
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycanla Türkiyə arasındakı münasibətləri hədəf alan qərəzli və məqsədli paylaşımların aşkarlandığını bildirib.
Qaynarinfo xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub ki, bəzi beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı sarsılmaz əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” anlayışını hədəf alan materiallar müəyyən edilib.
Bildirilib ki, sözügedən paylaşımlar iki dost və qardaş ölkə arasındakı köklü münasibətlərə zərər vurmağa, regional sülh və sabitliyi pozmağa yönəlmiş açıq informasiya manipulyasiyası əməliyyatıdır.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq təməlləri üzərində qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı şəkildə davam etdirirlər. İki ölkə arasındakı strateji tərəfdaşlıq, atılan birgə addımlar və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ açıqlamalarla ictimaiyyəti çaşdırmaq cəhdləri məqsədinə çatmayacaq”, – açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu cür materiallara etibar etməməyə və yalnız rəsmi qurumların açıqlamalarını nəzərə almağa çağırıb.
Şərhlər