
Turizm sahəsində ixtisaslaşmış “Fodor's” nəşri 2027-ci ildə səyahət üçün o qədər də əlverişli hesab edilməyən səkkiz məşhur istiqamətin siyahısını açıqlayıb. Siyahıya Albaniya Rivyerası, İtaliyanın Amalfi sahilləri, Bali və Yaponiyanın Kioto şəhəri də daxil edilib.
Qaynarinfo xəbər verir ki, “Fodor’s No List 2027” adlanan siyahı həddindən artıq turist axınının yerli əhaliyə, infrastruktura və təbiətə mənfi təsir göstərdiyi məkanları əhatə edir.
Nəşrin ekspertləri bildirirlər ki, turistlərin çoxluğu bəzi ərazilərdə ekosistemin imkanlarını aşır, mənzil qiymətlərini artırır, qısamüddətli kirayə evlər yerli sakinləri yaşadıqları məhəllələrdən sıxışdırır. Tarixi məkanların isə getdikcə suvenir mağazaları və turistik obyektlərlə dolması onların əvvəlki simasını dəyişir.
2027-ci ildə getmək tövsiyə edilməyən 8 məkan:
1. Albaniya Rivyerası – Turist axınının artması sahilboyu ərazilərdə yeni hotellərin və mənzillərin sürətlə tikilməsinə səbəb olur. Bu obyektlərin bir qismi qışda və turizm mövsümündən kənar dövrlərdə boş qalır.
2. Amalfi sahilləri (İtaliya) – Salerno şəhərində yeni hava limanının açılması bölgəyə turist marağını daha da artırıb. Xüsusilə yay mövsümündə ərazi artan ziyarətçi sayının öhdəsindən gəlməkdə çətinlik çəkir.
3. Bali (İndoneziya) – Adanın əsas problemlərindən biri turistlərin yaratdığı tullantıların idarə olunmasıdır. Mövcud infrastruktur artan zibil həcmini qarşılamaqda çətinlik çəkir.
4. Korsika (Fransa) – Aralıq dənizində yerləşən adada ərzaq və digər məhsulların təchizatı ilə bağlı problemlər var. Bu səbəbdən bölgə həddindən artıq turist qəbul etmək imkanına malik deyil.
5. Edinburq (Şotlandiya) – Şəhərin nəqliyyat infrastrukturu turist sıxlığının öhdəsindən gəlməkdə çətinlik çəkir. Qısamüddətli kirayə mənzillərin çoxalması isə yerli sakinlərin yaşayış imkanlarını məhdudlaşdırır.
6. Kioto (Yaponiya) – Turistlərin həddindən artıq çoxalması səbəbindən şəhərin bəzi ərazilərinə giriş məhdudlaşdırılıb. Hətta geyşaların yaşadığı tarixi məhəllələrdə də ziyarətçilərlə bağlı məhdudiyyətlər tətbiq olunur.
7. Nqoronqoro (Tanzaniya) – Serengeti savannasının yaxınlığında yerləşən nəhəng krateri hər il bir milyondan çox turist ziyarət edir. Bu vəziyyət yerli masai icmasının həyatına və bölgənin ekosisteminə mənfi təsir göstərir.
8. Sedona (ABŞ) – Arizona ştatında yerləşən, təxminən 10 min nəfər əhalisi olan şəhərə hər il 3 milyona yaxın turist gəlir. Bu qədər böyük axın mənzil və digər xidmətlərin qiymətini artıraraq yerli sakinlərə təsir edir.
Ekspertlər vurğulayırlar ki, bu siyahıya daxil edilən məkanlar səyahət üçün yararsız hesab olunmur. Məqsəd həmin əraziləri boykot etmək deyil, turistləri daha məsuliyyətli seçim etməyə çağırmaqdır.
Onların fikrincə, səyahətçilər yerli sahibkarlara məxsus hotelləri seçə, kiçik biznesləri dəstəkləyə və ən sıx turistik ərazilərdən kənarda yerləşən məkanlara üstünlük verə bilərlər.
Aydın