Dieqo Forlan öz nəslinin ən yaxşı mərkəz hücumçularından biri idi. “Vilyarreal” və “Atletiko Madrid”dəki möhtəşəm dönəmlərində 155 qol vurdu, La Liqanın bombardirinə verilən “Piçiçi” mükafatını iki dəfə qazandıqdan sonra 2004-05 və 2008-09 mövsümlərində Avropanın “Qızıl buts” mükafatına da sahib oldu.
Bu arada Uruqvay böyük ölçüdə Forlanın sayəsində 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatını dördüncü pillədə başa vurdu. Forlan “Adidas”ın məşhur, idarəolunması çətin “Jabulani” topuna mükəmməl nəzarət edərək bombardir adını digər futbolçularla bölüşdü və turnirin ən yaxşı oyunçusu seçildi. Bir il sonra isə “La Seleste”yə 16 ildən sonra ilk Amerika Kuboku çempionluğunu qazanmağa kömək etdi və Paraqvaya qarşı 3:0 hesablı finalda iki qol vurdu.
Uzun, arxaya doğru tökülən sarı saçları və onları geridə saxlayan nazik elastik saç bandı ilə Forlan 2000-ci illərin klassik futbol estetikasını da təcəssüm etdirirdi. Bu görünüş onu dərhal tanınan və mədəni baxımdan ikonik fiqura çevirmişdi. Getdiyi hər yerdə azarkeşlərin sevimlisinə çevrilirdi. Ser Aleks Ferqyusonun rəhbərliyi altında iki il yarım keçirdiyi “Mançester Yunayted” də istisna deyildi.
Forlan “Old Trafford”da heç vaxt yüksək məhsuldarlıq nümayiş etdirə bilmədi və amansız niderlandlı hücumçu Rud van Nistelroydun kölgəsində qaldı. Belə ki, “Mançester Yunayted” forması ilə 98 oyunda cəmi 17 qol vurdu. Klub onu “Vilyarreal”a satarkən ilkin investisiyasından 5 milyon funt sterlinq zərər etməyə də razı oldu. Buna baxmayaraq, Forlan “Mançester Yunayted”in daha uğurlu xarici transferlərindən hər hansı biri qədər klubun əsas dəyərlərini anladığı üçün hələ də “Yunayted” azarkeşləri arasında kult qəhrəmanı kimi qəbul olunur.
Argentinada yüksəliş

Forlan Ferqyusonun müdaxiləsindən əvvəl “Midlsbro”ya keçməyə çox yaxın idi
Forlan əvvəlcə 1966 və 1974-cü il dünya çempionatlarında Uruqvay formasını geyinmiş atası Pablo kimi futbolçu olmaq əvəzinə tennisçi olmaq istəyirdi. Lakin 12 yaşında diqqətini futbola yönəltdi. Bu qərar Argentinanın əfsanəsi Dieqo Maradonaya olan heyranlığından qaynaqlanırdı. Maradona, Forlanın bacısı Alehandranın sevgilisinin öldüyü və özünün iflic qaldığı dəhşətli yol qəzasından sonra ailənin tibbi xərclərini ödəməyə kömək etmək üçün şəxsi vəsaitindən pul ayırmışdı.
Maddi dəstək göstərmək arzusu ilə hərəkət edən Forlan daha sonra Uruqvayın ən böyük iki klubundan olan “Penarol” və “Danubio”nun akademiyalarında məşq etdi. 1995-ci ildə isə yeddi aylıq sınaq müddəti üçün Fransaya, “Nansi”yə getdi, lakin sonda ona tamhüquqlu müqavilə təklif edilmədi. Ruhdan düşməyən 16 yaşlı Forlan Cənubi Amerikaya qayıtdı və ailə əlaqələri, həmçinin menecer Xose Omar Pastorisanın köməyi ilə Argentinanın “Böyük beşlik” klublarından biri olan “İndependyente”nin akademiyasına daxil oldu.
