Xəbər lenti

Payızda yarpaqların rəngini dəyişən görünməz proses
Dünya22:40 05.11.2026

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir.

Qaynarinfo xəbər verir ki, Türkiyənin “CHIP” nəşrində dərc olunan araşdırmaya görə, günlərin qısalması, günəş işığının azalması və temperaturun aşağı düşməsi yarpaqlardakı piqmentlərin nisbətini dəyişir. Bu səbəbdən müxtəlif ağac növlərində fərqli rəng çalarları meydana çıxır.

Yaşıl rəngin arxasında hansı proses dayanır?

Yarpaqların yay boyunca yaşıl görünməsini təmin edən əsas maddə xlorofildir. Bitkilərin fotosintez prosesində mühüm rol oynayan bu piqment günəş işığından enerji əldə etməyə kömək edir. Payızda günəş işığının azalması ilə ağaclar xlorofil istehsalını zəiflədir, mövcud xlorofil isə tədricən parçalanır.

Nəticədə yarpaqlarda əvvəldən mövcud olan sarı və narıncı piqmentlər üzə çıxır. Sarı rəng ksantofillər, narıncı çalarlar isə karotinlər hesabına yaranır. Bu maddələr karotinoidlər qrupuna daxildir. Yəni payızda sarı və narıncı rənglərin meydana çıxması əksər hallarda yeni piqmentlərin yaranması deyil, əvvəl gizli qalan rənglərin görünməsi ilə bağlıdır.

Bəs qırmızı və bənövşəyi rənglər necə yaranır?

Qırmızı və bənövşəyi yarpaqların yaranma mexanizmi bir qədər fərqlidir. Bu rənglər antosianin adlanan piqmentlərlə əlaqədardır. Karotinoidlərdən fərqli olaraq, antosianinlər bir çox ağac növündə məhz payız aylarında istehsal olunur.

Havanın soyuması ilə yarpaqlara su və qida maddələrinin daşınması zəifləyir. Günəşli payız günlərində fotosintez müəyyən müddət davam etdiyindən yarpaqlarda şəkər toplanır. Bu şəkərlər antosianinlərin yaranmasını dəstəkləyir və yarpaqlara qırmızıdan tünd bənövşəyiyə qədər müxtəlif çalarlar verir.

Rənglərin hansı tonlarda görünməsi yarpaq hüceyrələrinin turşuluq səviyyəsindən də asılıdır. Bununla belə, bütün ağaclar qırmızı və bənövşəyi rəng almır. Bu xüsusiyyət əsasən ağacın genetik quruluşu ilə müəyyən edilir.

Yarpaqların son dayanacağı qəhvəyi rəngdir

Payızın sonuna doğru yarpaqlardakı xlorofil, karotinoidlər və antosianinlər də parçalanmağa başlayır. Bu zaman tanin adlanan birləşmələr daha çox nəzərə çarpır və yarpaqlar qəhvəyi rəng alır.

Daha sonra ağac yarpaq saplağının dibində xüsusi hüceyrə təbəqəsi formalaşdırır. Bu təbəqə yarpaqla budaq arasındakı əlaqəni kəsir və yarpağın tökülməsini təmin edir. Elmi dildə absisiya adlanan bu proses ağacın zədələnmədən yarpaqlardan ayrılmasına kömək edir.

Torpağa tökülən yarpaqlar isə zamanla parçalanaraq tərkibindəki qida maddələrini yenidən torpağa qaytarır. Beləliklə, payızda müşahidə olunan rəng dəyişiklikləri həm ağacların qışa hazırlanmasında, həm də təbiətdə maddələr dövranının davam etməsində mühüm rol oynayır.

Mütəxəssislərin diqqət çəkdiyi digər məqam isə yarpaqların rəng dəyişmə vaxtının hər bölgədə eyni olmamasıdır. Günəş işığının müddəti, gündüz və gecə temperaturu, hava şəraiti və ağac növləri bu prosesin vaxtına və rəng müxtəlifliyinə təsir göstərir.

Aydın