
Dünyanın ən varlı şəxslərindən biri olan amerikalı milyarder Maykl Dellin İngiltərənin “Everton” klubunu satın almaq niyyətində olduğu barədə yayılan məlumatlar təkzib edilib. “Dell Technologies” şirkətinin rəhbəri sosial şəbəkədə cəmi altı sözdən ibarət cavabla bu iddialara münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Həftəsonu yayılan xəbərlərdə sərvəti təxminən 183 milyard funt sterlinq qiymətləndirilən Maykl Dellin ailəsi ilə birlikdə “Everton”u hazırkı sahibi “The Friedkin Group”dan almağı nəzərdən keçirdiyi iddia olunurdu.
Lakin milyarder oktyabrın 28-də sosial şəbəkədə yayılan xəbərlərə gülüş emojisi ilə cavab verərək, “Bu hekayələri kim uydurur?” yazıb. Bununla da klubun satın alınması ilə bağlı iddiaları təkzib edib.
“Everton”un mümkün satışa çıxarılması ilə bağlı müzakirələr “The Friedkin Group”un klubdakı nəzarət səhm paketini satmağa maraqlı olduğu barədə məlumatlardan sonra gündəmə gəlib. Bildirilir ki, qrup hazırda ciddi investorlarla danışıqlar aparır və klubun uzunmüddətli, qeyri-müəyyən satış prosesinə cəlb olunmasını istəmir.
Mersisayd təmsilçisinin azarkeşləri isə rəhbərliyi transfer siyasətinə görə tənqid edirlər. Bir neçə əsas futbolçunun satışından əldə olunan vəsaitin yenidən heyətə yatırılmaması narazılıq yaradıb. Baş məşqçi Devid Moyesin də heyətdə ciddi çatışmazlıqlarla üzləşdiyi bildirilir.
Klubu almaq üçün adı hallanan digər şəxslər arasında “Nyukasl”ın keçmiş ortaq sahiblərindən Amanda Stavelinin də olduğu qeyd edilir. O, daha əvvəl “Tottenhem”i almaq üçün təklif irəli sürüb, son vaxtlar isə “Vest Hem”də pay əldə etməklə əlaqələndirilib.
Qeyd edək ki, Maykl Dell “Forbes”in milyarderlər siyahısında dünyanın ən varlı dördüncü şəxsi kimi göstərilir. Onun sərvətinin 182,67 milyard funt sterlinq olduğu bildirilir. Siyahıda ondan öndə Larri Peyc, Ceff Bezos və İlon Mask yer alır.
Aydın