
Alimlər nəhayət, Fərat çayının necə yarandığını müəyyən ediblər. Müasir Fərat təxminən 1,6 milyon il əvvəl əvvəllər fərqli məcralarla axan iki qədim çayın birləşməsi nəticəsində formalaşıb. Bu çayların tarixi Qərbi Asiyanın landşaftının necə dəyişdiyini anlamağa kömək edir.
Qaynarinfo xəbər verir ki, “Futura Sciences” nəşrinin yazdığına görə, aparılan tədqiqat alimlərə Fəratın formalaşma tarixini yenidən qurmağa imkan verib. Geoloqlar uzun müddət çayın mənşəyini və onun qədim qollarının hansı istiqamətdə axdığını dəqiq müəyyənləşdirə bilmirdilər.
Tədqiqatçılar müəyyən ediblər ki, müasir Fərat iki müstəqil çayın — Paleo-Karasu və Paleo-Muratın birləşməsi nəticəsində yaranıb. Milyonlarla il əvvəl bu çaylar indiki Türkiyə və Suriya ərazilərindən keçərək Aralıq dənizinə tökülürdü.

Həmin dövrdə regionun görünüşü tamamilə fərqli idi. Təxminən 5–6 milyon il əvvəl Aralıq dənizində “duzluluq böhranı” adlanan hadisə baş verib. Tektonik proseslər nəticəsində dəniz hövzəsinin böyük hissəsi, demək olar ki, quruyub.
Təxminən 5,33 milyon il əvvəl dəniz yenidən su ilə dolub. Bu zaman qədim çay yataqları su altında qalıb, əvvəlki su axınlarının izlərini qoruyub saxlayan çöküntülər isə yeni təbəqələrlə örtülüb.
Alimlər qədim çayların tarixini bərpa etmək üçün Livan sahillərindəki çay çöküntülərini araşdırıb və onları müasir Türkiyə ərazisində aşkar edilmiş oxşar nümunələrlə müqayisə ediblər. Bu, yoxa çıxmış çayların axın istiqamətlərini izləməyə və onların məcralarının necə dəyişdiyini müəyyənləşdirməyə imkan verib.
Çayların axın istiqaməti niyə dəyişib?
Fəratın formalaşmasında tektonik proseslər mühüm rol oynayıb. Təxminən 3,6 milyon il əvvəl dağəmələgəlmə prosesləri, tektonik qırılmalar boyunca hərəkətlər və zəlzələlər qədim çayların istiqamətini tədricən dəyişməyə başlayıb.
Əvvəlcə Paleo-Murat çayının yaxınlığında yeni məcra yaranıb. Təxminən 800 min il sonra dəyişikliklər Paleo-Karasuya da təsir edib. Bir neçə belə dəyişiklikdən sonra iki su axını nəhayət birləşərək cənub-şərqə, Fars körfəzi istiqamətində axmağa başlayıb.

Beləliklə, müasir Fərat çayı indiki formasını təxminən 1,6 milyon il əvvəl alıb.
Tədqiqatçılar qədim su axınlarının ölçülərini də qiymətləndiriblər. Çöküntü süxurlarının daşınması ilə bağlı modelləşdirmənin nəticələrinə əsasən, Paleo-Karasu digər çayla birləşməzdən əvvəl müasir Nil çayından belə böyük ola bilərdi.
Tədqiqatın aparıcı müəllifi, geoloq Endryu Madofun fikrincə, qədim çayların məcralarının dəyişməsi və sonradan birləşməsi baş verməsəydi, regionun görünüşü tamamilə fərqli ola bilərdi.
Alimlər Fəratın yaranmasının su ehtiyatlarının əlçatanlığına və Afrikadan Levant vasitəsilə köç edən heyvanların yaşayış şəraitinə təsir göstərmiş ola biləcəyini də istisna etmirlər.
Tədqiqat tektonik proseslərin və çay sistemlərindəki dəyişikliklərin Yer səthini nə dərəcədə köklü şəkildə dəyişdirə bildiyini göstərir.
Madof qeyd edib ki, çayların təsiri çox genişdir: onlar landşaftları və sivilizasiyaları formalaşdırır, hətta həyatın özünün yaranması üçün zəruri şəraitə təsir göstərə bilər.
“Su ehtiyatlarının genişmiqyaslı şəkildə yenidən bölüşdürülməsi Yer səthini dəyişdirir və həyatın mümkün olmasını təmin edən şərtləri müəyyənləşdirir”.
Aydın