Forlan 1998-ci ildə, 18 yaşında əsas komandada debüt etdi və “İndependyente”nin heyətində vurduğu 40 qolla qitənin ən yaxşı gənc, hər iki ayağından istifadə edə bilən hücumçularından birinə çevrildi. Avropanın diqqəti yenidən onun üzərinə yönəldi və 2002-ci ilin yanvarında Premyer Liqa təmsilçisi “Midlsbro” uruqvaylı gənc ulduz üçün 6,9 milyon funt sterlinqlik razılaşma əldə etdi.
Lakin Forlan İngiltərəyə gəlmək üzrə olduğu vaxt “Yunayted” “Boro”nun təklifini qəbul etdi. Klub eyni məbləği birdəfəlik ödəməyi və daha yüksək maaş paketi təklif etdi. Daha da önəmlisi, Ferqyuson Forlanın fikrini dəyişdirmək üçün şəxsən müdaxilə etdi.
Forlan 2015-ci ildə “The National” üçün yazdığı köşə yazısında belə deyirdi:
“Midlsbro menecerimlə əlaqə saxlamışdı, məndən əvvəl “Yunayted” üçün məni görmək istəyirdilər. Ser Aleks Ferqyuson bunu öyrəndi. Bir gün hamamda olarkən telefon zəngi gəldi. Otaq yoldaşım çarpayıda yatırdı, ona görə də sakit danışırdım.
Çox kiçik yaşlarımdan ingilis dilini başa düşə bilirdim, amma telefondakı kişini demək olar ki, heç başa düşmürdüm. O, çox sürətli və çox güclü aksentlə danışırdı. Mənə çox aydın aksentlə danışan insanlar ingilis dilini öyrətmişdilər. Onu başa düşmək üçün böyük səy göstərdim və mənim onun üçün oynamağımı istədiyini anladım. “Səni istəyirik”, dedi. “Bu, sadəcə maraq deyil, səni istəyirik. Bizim üçün əla oyunçu ola bilərsən. Bizi gözlə. “Mançester Yunayted” üçün oynayacaqsan”.
Sinir pozucu başlanğıc

Forlanın “Old Trafford”dakı ilk yarım mövsümü çoxlu müsbət məqamlarla yadda qaldı, lakin nəticə vermədi
Teddi Şerinqem və Endi Koulun ayrılmasından sonra daha bir 9 nömrəli futbolçunun transferi “Yunayted” üçün zərurət idi və Forlanın gəlişi böyük həyəcan yaratdı. O, bir həftə sonra Premyer Liqada “Bolton Uonderers”ə qarşı 4:0 hesablı qələbənin son 15 dəqiqəsində meydana çıxaraq debüt etdi. Ağıllı hərəkətləri, iş tempi və sürəti ilə dərhal ümid verdi və Van Nistelroydun da rəğbətini qazandı.
Van Nistelroyd belə demişdi:
“Dieqo ilə birlikdə çox gənc və istedadlı oyunçumuz var. O, cəmi son 15 dəqiqədə oynadı, amma böyük potensiala sahib olduğunu görə bilirdiniz. Çox, çox sürətlidir, hər iki ayağından çox yaxşı istifadə edir və məncə, 22 yaşında onun qarşısında möhtəşəm gələcək var”.
Həmin gün “Ribok” stadionunda hesabı Ole Qunnar Sulşerin het-trikindən sonra Van Nistelroyd tamamladı. Niderlandlının xoş sözlərinə baxmayaraq, Forlan “Yunayted”də olduğu müddətdə həm onun, həm də Sulşerin arxasında üçüncü seçim olaraq qaldı.
Forlan əsas heyətdə ilk oyununa yalnız martın əvvəlində çıxa bildi. “Old Trafford”da “Tottenhem”ə qarşı keçirilən görüşdə zədəli Sulşeri əvəzlədi. “Mançester Yunayted” daha bir 4:0 hesablı rahat qələbə qazandı və Forlan müdafiə arxasına qaçışları ilə davamlı təhlükə yaratdı. Lakin bir neçə aydın qol imkanını əldən verməsi qapı qarşısında narahatedici soyuqqanlılıq çatışmazlığını üzə çıxardı.
