
İngiltərənin Somerset qraflığında yerləşən From qəsəbəsi özünəməxsus atmosferi, sənətkarlıq mağazaları və güclü icma mühiti ilə diqqət çəkir. Kiçik yaşayış məntəqəsi 2025-ci ildə Böyük Britaniyada yaşamaq üçün ən yaxşı 260 yerin daxil olduğu siyahıda yer alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Mirror” nəşri yazıb.
Siyahını hazırlayan “Muddy Stilettos” platforması Fromu incəsənət və sənətkarlıq dükanları, müstəqil müəssisələri, restoranları, kinoteatrı və musiqi məkanları ilə seçilən qəsəbə kimi təqdim edib.
Qəsəbənin mərkəzi daş döşənmiş dar küçələri, kiçik butikləri və qeyri-adi mağazaları ilə tanınır. Burada vintage geyimlər, antik əşyalar və müxtəlif əl işləri tapmaq mümkündür. Chip Street və Catherine Hill küçələrində isə mağazalar, keyfiyyətli qəhvə məkanları, kiçik pablar və şərab barları fəaliyyət göstərir.

Fromun diqqət çəkən xüsusiyyətlərindən biri də yerli bazarlarıdır. Burada dizaynerlər, sənətkarlar və ənənəvi ərzaq istehsalçıları öz məhsullarını təqdim edirlər. Xüsusilə “Frome Independent Market” bazarı əl işi məhsulları və yerli qida nümunələri ilə tanınır.
Nəşrin müəllifi qeyd edir ki, son illərdə qəsəbənin atmosferi dəyişib və bu, yeni nəsil sakinlərin marağını artırıb. Burada yerli icma ilə bağlılıq hissi güclüdür, şəhərlərin səs-küyündən uzaqlaşmaq və kənd təbiətinə qısa müddətdə çatmaq mümkündür.

Fromun cəlbediciliyini artıran digər amil isə mədəni həyatıdır. Qəsəbədə müstəqil kinoteatr və musiqi məkanı fəaliyyət göstərir. “Muddy Stilettos”un təsvirinə görə, burada tanınmış musiqiçilərə də rast gəlmək mümkündür.
Beləliklə, tarixi küçələri, yerli biznesləri, bazarları və sakit həyat tərzi ilə From böyük şəhərlərin gur həyatına alternativ axtaranların diqqətini çəkən yaşayış məntəqələrindən biri kimi təqdim olunur.
Aydın