
Dünyada alkoqol istehlakına münasibət dəyişir. Getdikcə daha çox insan sərxoşluq əvəzinə içkilərin dadına üstünlük verir və ənənəvi kokteyllərin alkoqolsuz alternativlərini seçir.
Qaynarinfo xəbər verir ki, bu barədə UNIAN-a alkoqol məhsullarının satışı üzrə ekspert Dmitri Polyashenko danışıb.
Ekspertin sözlərinə görə, yeni nəsil alkoqoldan imtinanı xəstəlik və ya məcburiyyətlə deyil, həyat tərzi və seçimlə əlaqələndirir. İnsanlar alkoqolun orqanizmə təsiri olmadan sevdikləri içkilərin dadından zövq almaq istəyirlər.
Polyashenkonun bildirdiyinə görə, alkoqolsuz şərab və kokteyl alan müştərilərin təxminən 80 faizi adi alkoqollu içkilərdən də istifadə edir. Bu isə alkoqolsuz məhsulların yalnız tamamilə alkoqoldan imtina edənlər üçün nəzərdə tutulmadığını göstərir.
Alkoqolsuz içkilərin çeşidi genişlənir
Ekspertin sözlərinə görə, hazırda pivə və şərabla yanaşı, cin, tekila, rom, viski və hətta arağın da alkoqolsuz variantlarını tapmaq mümkündür. Bu kateqoriyada ən geniş seçim isə şərab məhsullarıdır. Qırmızı, ağ və çəhrayı şərabların, eləcə də köpüklü şərabların alkoqolsuz növləri istehsal olunur.
Belə içkilərin hazırlanmasında əsas üsullardan biri dealkoqolizasiya prosesidir. Bu zaman əvvəlcə alkoqollu içki hazırlanır, daha sonra onun tərkibindəki etil spirti çıxarılır və ya azaldılır.
Digər üsul isə alkoqollu içkilərə xas dad və aromanı təqlid edən məhsulların hazırlanmasıdır. Bu halda içkinin dadı və xüsusiyyətləri ənənəvi alkoqollu analoqa mümkün qədər yaxınlaşdırılır.
Klassik kokteyllərin də alkoqolsuz versiyası var
Alkoqolsuz içkilərə marağın artması kokteyl mədəniyyətinə də təsir göstərir. Artıq bir çox məşhur kokteylin alkoqolsuz alternativi hazırlanır. Bu cür içkilər beynəlxalq alkoqolsuz kokteyl terminologiyasında “mokteyl” (mocktail) adlandırılır.
Məsələn, alkoqolsuz cin əsasında “Cin tonik”, alkoqolsuz tekila ilə “Marqarita” və “Paloma”, rom əvəzedicisi ilə isə “Kuba libre” hazırlamaq mümkündür.
Ekspert hesab edir ki, alkoqolsuz içkilərin çeşidinin genişlənməsi istehlakçılara seçim imkanı yaradır və dünyada daha şüurlu içki istehlakı mədəniyyətinin yayılmasını sürətləndirir.
Aydın