2001-02 mövsümünü 18 oyunla başa vursa da, bir dəfə belə fərqlənə bilmədi. Mövsüm Ferqyusonun komandası üçün də tam məyusluqla yadda qaldı. “Yunayted” Premyer Liqanı üçüncü pillədə başa vurdu, həm İngiltərə kubokundan, həm də Liqa Kubokundan erkən mübarizəni dayandırdı və Çempionlar Liqasının yarımfinalında “Bayer Leverkuzen”ə məğlub oldu.
Buna baxmayaraq, Forlanın topsuz oyunda bitmək bilməyən əzmkarlığı onu “Yunayted” azarkeşləri arasında populyarlaşdırdı və o, 2002-ci il dünya çempionatı üçün Uruqvay millisinin heyətinə çağırıldı. Cənubi Koreya və Yaponiyada keçirilən turnirdə qrup mərhələsində məyusedici şəkildə mübarizədən kənar qaldılar. Lakin Forlan Seneqala qarşı turnirin ən gözəl qollarından birinə imza ataraq itirdiyi özünəinamın bir hissəsini geri qazandı. Təxminən 18 metrdən vurduğu möhtəşəm vole uzaq küncə getdi.
Uzun müddət gözlənilən dönüş nöqtəsi

Uruqvaylı futbolçu nəhayət Çempionlar Liqasında “Yunayted” forması ilə ilk qolunu vuraraq psixoloji baryeri aşdı
Lakin Forlanın Mançesterə qayıdışından sonra dərhal böyük sıçrayış baş vermədi. 2002-03 mövsümü başlayandan sonra da əsasən ehtiyatdan meydana çıxan futbolçu olaraq qaldı. “Yunayted”in Premyer Liqadakı ilk altı matçının hamısında, eləcə də “Zalaegersseq”ə qarşı Çempionlar Liqasının təsnifat mərhələsinin hər iki görüşündə ehtiyat oyunçular skamyasından meydana daxil oldu. Qolsuz keçən 26 oyundan sonra Britaniya mediası ona “Forlorn” ləqəbini verməyə başladı.
Həlledici çıxış nəhayət Forlanın “Yunayted” forması ilə 27-ci oyununda, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Makkabi Hayfa”ya qarşı ev matçında gəldi. 23 yaşlı futbolçu “Mançester Yunayted” 4:1 hesabı ilə öndə olduğu halda, saat tamamlanmamış meydana daxil oldu və həmişəki kimi hücum xəttində böyük iş gördü. Lakin qol toxunuşu yenə ondan uzaq idi. Van Nistelroydun ötürməsindən sonra əldə etdiyi çox əlverişli fürsətdə topu qapının üstündən göndərdi.
88-ci dəqiqədə Devid Bekhem penaltı qazanana qədər bunun Forlan üçün daha bir məyusedici gecə olacağı düşünülürdü. Həmin gün komandaya kapitan kimi çıxan “Yunayted”in cinah oyunçusu penaltini yerinə yetirmək üçün topu götürdü. Lakin Forlan ondan kənara çəkilməsini xahiş etdi və ingilis futbolçu onun çıxılmaz vəziyyətini anlayaraq bunu nəzakətlə qəbul etdi.
“Xahiş edirəm, xahiş edirəm. İçində zərrə qədər insanlıq olan hər kəs onun adına bunu istəyər”, – “İTV” şərhçisi Piter Druri Forlan hakimin fitini gözlədiyi və “Old Trafford”un demək olar ki, tam dolu tribunalarının kollektiv şəkildə nəfəsini saxladığı anda belə dedi.
Bədən dilində böyük narahatlıq hiss olunsa da, Forlan qapıçını əks istiqamətə göndərərək topu dəqiq zərbə ilə tora yolladı və hesabı 5:2-yə çatdıraraq qələbəni rəsmiləşdirdi.
Bundan sonra Bekhem və komanda yoldaşları Forlanın ətrafına toplaşdı, ev sahibi komandanın ehtiyat oyunçular skamyasındakı hər kəs isə rahatlıq içində geniş təbəssümlə sevinc yaşadı.
