
Macarıstanda alimlər süni intellektin köməyi ilə Tisa çayının təxminən 200 il əvvəlki görünüşünü bərpa ediblər. Araşdırma nəticəsində məlum olub ki, XIX əsrdə aparılan genişmiqyaslı çay tənzimləmə və bataqlıqların qurudulması işləri bölgənin təbii landşaftını köklü şəkildə dəyişdirib. Həmin dövrdə 1211 kilometr uzunluğunda olan Tisa çayı indi 758 kilometrə qədər qısalıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın Lorand Eötvöş Universitetinin (ELTE) araşdırmasında deyilir.
Alimlər Böyük Macarıstan düzənliyinin keçmiş mənzərəsini canlandırmaq üçün tarixi xəritələrdən, müasir fotoşəkillərdən və dron görüntülərindən istifadə ediblər. Süni intellektə təqdim olunan məlumatlar arasında bitki örtüyü ilə bağlı köhnə qeydlər, tozcuq analizləri, kömür tədqiqatları və digər paleontoloji nümunələr də yer alıb. Bu üsul vasitəsilə ərazinin keçmiş relyefini və təbii xüsusiyyətlərini daha dəqiq əks etdirən görüntülər hazırlanıb.
Araşdırmaya görə, təxminən iki əsr əvvəl Tisa çoxsaylı döngələri, qolları və qolları boyunca uzanan bataqlıqları ilə seçilirdi. Çayın ətrafındakı ərazilərdə tez-tez daşqınlar baş verir, geniş sahələr meşələr, çəmənliklər və su-bataqlıq zonaları ilə örtülürdü.
XIX əsrdə Habsburq monarxiyası dövründə kənd təsərrüfatı üçün yeni torpaqlar əldə etmək məqsədilə çayın məcrasının dəyişdirilməsinə başlanılıb. Tisanın döngələri düzləndirilib, daşqın zonaları qurudulub və əvvəllər su altında qalan 35-40 min kvadratkilometr ərazinin təsərrüfat dövriyyəsinə cəlb edilməsi hədəflənib.
Nəticədə təkcə çayın uzunluğu deyil, bütövlükdə bölgənin ekosistemi də dəyişib. Məsələn, Böyük Macarıstan düzənliyində meşələrin payı əvvəllər 37 faiz olduğu halda, hazırda 1 faizdən də aşağı düşüb. Çəmənliklərin və bataqlıqların ərazisi isə 44 faizdən 3-6 faizə qədər azalıb.
Dəyişikliklər digər çaylara da təsir edib. Belə ki, Kereş çayının və onun qollarının ümumi uzunluğu 1041 kilometrdən 462 kilometrə qədər azalıb.
Tədqiqatçılar hesab edirlər ki, bu metod yalnız keçmiş landşaftların bərpası üçün deyil, həm də bataqlıqların yenidən yaradılması və quraqlığın təbii mühitə təsirlərinin proqnozlaşdırılması baxımından əhəmiyyətlidir. Alimlərin fikrincə, süni intellektlə tarixi məlumatların birləşdirilməsi insanların təbiətə müdaxiləsinin uzunmüddətli nəticələrini daha aydın anlamağa imkan verir.
Aydın