
Hollivudun tanınmış aktrisalarından Qlen Klouz uzun illər gözlədiyi Akademiya mükafatına nəhayət qovuşub. O, 42 illik kino karyerası ərzində səkkiz dəfə Oskara namizəd göstərilsə də, əsas mükafatı qazana bilməyib. 79 yaşlı aktrisa bu dəfə fəxri Oskarla təltif olunarkən göz yaşlarını saxlaya bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Mükafat aktrisaya Hollivudda yerləşən “Dolby Theatre”də keçirilən 17-ci “Governors Awards” mərasimində təqdim olunub. Səhnəyə onu təqdim edən dostu və “Təhlükəli əlaqələr” (“Dangerous Liaisons”) filmindəki tərəfdaşı Con Malkoviçlə birlikdə çıxıb.

Malkoviç çıxışında Klouzu öz nəslinin ən istedadlı aktrisalarından biri adlandırıb. O bildirib ki, aktrisa həm böyük, həm də kiçik rolların öhdəsindən məharətlə gəlir, fərqli obrazları canlandırmaqdan çəkinmir və hər layihədə bütün potensialını ortaya qoyur.
Aktrisa mükafatı qəbul edərkən bildirib ki, karyerası ərzində Oskar qazanıb-qazanmayacağı ilə bağlı heç vaxt ciddi narahatlıq keçirməyib. Bununla belə, bəzi illərdə qalib gəlmək şansının olduğunu düşünüb.
Klouz çıxışında əsas şərəfin hər dəfə bu mükafat uğrunda mübarizə aparan və kino sənayesinin bir parçası olan insanlarla eyni məkanda olmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, yaradıcılığına ilham verən, ona yeni çağırışlar edən və daha yaxşı aktrisa olmağa təşviq edən insanlarla bir arada olmaq özü böyük mükafatdır.

Mərasimdə aktrisanı qızı, aktrisa Enni Stark da müşayiət edib. Klouz fəxri mükafatı qızına həsr edib.
Qeyd edək ki, Qlen Klouz ilk dəfə 1982-ci ildə “Garp dünyası” (“The World According to Garp”) filminə görə “Ən yaxşı ikinci plan qadın aktrisa” nominasiyasında Oskara namizəd göstərilib. Daha sonra “The Big Chill” və “The Natural” filmlərindəki rolları ilə də bu nominasiyada yarışıb.

O, “Fatal Attraction”, “Dangerous Liaisons” və “Albert Nobbs” filmlərindəki çıxışlarına görə isə üç dəfə “Ən yaxşı qadın aktrisa” nominasiyasında Oskara namizəd olub. Bununla da aktrisanın rəqabətli Oskar nominasiyalarının sayı səkkizə çatıb.
Fəxri Oskar isə onun uzun illər ərzində kino sənətinə verdiyi töhfələrin və zəngin yaradıcılıq yolunun qiymətləndirilməsi kimi təqdim olunub.
Aydın