Bekhem oyundan sonra belə dedi:
“Mən vursaydım və qol atsaydım, 67 min nəfər məndən nifrət edərdi. O, məşqlərdə və oyunlarda çox çalışırdı və bunu həqiqətən haqq etmişdi”.
Ferqyuson da kapitanın sözlərini dəstəklədi:
“Dieqonun hərəkətliliyi birinci dərəcəlidir və o, bu qolu haqq edir. Meydanda qaldığı yarım saat ərzində belə yarım düzünə fürsət yaratdı. Bu qədər zəhmət çəkirsənsə, qarşılığını almalısan. Ümid edirəm ki, indi rahatlaşacaq və daha çox qol vuracaq. Əminəm ki, bu, onu hərəkətə gətirəcək. O, möhtəşəm iş gördü”.
Möhtəşəm dövr

Forlan psixoloji baryeri aşdıqdan sonra üzərindəki təzyiqdən azad olmuş kimi görünürdü və daha vacib qollar vurmağa başladı
Lakin Forlanın reaksiyası təmkinli idi. Bu, Uruqvaylı futbolçu üçün çətin keçən uyğunlaşma dövründən sonra yalnız başlanğıc nöqtəsi idi. O, sonradan bunu belə etiraf etmişdi:
“Premyer Liqaya və fərqli mədəniyyətə uyğunlaşmalı idim. Bundan əlavə, bəzən kifayət qədər oyun vaxtı almıram və belə vəziyyətlərdə daha çox qol vurmaqdan çox, topa nəzarət etmək vacib olur. Təzyiq şəxsi təzyiqdir, amma qolların gələcəyinə əminəm. Həmin qolu hücum təşkilatından sonra vurmaq daha yaxşı olardı, amma yenə də qol sayılır”.
O, həm özünün, həm də Ferqyusonun haqlı olduğunu sübut edəcəkdi. Forlan bütün turnirlərdə “Yunayted”in növbəti yeddi oyununda qol vura bilmədi, lakin oktyabrın 26-da mövsümdə Premyer Liqada yalnız ikinci dəfə əsas heyətdə meydana çıxdı və “Aston Villa”ya qarşı komandasına vacib bir xal qazandırdı.
“Old Trafford”da matçın son 13 dəqiqəsinə daxil olarkən “Villa” 1:0 öndə idi. Mikael Silvestr qarşısında müdafiəçilərdən ibarət sıxlıq olduğu halda cərimə meydançasının uzaq tərəfində topla görüşəndə böyük təhlükə yaranacağı düşünülmürdü. Lakin fransalı futbolçu izaholunmaz şəkildə boş buraxılan Forlana ötürmə etdi. Forlan isə çarəsiz vəziyyətdə qalan “Villa” qapıçısı Piter Enkelmanın yanından möhtəşəm baş zərbəsi ilə topu üst küncə göndərərək Premyer Liqadakı ilk qolunu vurdu və doqquz aylıq gözləntiyə son qoydu.
Forlan bu dəfə daha coşqulu idi və sonradan onun xarakterik xüsusiyyətinə çevriləcək şəkildə formasını çıxardı. Enerjisini hara yönəldəcəyindən tam əmin görünməyən futbolçu ev sahibi tribunalarına qaçmaq əvəzinə qonaq sektorundakı “Villa” azarkeşlərinə tərəf qaçdı. Açıq oyunda Premyer Liqada 23 matçdır qol vurmaması nəzərə alınarsa, bu başadüşülən səhv idi.
“Yunayted” növbəti həftə “Sauthempton”u qəbul etdi və Ferqyuson Forlanı yenidən ehtiyat oyunçular skamyasında saxlamasına baxmayaraq, son sözü yenə o dedi. Matçın bitməsinə cəmi beş dəqiqə qalmış hesab 1:1 idi. Xuan Sebastyan Veron qapıdan təxminən 25 yard məsafədə Forlanı topla təmin etdi. Uruqvaylı futbolçu özünü hazırlamaq üçün iki toxunuş etdikdən sonra göz açıb-yumunca “Sauthempton”un qapıçısı Annti Nieminin yanından tora gedən qarşısıalınmaz zərbə vurdu.
