə Azərbaycanın zəngin tarixi və mədəniyyətini tərənnüm edən, eləcə də dünya çempionatına həsr olunmuş videoçarxlar nümayiş olunub, ölkənin milli musiqi və rəqs nümunələrindən ibarət bədii proqram təqdim edilib.
Çempionatın proqramına uyğun olaraq daha sonra hücum nərdivanı ilə qalxma növü üzrə kişilər arasında yarımfinal və final, qadınlar arasında isə final yarışları keçirilib.