
Məşhur model bacılar Cici və Bella Hadidin atası, 78 yaşlı daşınmaz əmlak maqnatı Mohamed Hadid üçüncü dəfə ailə qurmağa hazırlaşır. O, özündən 35 yaş kiçik rus əsilli boşanma məsləhətçisi Keni Silva ilə nişanlandığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Mohamed Hadid və 43 yaşlı Keni Silva 2022-ci ildən münasibətdədirlər. Silva həm “Real Housewives of Orange County” realiti-şousunun iştirakçısı, həm də yazıçı və boşanma üzrə məsləhətçidir.
Cütlük nişan xəbərlərini ötən həftə Dubayda keçirilən “Vogue Arabia” tədbirində açıqlayıb.
Keni Silva münasibətləri ilə bağlı açıqlamasında sevginin yaşının və son istifadə tarixinin olmadığını bildirib:
“İnsan yenidən başlaya, sevgini təkrar tapa bilər. Öz nağılınızı yaradaraq ömür boyu xoşbəxt yaşamaq hələ də mümkündür”.
Məlumata görə, Silva Mohamed Hadiddən əvvəl özündən 30 yaş böyük, adı açıqlanmayan şəxslə evli olub. Həmin nikahdan 18 və 14 yaşlarında iki övladı var.
Mohamed Hadid isə daha əvvəl iki dəfə ailə qurub. İlk həyat yoldaşı Meri Batlerlə nikahından üç qızı dünyaya gəlib. Daha sonra Niderland əsilli model Yolanda Hadidlə evlənən maqnatın bu münasibətdən Cici və Bella ilə yanaşı, Anvar adlı oğlu da var.
Bundan başqa, Hadidin qısa müddətli münasibətindən Aydan Niks adlı daha bir qızının olduğu da sonradan məlum olub. Keni Silva ilə nikah baş tutarsa, bu, 78 yaşlı maqnatın üçüncü evliliyi olacaq.
Aydın