Bu, adrenalini yüksələn Forlanın yenidən çılpaq sinəsini göstərməsinə səbəb olan möhtəşəm an idi. Lakin bundan sonra daha absurd bir hadisə yaşandı. “Yunayted”in həmin mövsüm geyindiyi “Nike”ın ikiqat qatlı formaları qarşısında çaşqın görünən futbolçu formasını yenidən geyinməkdə çətinlik çəkdi və oyun yenidən başladıqda, formanı əlində saxlayaraq topu geri qazanmaq üçün tam sürətlə qaçdı.
Hadisə barədə fikri soruşulan Forlan belə dedi:
“Onu tez bir zamanda yenidən geyinməyə çalışırdım, amma bəzən tələsəndə işlər daha da pisləşə bilir. Bunu yenidən edərəmmi, bilmirəm. Olanda görərik”.
İnstinktləri ilə oynayan və emosiyalarından güc alan futbolçu kimi onun yenidən özünü itirməsi çox çəkməyəcəkdi.
“Liverpul” azarkeşlərini ağlatmaq

Əzəli rəqib “Liverpul”la gərgin qarşılaşmada Forlan adını əbədi olaraq “Yunayted” folkloruna yazdırdı
Forlan daha sonra “Nyukasl”a qarşı 5:3 hesablı möhtəşəm qələbədə “Yunayted”in əsas heyətində mühüm rol oynadı, Van Nistelroydun iki qoluna assist etdi və səkkiz gün sonra “Liverpul” səfərində də Ferqyusonun heyətindəki yerini qorudu.
Onun “Mançester Yunayted”dəki mirasını müəyyənləşdirən gün nəhayət “Enfild”də həmin taleyüklü şənbə günortasında gəldi.
Matçın ilk 60-dan çox dəqiqəsi qısır keçdi və oyunun kilidini yalnız fərdi sehr və ya böyük səhv aça bilərdi. Nəhayət, ikinci variant baş verdi.
Ceymi Karrager sıçrayan topu başla Yerji Dudekə qaytardı. Bu, normalda asanlıqla tutulmalı top idi. Lakin “Liverpul”un qapıçısı topu hansısa şəkildə ayaqlarının arasından keçirdi və Forlan boş qapıya göndərmək üçün dərhal reaksiya verdi. “Yunayted”in hücumçusu böyük coşqu ilə qaçarkən formasını çıxarmağa yönəldi, lakin son anda özünü saxlayaraq formanı yenidən aşağı çəkdi.
Həmin qol hər şeydən əvvəl bəxtlə bağlı olsa da, Forlanın ikinci qolu texniki baxımdan son dərəcə təsirli idi. Aradan üç dəqiqə belə keçməmiş Rayan Giqqz iki müdaxiləyə baxmayaraq ayaqda qaldı və topu cərimə meydançasının xəttində olan Forlana doğru ötürdü. Forlan isə Dudekin bağladığı yaxın dirəyin dibinə sərt zərbə göndərdi. Bəli, Dudek daha yaxşı çıxış etməli idi, amma Forlanın zərbəsi qüsursuz idi.
Sami Hyypia “Liverpul”un fərqi azaltmasına nail oldu, lakin “Yunayted” məşhur qələbəsini qoruyub saxlamağı bacardı. Fabian Bartes də son dəqiqələrdə Ditmar Hamanna inanılmaz seyvlə imkan vermədi. Buna baxmayaraq, əsas xilaskar Forlan idi.
Forlan 2022-ci ildə “Yunayted”in media kanalına həmin oyunu xatırlayarkən belə demişdi:
“Bilirsiniz, əlbəttə ki, xatırladığım şey qollardır. Onları televiziyada hər görəndə... Amma oyundan sonra Qari [Nevill] yanıma gəlib dedi ki, nə etdiyini bilmirsən. İllərlə xatırlanacaqsan”.
