Xəbər lenti

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu
Ölkə18:39 16.11.2026

Sumqayıtda evlərə qənim kəsilən şəxsə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt və Siyəzəndə dörd evdən pul, zinət əşyaları və müxtəlif məişət əşyaları oğurlamaqda ittiham olunan şəxsin məhkəmə prosesi başa çatıb.

Sumqayıt Şəhər Məhkəməsində müəyyən edilib ki, əvvəllər də oğurluğa görə məhkum olunmuş müttəhim 2025 və 2026-cı illərdə fərdi yaşayış evlərinə qanunsuz daxil olaraq nağd pul, qızıl və gümüş zinət əşyaları, geyim, məişət əşyaları, mis kabel, samovar və mobil telefon oğurlayıb. Zərərçəkənlərə ümumilikdə 4 155 manat maddi ziyan vurulub.

İş materiallarına əsasən, polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərindən 0,908 qram metamfetamin də aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs məhkəmədə oğurluq etdiyini etiraf etsə də, ittihamla tam razılaşmayıb. O, evlərdən götürüldüyü bildirilən pul və əşyaların bir hissəsini oğurlamadığını deyib. Sonuncu epizod üzrə isə yalnız samovar və mobil telefon apardığını, qızıl-zinət əşyalarını götürmədiyini bildirib.

Araşdırma zamanı onun samovarı 80 manata, mobil telefonu isə 10 manata satdığı müəyyənləşib. Hər iki əşya sonradan alıcılardan götürülərək sahibinə qaytarılıb.

Müttəhim psixotrop maddə ilə bağlı ittihamı qəbul etməyib.

Müdafiə tərəfinin vəsatəti əsasında mobil telefonların anten məlumatları əldə olunub. Məhkəmə həmin məlumatların onun dediklərini təsdiqləmədiyi, araşdırılmış sübutların isə ittihamı təsdiqlədiyi qənaətinə gəlib.

Proses zamanı iki zərərçəkənə dəymiş ziyanın tam, digər iki nəfərə vurulmuş ziyanın isə qismən ödənildiyi məlum olub. Zərəri tam qarşılanan şəxslərdən biri müttəhimlə barışsa da, digəri şikayətçi qaldığını bildirib. Qismən ödəniş edilmiş zərərçəkənlərdən biri də şikayətinin olmadığını qeyd edib.

Məhkəmə şəxsi Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma) maddələri ilə təqsirli bilib.

Ona 177.2.2 və 177.2.3-cü maddələri ilə 2 il 6 ay, 234.1-ci maddə ilə isə 1 il 9 ay həbs cəzası təyin olunub. Cəzalar qismən toplanaraq 3 il 3 ay müəyyən edilib. Əvvəllər həbsdə saxlanıldığı 6 ay bu müddətdən çıxılmaqla, üzərində qəti olaraq 2 il 9 ay azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid