Xəbər lenti

25 minlik dələduzluğa görə həbs edildi - Ali Məhkəməyə üz tutdu, şikayəti təmin olunmadı
Ölkə20:00 11.11.2026

25 minlik dələduzluğa görə həbs edildi - Ali Məhkəməyə üz tutdu, şikayəti təmin olunmadı

0:00 / 0:00
Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Balakən rayonunda dələduzluq və qanunsuz silah saxlama ilə bağlı cinayət işi üzrə məhkum edilən şəxsin cəzasını mübahisələndirmək cəhdi nəticəsiz qalıb.

Qaynarinfo xəbər verir ki, Ali Məhkəmənin Cinayət Kollegiyası məhkumun kassasiya şikayətinə baxaraq onu təmin etməyib və əvvəlki məhkəmə qərarlarını qüvvədə saxlayıb.

İş materiallarına görə, şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluğun təkrar törədilməsi), 178.2.4-cü (dələduzluq nəticəsində xeyli miqdarda ziyan vurulması) və 228.1-ci (qanunsuz odlu silah və döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirli bilinib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə ona dələduzluq əməllərinə görə 3 il 3 ay, qanunsuz silah saxlama ilə bağlı cinayətə görə isə 1 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cəzalar qismən toplanaraq yekun həbs müddəti 4 il 3 ay müəyyənləşdirilib.

Bundan əlavə, məhkumun zərərçəkmiş şəxsə 25 min 390 manat, dövlət rüsumu kimi isə 166 manat 17 qəpik ödəməsi barədə qərar qəbul olunub.

Məhkum daha sonra hökmə etiraz etmək qərarına gəlsə də, qanunla müəyyən edilmiş müddəti ötürüb. O, apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasını istəyib. Lakin Balakən Rayon Məhkəməsi bu vəsatəti təmin etməyib. Şəki Apellyasiya Məhkəməsi də qərarı dəyişdirmədən saxlayıb.

Məhkum kassasiya şikayətində gecikməsinin səbəbini atasının vəfat etməsi, keçirdiyi mənəvi sarsıntı və səhhətində yaranan problemlərlə izah edib. O, cəza çəkdiyi müddətdə intizam qaydalarına əməl etdiyini və törətdiyi əməldən peşman olduğunu da bildirib.

Ancaq Ali Məhkəmə bu arqumentləri əsaslı hesab etməyib. Məhkəmə müəyyən edib ki, hökm elan edilərkən məhkuma apellyasiya şikayəti vermək hüququ və bunun üçün nəzərdə tutulan müddət izah olunub. O, həmçinin məhkəmə prosesində vəkillə təmin edilib.

Qərarda göstərilir ki, hökmün surəti məhkuma təqdim edilib və o, həmin vaxtdan 3 ay 7 gün sonra prosessual müddətin bərpası üçün müraciət edib. Halbuki qanunvericiliyə əsasən, məhkum hökm elan edildikdən sonra 20 gün ərzində apellyasiya şikayəti verə bilər. Həbsdə olan şəxslər üçün bu müddət hökmün surətinin təqdim edildiyi gündən hesablanır.

Məhkəmə həmçinin vurğulayıb ki, gecikməyə səbəb kimi göstərilən səhhət problemlərini təsdiqləyən hər hansı sübut təqdim edilməyib. İş materiallarında məhkumun vaxtında şikayət verməsinə mane olan digər üzrlü səbəblər də müəyyən edilməyib.

Nəticədə Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya şikayətini təmin etməyib. Beləliklə, əvvəlki məhkəmə qərarları qüvvədə saxlanılıb və məhkumun apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası tələbi rədd edilib.

Seyid