Doğrudan da, “Yunayted” azarkeşləri Din Martinin “Volare” mahnısının melodiyası əsasında Forlan üçün xüsusi nəğmə yaratdılar:
“Dieqo, uooah, Dieqo, uooah,
O, Uruqvaydan gəldi
Və Skauzerləri ağlatdı”.
Bu nəğmə o vaxtdan tribunaların dəyişməz hissələrindən birinə çevrildi. Hətta 2017-ci ilin aprelində “Sanderlend”ə qarşı keçirilən matçda belə səsləndirildi və bu, dövrün “Mançester Yunayted” baş məşqçisi Joze Mourinyonu heyrətə gətirdi.
Forlan sözlərini belə davam etdirmişdi:
“Bunun vacib bir şey olduğunu bilirdim, amma həmin anda bilmirdim ki, 20 il sonra belə adımı hələ də oxuyacaqlar. İnanılmazdır”.
O, 2019-cu ildə “GQ”ya verdiyi müsahibədə də belə demişdi:
“Bunu hər dəfə eşidəndə tüklərim biz-biz olur. Mən Rayan Giqqz, Pol Skoulz və ya başqa bir “Yunayted” əfsanəsi deyiləm. Həm də “Enfild”də qol vuran yeganə futbolçu deyiləm. Buna görə xatırlanmaq mənim üçün imtiyaz kimi gəlir. Komandada o qədər az oynayırdım ki, həmin matça qədər özümü hətta əsl futbolçu kimi də hiss etmirdim”.
Çempion

Forlan “Yunayted”in 2002-03 mövsümündə Premyer Liqa çempionluğunu qazanmasında kiçik, lakin kritik rol oynadı
Forlan həmin dekabr ayında daha üç mühüm qol vurdu. Birincisi Liqa Kubokunun dördüncü turunda “Bernli”yə qarşı 2:0 hesablı qələbədə soyuqqanlı zərbə ilə gəldi. İkincisi isə “Yunayted”in “Çelsi” ilə keçirdiyi dörddəbir final matçında vuruldu. Forlan Karlo Kudicinin ayaqları arasından topu keçirərək görüşün yeganə qolunu vurdu.
“Mançester Yunayted” ayı “Old Trafford”da “Birmingem Siti” üzərində 2:0 hesablı qələbə ilə başa vurdu. Forlan Bekhemin cərimə meydançasına başla qaytardığı topa inkişafdan sərt zərbə endirərək komandasının ilk qolunu vurdu.
Forlan həmin mövsüm Premyer Liqada daha yalnız bir matçda əsas heyətdə başladı. Lakin yanvarın 18-də çempionluq yarışında həlledici əhəmiyyət daşıyan “Çelsi”nin Mançesterə səfərində azarkeşlərə daha bir unudulmaz an yaşatdı.
“Arsenal” günün erkən saatlarında “Vest Hem”i məğlub edərək turnir cədvəlinin zirvəsində “Yunayted”dən beş xal önə keçmişdi. “Çelsi” isə üç xal geridə üçüncü pillədə idi. “Çelsi” ilk hissəyə nəzarət etdi və 30-cu dəqiqədə Eydur Qudyohsenin qolu ilə hesabı açaraq “Yunayted”i turnir cədvəlində geridə qoymağa yaxınlaşdı. Lakin fasilədən əvvəl Kudicinin səhvi oyunun gedişini dəyişdi. Tarazlığını itirən “Çelsi” qapıçısı topu Bekhemə pis ötürdü, Bekhemin asmasından sonra Skoulz hesabı 1:1 etdi.
“Yunayted” ikinci hissədə oyun səviyyəsini yüksəltdi, lakin Kudici də öz oyununu yaxşılaşdırdı. Van Nistelroyd demək olar ki, qaçılmaz görünən baş zərbəsində qol vura bilmədi, çünki italiyalı qapıçı topu hansısa şəkildə dirəyin dibindən çıxardı.
“Çelsi” əlavə vaxtın üçüncü dəqiqəsinə qədər müqavimət göstərdi. Ardınca səhnəyə Forlan çıxdı.
