Xəbər lenti

Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş
Dünya22:00 05.11.2026

Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Londonda qeyri-adi memarlıq quruluşuna malik göydələnin ətrafdakı avtomobillərə və digər əşyalara zərər vurmasının səbəbi elmi araşdırmalarla müəyyənləşdirilib. Binanın şüşə fasadından əks olunan Günəş şüaları müəyyən nöqtələrdə cəmləşərək temperaturu təhlükəli həddə çatdırıb. Nəticədə avtomobillərin bəzi hissələri əriyib, ətrafdakı əşyalar isə yanıb.

Qaynarinfo xəbər verir ki, Türkiyənin “CHIP” nəşrinin məlumatına görə, hadisə 2013-cü ildə Londonun 20 Fenchurch Street ünvanında yerləşən və “Walkie-Talkie” ləqəbi ilə tanınan göydələnin yaxınlığında baş verib.

Binanın yuxarıya doğru genişlənən, içəriyə doğru əyri şüşə fasadı Günəş şüalarını nəhəng çökük güzgü kimi əks etdirib. Nəticədə normal şəraitdə geniş əraziyə yayılan işıq enerjisi küçənin müəyyən hissəsində toplanıb. Həmin ərazidə işıq intensivliyinin Londonun digər yerləri ilə müqayisədə altı dəfə yüksək olduğu müəyyən edilib. Hətta cəmləşən şüaların köməyi ilə yumurta bişirmək mümkün olub.

Maraqlıdır ki, binanın memarı Rafael Vinoly də bu təhlükənin layihələndirmə mərhələsində fərqində olub. Onun sözlərinə görə, Günəş şüalarının cəmləşməsi ehtimalı əvvəlcədən nəzərə alınsa da, maliyyə məhdudiyyətləri səbəbindən ilkin layihədə nəzərdə tutulan günəşqırıcı panellər sonradan ləğv edilib.

Hadisədən sonra binanın yuxarı hissəsinə müvəqqəti örtük yerləşdirilib. Növbəti il isə problemin qarşısını almaq üçün daimi günəşqırıcı sistem quraşdırılıb.

Elmi araşdırma təhlükənin miqyasını üzə çıxardı

2017-ci ildə “Journal of Building Performance Simulation” jurnalında dərc olunan elmi araşdırmada göydələnin yaratdığı istilik effekti kompüter simulyasiyaları vasitəsilə təhlil edilib.

Tədqiqatın nəticələrinə görə, binadan əks olunan Günəş şüalarının yaratdığı istilik axını bəzi nöqtələrdə birbaşa Günəş radiasiyasından 10-15 dəfə yüksək ola bilər. Ayrı-ayrı ərazilərdə bu göstəricinin hər kvadratmetr üçün 4100 vattı keçdiyi hesablanıb.

Araşdırma zamanı avtomobillərin yan güzgülərinin ərimə temperaturundan xeyli yüksək istiliyə bir saata qədər məruz qala bildiyi müəyyən edilib. Ən yüksək istilik konsentrasiyası avtomobillərin park edildiyi ərazilərdə və yaxınlıqdakı bərbərxananın girişində qeydə alınıb. Həmin obyektin qapısı önündəki ayaqaltıda yaranan yanıq izləri də simulyasiyanın nəticələri ilə üst-üstə düşüb.

Beləliklə, 2013-cü ildə London sakinlərini təəccübləndirən hadisənin səbəbi Günəş şüalarının binanın qeyri-adi memarlıq quruluşu vasitəsilə bir nöqtədə cəmləşməsi olub. Elmi araşdırma göydələnin fasadının yaratdığı optik effektin avtomobillərə və ətrafdakı əşyalara vurduğu zərəri də təsdiqləyib.

Aydın