Van Nistelroydun əvəzinə meydana daxil olan Forlan “Çelsi”nin mərkəz müdafiəçiləri arasına sızaraq Veronun mükəmməl ara ötürməsinə hərəkətləndi və sol ayağı ilə dəqiq zərbə endirərək Ferqyusonun komandasına üç xal qazandırdı. Bu dəfə Forlan formasını çıxarıb ev sahibi azarkeşlərin qulaqbatırıcı gurultusu altında qaçarkən bir an belə tərəddüd etmədi.
“Yunayted”in baş məşqçisi daha sonra jurnalistlərə belə dedi:
“Məhz buna görə onu həmişə son 20 dəqiqə üçün meydana buraxırıq. Bu il vacib qolları ilə həqiqətən çox önəmli oyunçuya çevrilib”.
Premyer Liqa kuboku dörd ay sonra “Old Trafford”a qayıtdı və Forlan da həmin sevinc görüntülərinin tam mərkəzində idi. Onun 25 oyunda altı qol və iki assistlik göstəricisi yenə də təvazökar idi. Lakin bu oyunların yalnız yeddisində əsas heyətdə başladığını nəzərə alsaq, Forlan belə həlledici töhfə verməklə fantastik iş görmüşdü.
Gözdən çıxarıldı

2003-cü ildə heyətdə rəqabətin artması Forlanın komandadakı mövqeyini itirməsinə səbəb oldu.
Bununla belə, Forlanın taleyində “Yunayted”də uzunmüddətli superulduz olmaq yox idi. 2003-04 mövsümündən əvvəl “Yuventus”a qarşı keçirilən hazırlıq matçında o, əsrin ən böyük qol qaçırmalarından birinə imza atdı. Qarşısında tamamilə boş qapı olduğu halda, altı metrlik cərimə meydançasından topu hansısa şəkildə yan tora göndərdi. Bu epizod klubdakı məyusedici son mövsümünün də sanki xəbərçisi idi.
Ferqyuson tək hücumçulu sistemə keçdi və bu, Van Nistelroydun Forlan üzərindəki kölgəsini daha da böyütdü. Bununla belə, onun bənzərsiz bacarığını xatırladan bəzi möhtəşəm anlar da oldu. Bunlar arasında Çempionlar Liqasında “Reyncers”ə qarşı 3:0 hesablı qələbədə vurduğu gözəl vole, “Yunayted”i pley-off mərhələsinə daşıyan “Panatinaikos” səfərindəki qələbə qolu və Premyer Liqada “Yunayted”in “Aston Villa”nı 4:0 hesabı ilə darmadağın etdiyi matçda sonradan meydana çıxaraq vurduğu möhtəşəm dubl da var idi. Forlan həmçinin İngiltərə kubokunun qalibi medalını da karyerasına əlavə etdi. “Yunayted”in dördüncü turda “Northempton”u 3:0 məğlub etdiyi görüşdə kubok yolunda bir qol vurdu.
Lakin uğursuz məqamlar dağıdıcı idi. Forlan vurduğundan daha çox qol fürsətini qaçırdı; xüsusilə də həmin “Northempton” qarşılaşmasında penaltini dəqiq yerinə yetirə bilmədi. Ferqyusonun onu əsas heyətdə başlatdığı nadir hallarda da meydanda iz buraxa bilmirdi. Apreldə “Lester”ə qarşı xüsusilə ağır təsir bağışlayan çıxışından sonra 57-ci dəqiqədə əvəzləndi və nadir görünən qəzəb partlayışı ilə birbaşa tunelə yönəlməyə çalışdı.
2004-cü ilin yanvarında Lui Sahinin “Old Trafford”a gəlişi və həmin ilin yayında Ueyn Runinin “Everton”dan transferi də onun vəziyyətini yaxşılaşdırmadı. Forlan “Yunayted”in 2004-05 mövsümündə “Çelsi” səfərində keçirdiyi ilk oyunda 17 dəqiqə oynadı. Lakin Ferqyusonun ayaqqabısının şipiklərini dəyişdirmək tələbini qulaqardına vurdu və 1:0 hesablı məğlubiyyətdə qapıçı ilə üz-üzə vəziyyətdə sürüşərək yıxıldıqdan sonra baş məşqçinin qəzəbinə tuş gəldi.
Forlan belə danışmışdı:
“Ferqyuson məndən yaş meydançaya uyğun, uzun şipikli dəyişdirilə bilən butslarla oynamağımı istədi, amma mən qısa şipiklilərlə özümü daha rahat hiss edirdim. Dəyişdirəcəyimi qəbul etdim, amma dəyişdirmədim və bir fürsəti qaçırdım. Bundan sonra butsları dəyişmək üçün tələsik paltardəyişmə otağına getdim, lakin Ferqyuson məni yaxaladı. Butsları götürüb atdı. Bu, “Yunayted” forması ilə keçirdiyim son oyun oldu”.
Qalıcı miras

“Yunayted” azarkeşləri təslim olmayan və uzun müddət ruh düşkünlüyü yaşamayan döyüşçü olduğu üçün Forlana həmişə xüsusi rəğbət bəsləyəcəklər
Forlan bir neçə gün sonra “Arzular teatrı”ndan transfer uğursuzluğu kimi ayrıldı və cüzi məbləğə – 2 milyon funt sterlinqə “Vilyarreal”a keçdi. Lakin onunla Ferqyuson arasında uzunmüddətli inciklik yaranmadı. Ferqyuson avtobioqrafiyasında Forlanın klubdakı dönəmini düşünülmüş şəkildə qiymətləndirərkən Van Nistelroydun “tək məqsədli” xarakterinin uruqvaylının əleyhinə işlədiyini etiraf etdi.
Ferqyuson belə deyirdi:
“Ruud bir nömrəli bitirici olmaq istəyirdi, onun təbiəti belə idi. Dieqo Forlan heç vaxt onun radarına düşmədi. Buna görə də ikisini birlikdə meydana buraxanda aralarında heç bir uyğunluq yox idi. Dieqo tərəfdaşla daha yaxşı oynayırdı.
Amma o, çox dəyərli qollar vurdu. Yaxşı oyunçu idi və möhtəşəm peşəkar idi”.
“Vilyarreal”da Forlan parladı, çünki əsas rol ona verilmişdi. “Yunayted”də bu rol ona açıq deyildi və karyerasının böyük hissəsində Sulşer kimi sonradan meydana çıxaraq oyunun taleyini dəyişən futbolçu olmağa da uyğun deyildi. Ferqyusonun qiymətləndirməsinin nə qədər doğru olduğu onun “Atletiko”da Serxio Aquero ilə yaratdığı ölümcül tandem və milli komandada Luis Suares və Edinson Kavani ilə qurduğu telepatik uyğunluqla da sübut edildi.
“Yunayted” azarkeşləri Forlanın ən yaxşı versiyasını görə bilmədilər, lakin yenə də onun döyüşkən ruhuna heyran qaldılar. “Yunayted”in keçmiş kapitanı Roy Kin 2023-cü ildə “Daily Mirror”un yaydığı açıqlamasında belə demişdi:
“Dieqo Forlan gələndə hər şeyin onun üçün yaxşı getmədiyini xatırlayıram. Əgər bir oyunçu çalışırdısa – Dieqo da çalışırdı – onu özümüzlə aparardıq, ona kömək etməyə çalışardıq”.
Bəli, o, Skauzerləri ağlatdı, amma Forlanın inanılmaz əzmkarlığı onun “Old Trafford”un sevimlisinə çevrilməsini möhkəmləndirdi. O, həmişə forma üçün hər şeyini verdi və bu, Ferqyusondan sonrakı dövrdə klubun xüsusilə çatışmazlığını hiss etdiyi xarakter idi. Futbolda romantizm rəqəmlərlə deyil, fədakarlıqla ölçülməlidir və Forlanın fədakarlığı misilsiz idi.
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo.az
Şərhlər